1980-ci illərdə görkəmli şair Əliağa Kürçaylının daşla bağlı silsilə şeirlərini oxumuşdum. O dövr üçün həmin şeirlər ədəbi tənqidin diqqətindən yayınmadı və uzun müddət daşlara bağlı düşüncəni müasir ədəbi prosesə çevirə bildi.
Şair Adil Həsənoğlu iki ay öncə mənə "Daşlaşmış haray" poemasını oxumaq üçün verdi və poemanı oxuyandan sonra yenidən həmin illərə qayıtdım. Qənaətim hamının bildiyi bir fikrin üzərində cəmləşdi. Hər şeirin üzərində yazıldığı zamanın möhürü vurulur. İstər Əliağa Kürçaylının, istərsə də Adil Həsənoğlunun yazdığı daşla bağlı şeirlərdə dövrün, zamanın təsdiqi mətnin orijinallığnı önə çıxarır.
Əli Kərimin "Daş" şeirindən tutmuş (Məmməd Arazın daşla bağlı şeirləri, Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz", Ramiz Rövşənin "Göy üzü daş saxlamaz" şeiri daxil olmaqla), bu günün gənc şairinin yazdığı "Daş" şeirinə qədər nəyimiz var, hamısında dövrün ictimai siyasi hadisələri iştirak edir, daş obrazı yaşadığımız zamanın abı-havasını, ədəbi-bədii, ictimai-siyasi iqlimini şərtləndirir.
Adil Həsənoğlu "Daş harayı" poemasına maraqlı bir quruluş verib. Şübhəsiz ki, hər bir şair yazdığı şeirin rejissorudur və dostum Adil də bu məsələni ustalıqla həll eləyib.
Poema 9 hissədən ibarətdir: proloq, Şuşa (Brilyant), Laçın (Süleyman daşı), Kəlbəcər (Mirvarı), Ağdam (Zümrüd), Füzuli (Sapfır), Qubadlı (Rubin), Zəngilən (Topaz) və epiloq hissələri ayrı-ayrılıqda müharibənin cəmiyyətə, bütövlükdə insan mənəviyyatına, vurduğu zərbənin nəticələrini ifadə etsə də, bu faciənin baş cümləsi daş, budaq cümlələri isə işğal edilmiş rayonlarımızdır.
Poemanın proloq hissəsi müəyyən ədəbi- bədii təcrübənin, müşahidənin məhsulu kimi dəqiq faktlara əsaslanır və bu faktların üzərində cəmləşən orijinal fikirlər aydın, səlis təhkiyyə üsulu ilə ifadə olunur. Misralar dolu sünbül kimidir. Bəndlər bütövdür, samballıdır. Misranın bədii yükü yetərincədir. Fikir verək:
Gülləyə tuş gələni var,
Köksü çoxdan yaralıdı.
Yeri, yurdu olur daşın,
Bilməlisən haralıdı.
Daş var, göydən yerə yağıb,
Zülm ərşə dayananda.
Daş var, yerdən atılıb,
Göyə inam azalanda.
Daş haqqında məlum informasiylar daha dərin qatlara enir. İnam azalanda daşların göyə atılmağı, üsyançıların son silahı, köksünün yaralı olmağı və digər sıralanan əlamət və keyfiyyətlər imkan verir ki, ardını sən özün söyləyəsən. Mətnin gücü odur ki, müəllif sənə bu imkanı verir. Və sən mətndən sonra yeni abzas başlaya bilirsən. Başlayan anda qarşına çıxan bu misra səni çox düşündürür.
Daş var - hələ doğulmayıb.
Doğurdanmı, belədir? Deyək ki, sinəmizə nə vaxtsa qoyulacaq daş hardasa var. Amma biz onu tanımırıq. Bir dəfə dərin və iti axan çayın yatağında bir daş gördüm, ağlımdan keçdi ki, o mənim sinə daşım ola bilər. Amma nə vaxt və harda? Demək, hələlik sinə daşım deyilsə, o daş doğulmayıb. Başqa bir şəkildə mövcuddur, amma əsas missiyanı yerinə yetirməyib. Yuxarıdakı misra imkan verir ki, deyim: hələ dünya və kainat yaranmaqda davam edir. Bir cism ayrı-ayrı formalarda bir neçə dəfə yaranır. Bu, kainatın dialektikasıdır.
Sarsılmayan əbədiyyət,
Yuxulara dalıb burda.
Bəd dualar, xoş niyyətlər,
Daşlaşıban qalıb burda.
Səma altda, daş müzeydə,
Bir ulu millət yaşıyır.
Sevgi dilin bilir daşlar,
Burda ilk heyrət yaşıyır.
Doğrudur, daş heyrətin ilk şahididir. Harda iri və kiçik daş görmüşəmsə, ilk dəfə qışqıran heyrətim olub.
