|
|
|
|
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
Yer üzündə təkallahlığın, tanrıçılığın ilk böyük carçısı kimi tanınmış Nuh peyğəmbər haqqında ilkin məlumatlar qədim səmavi kitablarda öz əksini tapdığı üçün uzun əsrlər boyu dünyada Nuhun gəmisi və Dünya tufanı hadisəsinə mifologiya kimi baxılmışdır. Çox sonralar Dəclə və Fərat çayları arasında, Mesopotomiyada aparılmış arxeoloji qazıntılar əsasında əldə olunan elmi nəticələr Ümumdünya daşqını haqqındakı miflərin gerçək əsaslara malik olduğunu aşkara çıxardı.
Nəhayət, qədim Şumer dastanı olan “Bilqamıs” kitabələrinin üzə çıxarılması, mətnlərin bərpası, oxunması, bəyan edilməsi ilə Dünya tufanı və əfsanəvi gəmi ilə bağlı əhvalatların reallığı açıq şəkildə meydana qoyulmuşdur. Tufandan öncəki və sonrakı əhvalatları özündə əks etdirən “Bilqamıs” dastanındakı Uçnapiştinin Nuh peyğəmbərin proobrazı olduğunu elm qəbul etməyə başladı.
Son iki yüz ilədək olan dövrdə dünyanın müxtəlif xalqlarının alimlərinin Nuhun gəmisinin sorağı ilə Ağrıdağına olan səfərləri, buraya təşkil olunan ekspedisiyalar, aparılan müşahidələr, irəli sürülən fərziyyələr ətrafında Avrasiya elmi mühiti məkanı miqyasında gedən diskusiyalar məsələni daha da ciddiləşdirmişdir. Artıq iki əsrdən çoxdur ki, dünya alimləri Nuh peyğəmbərdən də yalnız tənqidi notlar üzərində söz açmır, bu məsələdə dini-əsatiri motiv arxa plana keçirilir, tarixi motivlər güclənir.
Son yüzillikdə Nuh peyğəmbərlə əlaqədar başqa bir məsələ də meydana çıxmışdır. Bəzi xristian xalqları, xüsusən də ermənilər Nuh peyğəmbəri özlərinin müqəddəs dini atası kimi qələmə verməyə çalışdıqları üçün, müsəlman aləmində, o cümlədən Türkiyədə və xüsusən də Azərbaycanda Dünya tufanı və əfsanəvi gəmi mövzusuna ehtiyatla yanaşılmışdır. Halbuki Nuh peyğəmbər ayrılıqda hər hansı bir xalqın deyil, Dünya tufanından sonrakı bütün xalqların babasıdır. Nuh Peyğəmbər Adəm babamızdan sonrakı ikinci sivilizasiyanın yaradıcısıdır. Ümumiyyətlə, bütün bəşəriyyət Nuh peyğəmbərin törəmələrindən artıb inkişaf etmişdir. Bununla yanaşı, Nuh peyğəmbərin varisliyi uğrundakı mübarizə xalqların qədimliyini, ilkinliyini isbat etmək istiqamətində formalaşmış bir strategiyaya çevrilmişdir. Bütün bunlara görə indiki dövrdə Nuh peyğəmbər mövzusu Azərbaycan elmi üçün də aktualdır. Xüsusən də Nuh peyğəmbər və Dünya tufanı ilə bağlı mifologiyanın, toponimikanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda geniş yayılması, ulu peyğəmbərin məzarının burada olması kimi faktlar bu sahədə əsaslı elmi tədqiqatlar aparmaq üçün zəngin material verir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadənin son illərdə meydana çıxmış elmi əsərləri yeni dövr Azərbaycan nuhşünaslığının möhkəm elmi təməlini, böyük bünövrəsini təşkil edir. Tanınmış tarixçi etnoqraf Qadir Qədirzadənin “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” monoqrafiyası ilə (2008) Azərbaycanda nuhşünaslıq ciddi bir elm səviyyəsinə qaldırılmışdır. Bu monoqrafiyada müəllif əldə etdiyi zəngin mifoloji dini-tarixi və arxeoloji-etnoqrafik materiallar əsasında Dünya tufanı hadisəsinin Naxçıvanla bağlı olduğunu və Nuh peyğəmbərin gəmisinin Naxçıvan ərazisindəki Gəmiqayada yerə endiyi versiyasını əsaslandırılmış şəkildə irəli sürmüşdür. Bu məsələyə başqa bucaq altında baxanların hansı səviyyədə qəbul etməsindən asılı olmayaraq, Qadir Qədirzadə nuhşünaslığın yeni versiyasına dair cəlbedici və inandırıcı bir təlimi meydana qoya bilmişdir. Hacı Qadir Qədirzadənin “Əcəmi” nəşriyyatında çapdan buraxılmış “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” monoqrafiyası (2011) həmin problemlə bağlı daha dərin və əhatəli elmi baxışların, mövzuya dair əlavə yeni materialların əldə olunması və təqdimi əsasında formalaşmış əhəmiyyətli əsərdir. Bu qiymətli elmi əsər nuhşünas alimin “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan” mövzusundakı axtarışlarının üzvi tərkib hissəsi, davamı olub onun axtarışlarının indiyəqədərki böyük bir mərhələsinin ümumiləşmiş yekunudur.
