|
|
|
|
Böyükkişi
(Şəhid Böyükkişi Həsənağa oğlu Babayevin xatirəsinə)
Bir salnamə vərəqləyin,
Bir kitablıq söhbətim var;
Səbəbkarın xatirəsi
Gərək gəzsin diyar-diyar,
Qəhrəmanım-həmyerlimiz,
Unudulmaz Böyükkişi;
Dastan, nağıl mövzusudur
Böyük andı, böyük işi.
Səbəbkarın kimliyini,
Oxucular, bilin siz də:
İlk dəfə nur, işıq görüb
“Bir May” adlı küçəmizdə.
Yola salıb uşaqlığı
Bərəkətli Muğanda o;
Həlak olub məmləkətin
Qarabağın uğrunda o.
Min doqquz yüz doxsan iki...
Böyükkişi istəyib ki,
Çətin gündə, çətin anda
Silahlanıb dada yetsin-
Yağıların caynağından
Xocavəndi xilas etsin.
Vətən üçün keçib candan,
Bir ev gözü yaşlı qalıb;
Böyükkişi həmişəlik
Düz otuz beş yaşlı qalıb;
Üç tifilin, gül balanın
İgid, mətin atasıydı;
Elnarənin, Elməddinin,
Səadətin atasıydı.
...Rəbiyyədir – övladlara,
Nəvələrə həyan xanım,
Böyükkişi ocağını
Sönməyə qoymayan xanım.
Aydan-aya, ildən-ilə
Çiynində yük kişi kimi –
Qalib gəlib ehtiyaca
Şəhid Böyükkişi kimi.
...Bir salnamə vərəqləyin,
Bir kitablıq söhbətim var;
Səbəbkarın xatirəsi
Gərək gəzsin diyar-diyar.
Qəhrəmanım – Böyük Kişi,
Cavan, amma – Böyük Kişi!