|
|
|
|
TÜRKƏÇARƏ
Milləti hansı xəstəlik tutub, deyə bilmərəm. Əksəriyyəti axsayır. Biri deyir, ayaqlarım pəncədən, o biri deyir ki, baldır hissədən ağrayır, digəri isə deyir ki, topuqlarımda, barmaqlarımda islahat yoxdur.
Xülasə, bir də görürsən ki, Qədir müəllim qabaqda, dalıycan Akif bəy, xeyli arxada bir başqası axsaya-axsaya gəlir. Deyirəm: - Qədir müəllim, səhhəti-vücud?. Cavab verir ki, vücudun bibəla. Xoş-beşdən sonra deyir ki, artıq yeriyə bilmirəm. Ancaq çarəsini tapmışam. Sordum ki, nədir? Belə izah etdi: "Balı qatırsan qaraçörəkotu yağına, sürtürsən ağrayan yerə, keçib gedir. Deyirəm ki, ağıllı ol, qonşum İran masaj kremini, "Avarikon" kremini sürtür faydası yoxdur. Nə oldu, sənin türkəçarən faydalı oldu. Söylədi ki, balın gücün sən bilmirsən. Keçən həftə Ağa müəllim şprislə balı yeridib ışıq sayğacına, sayğac da düşüb gücə. Az pul yazıb. Gəlib tutublar və üç yüz manat cərimələyiblər kişini.
Dedim ki, təzə türkçarələr var?
O da dedi ki, var! Başladı sadalamağa:
- Göy ot yeyən dananın təzə peyinini ilə sifəti təmizləyəndə bütün ləkələr gedir; Dəvə qığını balla yemək mədəni təmizləyir; Eşşək südü ilə qar-qara etmək dişləri möhkəmləndirir, hətta qəbul etdikdə ana südünü əvəz edir; Balı şüyüdlə bişirib qotur yerlərə sürtərlərsə, qoturu aparır; Ağ turpu dörd ay yeyənin daz başı tük gətirir. Bu şərtlə ki, tüksüz yerlərə it quyruğu sürtəsən...
Xahiş etdim ki, bunları Ağa müəllimə deməsin, yenə bir əngəl çıxaracaq. Dedi ki, artıq Elxan bəyə demişəm bir başqasını:
- Vəzəri toxumunu ilıq yumurta ilə qarışdırıb yemək, insan əzalarından hər hansı birini böyüdür.
Elxan bəy də bunu eşidən kinni o gedəndir. Hələ də gözə dəymir!
Sağol olsun kənd camaatımız! Dədə babadan qalma türkəçarəçiliyi tapıb dirçəldiblər. İndi qoy aptekdəkilər qalsın yana-yana.
AĞLIM ÇAŞIB
Mənim ağlım lap çaşıb. Hamı başını salıb aşağı "öz işilə" məşğuldur, piyaniskəlik edən piyaniskəliyindədir, namaz qılanlar namazını qılır, porsuq, donuz ovlayanlar ov edir, mal-qara, qoyun-keçi saxlayanlar heyvanın gənəsini təmizləyir və ora-burasını yağlayır, müxtəsər ki, hərə başın aşağı salıb lal-dinməz, sakit və samit öz işlərindədir, amma mən başıbəlalı, mən bədbəxt, lap dəli-divanə olmuşam, Allahın nəzərindən düşmüşəm.
Mənasız, cəfəng, damdandüşmə söz qalmadı ki, məndən çıxmamış olsun. İndi də belə bir söz fikrimə gəlib. Amma mən ölüm, hay-küy salmayın, qoyun sözümü deyim qurtarım, siz də oxuyun, oxuyandan sonra bir az da fikirləşin, yenə fikirləşin, axırda da hər nə cavabınız olsa, deyin.
Babalarınızı demirəm, atalarınızı görmüsünüz əksəriyyətiniz. Onlar da Sizin kimi idi?! Hələ Şura hökuməti dövründə kənarçının mal-qarası, atı- eşşəyi, bir tulası da kəndin cəspərindən bu yana keçə bilmirdi. Gözlərinə döndüklərim dəryaz, lapatka, yaba ilə mal-heyvanı, it-pişiyi çoban qarışıq Dübrar dağına kimi qovardılar. Adlarını çəkmirəm, dünyaların dəyişiblər. Ancaq ətraf kəndlərin camaatı o vaxt da, elə indi də bir hektar pay torpağını və örüş yerini köçərilərə və "arxalı nökərlərə" verməyiblər. Sizə nə olub? Məgər ölürsüz acından? Çuxurazəmili, Qızıl-qazmalı, Qərbilikli, Zaratlı qədər də yoxsunuz? Torpaqlarınızı, bu örüş yerlərini niyə özgələrə bir qarın çörəyə otardırsınız? Ara kəndlərin xəstə heyvanatın yığıb gətirirsıniz buralara. Qarışmısınız bir-birinizə! Ay yazıqlar, belə getsə, sizdən sonrakılar torpaq qarışıq o gözəl "imarətləriniz'lə birlikdə iki tuluq çaxıra, olsa-olsa əlavə bir keçiyə satacaqlar ona-buna və böyük bir "tarix" qoyub gedəcəksiniz. Gələcək nəvə-nəticələrinizdən gəlib dədə-baba mülkü axtaran olmayacaqdır! Əyər düz demirəmsə, onda sözünüzü deyin!
Nə deyəcəksiniz? Kimə deyəcəksiniz? Heç evdən bayıra çıxırsınız ki? Noyabr ayının onundan Çuxurəzəmililər Əlifşah yatağından başlayıb üzü yuxarı yol çəkir. Gəlin o domba gözlərinizi açıb baxın.
Yol düz Novruz kişinin evinin yanından keçir Qızıl-qazmaya və Çuxurazəmiyə. Gülaxlı Novruz kişinin evinin yanından Zöhrabkəndli Hacağa kişinin evinədək olan məsafə nəmənə şeydir ki, düz beş gündür görünmürsünüz? Beş-on manat para yığıb o yolu düzəldə bilməzsiniz? Bir-ikisi mal növbəsini, o birisi alış-verişini, digərləri qarınağrısını, qulaqağrısını (qalanları heç dilə gətiriləsi deyil) bəhanə edərək bir yerə toplaşa bilmirlər. Bilməyəcəklər də! Gözləyirlər ki, traktor qayıtsın Şabrana, onlar da evdən çıxsınlar bayıra, birağızdan desinlər ki, pah atonnan yer, cibimizdə pulumuz ola-ola xəbərimiz olmayıb!
Mən ölüm mən deyəndi, yoxsa yox?! Həmkəndlilərim yolumuz dağılanda demişdilər ki, belə ölü olduq ki, adama bir eşşək alıb iş- gücümüzü görə bilmədik?! Mən də sevindim ki, alarlar, görərik. Onu da ala bilmədilər.
İSMİXAN