Ümumiyyətlə, dünya elmində Nuh peyğəmbərin tarixi şəxsiyyət olub-olmaması mübahisə mövzusuna çevrilməmişdir. Elmdə əsas mübahisə Nuh peyğəmbərin əfsanəvi gəmisinin mövcudluğu, harada torpağa yenməsi və Dünya tufanı hadisəsi üzərində getmişdir. İndiyədək Nuh peyğəmbərin məzarının olduğu yerə və ya ümumiyyətlə belə bir məzarın mövcudluğuna dair xüsusi bir axtarışın aparılmaması çatışmazlıqları ilə bir sırada həm də tarixi şəxsiyyət kimi Nuh peyğəmbərin varlığının mübahisəsiz olaraq qəbul edilməsi mənasını ifadə edir. Nuhun gəmisinin qalıqlarının Ağrı dağında, Cüdo dağında və Naxçıvandakı Gəmiqayada axtarışının illərdən bəri hələ də davam etdirilməsi isə Dünya tufanı hadisəsi ilə əlaqədar məsələnin mübahisəli məqamlarının, şübhələrin aradan qaldırılması, əsl gerçəkliyin müəyyən edilməsi məqsədini daşıyır. Yəni elmi fikrin əsas məqsədi Nuh peyğəmbərin şəxsiyyətinin varlığını yox, onun əfsanəvi gəmisinin mövcudluğunu üzə çıxarmaqdan ibarətdir. Buna görə də beynəlxalq miqyasda Nuhun gəmisinin hazırlama prosesinin, həcmi, quruluşu, materialı, gəmidəki canlıların tərkibi, səfər müddətində bu canlıların qorunub xilas edilməsi və sair kimi məsələlərin öyrənilməsi Dünya tufanı elmində xüsusi yer tutur. Qadir Qədirzadə “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan” monoqrafiyasında Nuh peyğəmbərin gəmisinin quruluşu, imkanları ilə bağlı elmdə mövcud olan mülahizələri diqqətlə nəzərdən keçirərək bu barədə aydın və ümumiləşmiş bir fikri meydana qoymuşdur. Müəllifin “Naxçıvan: Nuh baba və Türk Atadan gələn yol” kitabında isə ilk növbədə Nuh peyğəmbərin gəmisindəki heyvanlar aləminə dair dəqiqləşdirmələr aparılmışdır.
Bu baxımdan müəllifin əfsanəvi gəmidəki heyvanlar aləminə aid müqəddəs dini kitablarda və “Bilqamıs” dastanında verilmiş məlumatlarla birlikdə Naxçıvandan toplanılmış əfsanə və rəvayətlərə də əsaslanaraq konkret nəticələrə gəlməsi məsələnin dəqiqləşdirilməsinə və aydınlaşdırılmasına imkan yaratmışdır. Qadir Qədirzadənin qənaətlərinə görə indi də təqvimdə illərin müəyyən heyvanlar üstündə başlanması və ya təhvil olması, 12 aylıq təqvimin meydana çıxması kimi məsələlər Nuhun gəmisində xilas edilmiş heyvanlar aləmi ilə üzvü surətdə bağlıdır.
