Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir.
ASC-dən verilən məlumata görə, mayın 10-da Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında 1200-dən çox zeytun, şam, sərv, badam və digər ağaclar əkilib. Ötən illərdə əkilmiş ağacların mühafizəsi və onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
Məlumatda, həmçinin qeyd olunub ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına önəm verib.
"Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq "Azərsu" Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verir", - deyə ASC-dən bildirilib.
C.ABASOV