Poemada daşlar haqqında müxtəlif ədəbi - bədii cizgilər verilir. Əsas məsələ o cizgilərin sənin yadına deyilməyənləri və yazılmayanları yada salmasıdır. Bax, burda mətn başlanır.
Burda nəfəslər dayanır,
Gəlir bircə daşın səsi.
Daşlara burda verilir,
Vətəndaşlıq vəsiqəsi...
O, daşın hər tilişkəsi,
İlişibdi yaddaşıma .
O, daş yuxumdan sallanır,
O, daş dönüb baş daşıma.
Poemanın süjeti şairin anasının qəbirüstü daşından başlayır. Əsas başlanğıc bu küləkmi, qasırğamı ananın adı, soyadı yazılmış daşı yerə salır. Şair həmin daşı evə gətirir ki, ustaya düzəltdirsin. Daş düzələnəcən Qarabağ müharibəsi başlayır. Ermənilər dədə - baba torpaqlarımızı işğal edirlər. Ananın qəbri adsız - ünvansız düşmən tərəfdə qalır. Ad, soyad yazılmış başdaşı isə bizim tərəfdə, şairin evində. Çox qəribə bir paradoksdur. Şair deyir ki, qorxuram anamın qəbrini tapa bilməyəm. Əlbəttə, bu, sözgəlişi deyilir. Vətən torpağında ana qəbri itə bilməz. Ə.Vahid demiş ananın da ünvanı elə vətəndir. Sonra gözəl bədii bir ümumiləşdirmə: mən anamın məzarını itirdim, Xocalıda nə qədər analar şəhid oldu.
Əsas məsələ evdə qalan adı, soyadı yazılmış ananın başdaşıdır. Demək, həmin daş ruh, həyat, müharibə, psixologizm, ədəbiyyat, mənəviyyat və əxlaqdır. Ananın adı, soyadı yazılmış o daş nə vaxt o məzarın üstə qoyulacaqsa, onda birdəfəlik müharibə bitəcəkdir. Faciə daşların ayrılması və aralarındakı əlaqələrin itməsidir.
Yeddi ədəd zərim itib,
Yeddi dağın ətəyində.
Yeddi qara ilan yatır,
Yeddi arı pətəyimdə.
Yeddi olsaq əzilməzdik,
Yağı düşmən qabağında.
Bizi tək-tək qopardılar,
Bir ağacın budağından.
Şair poemada təkcə qəbirüstüdaşdan yox (bu daş başlanğıcdır), başqa daşlardan da bəhs edir . Artıq bu daşlar dünya üçün gözəllik, sağlamlıq və mənəviyyat simvoludur. Şair Brilyant, Süleyman, Mirvari, Zümrüd, Almaz, Sapfır, Rubin və Topaz daşlarını məntiqi şəkildə işğal olunmuş rayonlarımızın adı ilə bağlayır. Məsələn Şuşa - Brilyant, Laçın - Süleyman daşı, Kəlbəcər - Mirvari, Ağdam - Zümrüd, Cəbrayıl - Almaz, Füzuli- Sapfır, Qubadlı - Rubin və Zəngilan - Topaz daşları ilə səciyyələnir. Maraqlıdır ki, işğal olunmuş bölgələrinin ruhunda həmin daşların siqləti, bir-biri ilə əlaqəsi, dünyasını dəyişmiş insanlarla və bu gün səngərlərdə keşik çəkən əsgərlərimizlə dərin bir anlaşması var. Daşların xarakteri həmin bölgələrin əhvalına üyğundur. Necə ki, böyük Füzuli deyir: söz əhvalımcadır. Brilyant, Süleyman daşı, Mivari, Zümrüd, Almaz, Sapfır, Rubin və Topazın insanların ruhuna təsir etmək, onları xoşbəxt eləmək, qəzəbi azaltmaq, sevgini artırmaq iksiri var. Bu daşlar həmin yerlərin gilində, torpağında və daşındadır. İnsanları xəstəliklərdən, ağrı-acılardan, fəlakətlərdən xilas edən bu daşlar poemada mənəviyyata, təfəkkürə və əxlaqa çevrilir. Bu daşlar mənən ana məzarının daşı ilə əlaqələnir, gözləgörünməyən, ilahi duyğu şifrələri ilə bir-birinə informasiyalar ötürür. Poemanın fəlsəfi qatı bu informasiyalarda sərgilənir. Bu informasiya tarixlə ünsiyyətə girir, həmin bölgələrin adət-ənənələri, yer-yurd, kənd adları, toponimləri ilə, bir sözlə, ruhları ilə birləşir, yeni məcrada, yeni ilahi mətnlə özünü müasir ədəbi prosesə təqdim edir.
Qəşəm NƏcƏfzadƏ,
Şair, "Qızıl kəlmə" mükafatı laureatı