“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” adlı layihənin icrasına start verib.
Layihə rəhbəri, ictimai birliyin sədri Esmira Orucovanın 525.az-a verdiyi məlumata görə, layihənin məqsədi işğalçı və separatçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində girov götürülmüş və sonradan azad edilmiş mülki əhalinin - qadınların və girov götürülən zaman yetkinlik yaşına çatmamış uşaqların qarşı tərəfdə saxlanılan zaman qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onlara tətbiq edilmiş işgəncə və zorakılıqları - şəxsiyyətlərinin tapdanması, şantaj edilməsi, hədə-qorxu altında saxlanılması, alçaldılması, fiziki, mənəvi, psixoloji, seksual zorakılıqlara məruz qalması hallarını tədqiq etməkdir:
“Həmçinin həmin şəxslərin hüquqlarını müdafiə etmək məqsədi ilə əldə ediləcək materiallar əsasında hazırlanacaq sənədləri müvafiq yerli təşkilatlara və ingilis dilində beynəlxalq təşkilatlara – BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, Beynəlxalq Qızıl Xaç Komitəsinin baş ofisinə, BMT-nin İşgəncələrə qarşı Komitəsinə, Avropa Şurasına, Avropa İttifaqına, NATO-nun baş ofisinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəliyinə, Azərbaycanda akkreditə olunmuş bütün xarici ölkə səfirliklərinə göndərməkdir.
Layihənin müddəti 5 aydır. Sonda əlaqədar təşkilatların və girovluqdan azad edilmiş şəxslərin iştirakı ilə layihənin yekun təqdimatı keçiriləcək”.