ABŞ-ın Türkiyədəki səfirliyi Türkiyə vətəndaşları üçün viza xidmətlərinin bərpa edilməsi ilə bağlı açıqlama yayıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, ABŞ səfirliyinin yaydığı açıqlamada bildirilir ki, Türkiyə vətəndaşlarına viza xidmətləri yenidən başlanacaq.
Açıqlamada Türkiyə hökuməti tərəfindən ABŞ-a müəyyən təminatlar veridiyi qeyd edilib:
“Oktyabr ayından indiyə qədər Türkiyə hökuməti Türkiyədəki missiyalarımızdakı əməkdaşlarla bağlı bir istintaq aparılmadığını, səfirlik və konsulluqlardakı yerli əməkdaşlarımızın rəsmi vəzifələrini yerinə yetirdikləri zaman saxlanılmayacağı və həbs edilməyəcəyinə dair yüksək səviyyədə verdiyi təminata sadiq qalıb.
Eyni zamanda, gələcəkdə Türkiyə hökuməti yerli əməkdaşlarımızdan hər hansı birini saxlamaq və ya həbs etmək istədikdə Türkiyə rəsmilərinin öncədən ABŞ hökumətini məlumatlandıracaqları da qeyd edilib. Bu qarantiyalara sadiq qalınması ilə əlaqədar ABŞ Dövlət Departamenti təhlükəsizlik durumunun Türkiyədə viza xidmətlərinin yenidən başladılmasına yetəcək səviyyədə olduğuna inanmaqdadır. Bununla yanaşı, Türkiyədə həbs olunmuş əməkdaşlarımızla bağlı iddialardan ciddi narahatlıqlarımız davam etməkdədir. Eyni şəkildə, fövqəladə vəziyyət rejimində ABŞ vətəndaşları ilə bağlı məhkəmə prosesləri ilə əlaqədar qayğılarımız da qalmaqdadır. ABŞ rəsmiləri bu məhkəmə proseslərinin müsbət formada həllini tapması üçün türkiyəli rəsmilərlə müzakirələri davam etidirəcək”.