Respublikamızın ikinci şəhərində bu ilin ilk rübünün yekunlarına və qarşıdakı vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Gəncə ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi toplantıda məruzə ilə çıxış edərkən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb, dinamik makroiqtisadi göstəricilər əldə edilib: şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46 faizi respublika daxilində qalıb, 54 faizi isə Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Gürcüstan və digər ölkələrə ixrac edilib.
Hesabat məruzəsində təhsil, səhiyyə və mədəniyyətin inkişafı və bu sahələrin maddi-texniki və tədris-metodiki bazasının getdikcə müasirləşdirilməsi, eləcə də yeni avadanlıqlarla təmin olunması, mövcud obyektlərin əsaslı surətdə yenidən qurulması və təmiri, həmçinin yeni məktəb binalarının inşası daim diqqət mərkəzində saxlanıdığı vurğulanıb.
Yığıncaqda şəhər rəhbəri Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində an son tamamlanma işlərinin gedişi, Gəncə Şahmat Məktəbinin yeni binasının inventarla təminatı, Gəncə şəhər Səhiyyə İdarəsinin yeni binaya köçürülməsi məsələlərinə də toxunub, bu yöndə aidiyyatı qurum və şəxslərə tapşırıq və tövsiyələrini verib. Elmar Vəliyev bildirib ki, ölkə başçısının tapşırığına əsasən, Gəncəçayın sel axınlarından mühafizəsi ilə bağlı sağ sahildə aparılmış bəndvurma ilə yanaşı, çayın sol sahilində aparılan işlər də yekunlaşmaq üzrədir. O qeyd edib ki, aparılan yenidənqurma işləri ilə bağlı sözügedən ərazidən 130 ailə yeni mənzillərə köçürülmüşdür və iş üzrə yeni layihənin icrası nəzərə alınaraq daha 26 evin köçürülməsi prosesi 1 ay müddətinə yekunlaşdırılacaq. Şəhər rəhbəri çayın sol sahili üçün işlənilən layihənin də artıq hazır olduğunu və həmin hissədə də bulvar kompleksinin bir hissəsinin salınacağını bildirib.
Toplantıda həmin layihənin detalları da iştirakçıların diqqətinə çatdırılıb. Belə ki, bulvarda "Bayraq muzeyi", bir yaşayış binası, tələbələr üçün yataqxana, həmçinin, qapalı və açıq stadionlar inşa olunacaq.
Toplantıda şəhərin abadlaşdırılması çərçivəsində inşası nəzərdə tutulan müxtəlif təyinatlı binalar üzrə tenderin elan olunacağını da qeyd edilib. İş adamlarının təqdim edəcəyi layihələrə də xüsusi baxış keçiriləcək. Şəhərin görkəmi ilə həmahəng olan binalar üçün layihələrin icrasına icazə veriləcək.
O da qeyd olunub ki, şəhərin Nizami prospektində, Gəncəçay körpüsündən Heydər Əliyev prospektinə qədər olan ərazidə 7 ədəd Gəncə memarlığına xas olan doqquzmərtəbəli binalar inşa ediləcək, rekonstruksiya layihələrinin icrası ilə bağlı köçürülən 150-dən çox ailə əvvəlki mənzillərinin sahəsinə uyğun olaraq həmin binalarda mənzillərlə təmin ediləcək, binalardakı digər mənzillər isə açıq satışa çıxarılacaq.
Zakir Muradov
Gəncə