“Naxçıvan: Nuh baba və Türk Atadan gələn yol” kitabındakı əsas yeniliklər yerli toplama materialları əsasında yeni ideyaların, versiyaların formalaşması ilə bağlıdır. Kitabdakı “Nuh yurdunda peyğəmbər izləri” bölməsində müəllifin Naxçıvan ərazisində “etnoqrafik çöl materialı toplayarkən” Culfa rayonunun Kırna kəndi yaxınlığında, Haçadağın Naxçıvana baxan səmtində “Peyğəmbər ayağı” adlanan yeri və onunla bağlı rəvayəti qeydə almaqla Nuh yer adlarına daha bir məqamı əlavə etməsi əhəmiyyətli bir yenilikdir. Bu, nuhşünaslıq elmində tarixlə mifologiya və toponimikanın sintezi, kompleks yanaşma əsasında əldə olunan mühüm elmi nəticədir. Həmin tapıntı əfsanəvi gəminin quruya çatdığı Kiçik Qafqaz dağları silsiləsinin ən uca nöqtəsi olan Gəmiqayadakı Qapıcıq zirvəsindən Nuh peyğəmbərin üzü aşağı oturaq məkana – Nuhdabana doğru hərəkətini izləmək baxımından mühüm əhəmiyyətə malikdir. “Peyğəmbər ayağı” adlanan yerdə dağ yaxasında 127 ayaq izinin qeydə alınması sivilizasiyanın başlanğıcında Nuh nəslinin oturaq həyata keçid baxımından seçdiyi yolu, marşrutu müəyyən etməyə çox kömək edir. Fikrimizcə, bu tapıntı nuhçuların oturaq həyata doğru Gəmiqaya-Haçadağ-Nuhdaban-Naxçıvan marşrutunu aydın şəkildə təsəvvür etməyə imkan yaradan dəyərli bir dəlildir. Bu, Nuh peyğəmbərin əfsanəvi gəmisi və səfəri ilə yanaşı, həm də onun və beləliklə, bəşəriyyətin oturaq həyat uğrunda mübarizəsini addım-addım izləməyə əyanilik gətirə bilən qiymətli tapıntıdır.
Fikrimizcə, Qadir Qədirzadənin yeni kitabının şah damarını geniş mənada elmdə, o cümlədən nuhşünaslıqda tam yeni olan Türk Ata ilə bağlı müşahidələr, tapıntılar və təhlillər təşkil edir. Nuh peyğəmbər və Dünya tufanı hadisəsi ilə əlaqədar çoxəsrlik tədqiqatlarda ilk dəfə olaraq Qadir Qədirzadə Türk Ata fərziyyəsini irəli sürür. Məlum olduğu kimi, uzun əsrlər boyu Nuh peyğəmbərdən bəhs edərkən bu müqəddəs şəxsiyyətin dörd oğlu (Xam, Sam, Yafəs və Kənan) olduğu qəbul olunmuşdur. Eyni zamanda, elmi ədəbiyyatda əsasən türk qövmünün Yafəsdən, xüsusən də onun övladı Türkdən başlayaraq yaranıb formalaşması mülahizəsi Qərbdə də, Şərqdə də əsas müddəa kimi formalaşmışdır. Buna baxmayaraq, Qadir Qədirzadə əldə olunan yeni materiallar əsasında Türkün Nuh peyğəmbərin nəvəsi, Yafəsin oğlu yox, ulu peyğəmbərin övladı olduğu versiyası təqdim edilir. Tarixçi-etnoqraf alimin bu məsələdə istinad etdiyi iki əsas mənbədən biri Naxçıvandan toplanılaraq hələ 1988-ci ildə Bakıda nəşr olunmuş “Azərbaycan mifoloji mətnləri” kitabında verilmiş əsatirdən, digəri isə türkologiyanın böyük babası Mahmud Kaşqarinin hələ XI əsrdə ərsəyə gətirdiyi “Divani-lüğət-it türk” əsərindəki dəqiq məlumatlardan ibarətdir. Qadir Qədirzadənin nəzərə çarpdırdığı mifoloji mətndəki “çox keçmir ki, tufan dayanır, su yatır. Nuh peyğəmbər oğlanlarına deyir ki, istədiyiniz canlılardan götürüb düşün quruya, yaşayıb nəslinizi artırın. Oğlanlarından birinin adı Türk idi. Bu Türk qoyunnan qoçu götürüb torpağa düşdü” kimi mülahizələrdə Türkdən Nuh peyğəmbərin oğlu qismində söz açılır. Eyni zamanda, Qadir Qədirzadənin təqdimatında Mahmud Kaşqarinin dünyada mühüm tarixi mənbə kimi qəbul olunan lüğətindəki aşağıdakı məlumatlarda da Nuh oğlu Türkdən bəhs edilir: “Türk – Nuh əleyhüssəlamın oğlunun adıdır. Bu ad Nuh oğlu Türkün övladlarına Tanırının verdiyi addır”. Göründüyü kimi, hər iki mənbədəki məlumatlar bir-birini tamamlayır. Qadir Qədirzadənin şərhlərində Türk həm Nuh peyğəmbərin oğlanlarından birinin, həm də “Türkün övladlarına” – türklərə verilmiş adın ifadəsidir. Müəllifin gəldiyi qənaət bundan ibarətdir ki, “deməli, Türk ifadəsi adla bərabər toplunu da əhatə edir və ümmət, millət anlamına gəlir...
Türk Ata da öz ümmətinin peyğəmbəri olmuşdur”. Bütün bunların zəminində Qadir Qədirzadənin “türkün soykökündə, milli və dini kimliyində Naxçıvandan başlanan Türk Ata yolu” nəzəriyyəsi ilə bağlı müddəaları formalaşmışdır. Ümid edirik ki, Azərbaycan elmində AMEA-nın müxbir üzvü Qadir Qədirzadəyə məxsus Türk Ata nəzəriyyəsi tədqiqatçıların diqqətini cəlb edəcək, mənşə, soykök məsələlərinin araışdırılması zamanı bu faktor nəzərə alınacaqdır. Bütün bunlar isə öz növbəsində həm də Nuh peyğəmbərdən başlanan məskunlaşma məsələlərindən bəhs edilərkən tarixi məlumatlarla mifologiyanın və toponimikanın vəhdətdə öyrənilməsinin, problemə kompleks yanaşmanın əhəmiyyətini diqqət mərkəzinə çəkir. Bütövlükdə Qadir Qədirzadənin təqdim olunan monoqrafiyası qədim tarixə kompleks yanaşma prinsipi əsasında yazılmış və bu tip yanaşmanın faydasını diqqət mərkəzinə çəkən mühüm elmi-tədqiqat əsəridir. Ümumiyyətlə, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin əsərlərində tarixlə yanaşı toplama materialları, yəni faktlar və etnoqrafiya üstünlük təşkil edir. Müəllif adətən həmin toplama materiallarında nəzərə çarpan fikirləri toponimika ilə təsdiq edib möhkəmləndirməyə çalışır. Bundan başqa, Qadir Qədirzadənin tədqiqatlarinda arxeologiya amili də digər tip yanaşmaları tamamlayır. Bütün bunlara görə Qadir Qədirzadənin elmi ideyaları və qənaətləri inandırıcı, əhatəli təlim səviyyəsində görünür. Kompleks yanaşma metodu Qadir Qədirzadənin “Dörd çayarası sivilizasiya” nəzəriyyəsi məsələsinə də tarixi-mifoloji paralellər əsasında Araz çayı hövzəsinin də əlavə olaraq daxil edilməsinin mümkünlüyü qənaətinə gəlib çatmasını şərtləndirmişdir. Hətta Qadir Qədirzadənin bu fikrinə də tam şərikik ki, tarixi proseslər dəyərləndirilərkən “bu işdə ciddi rol oynayan arxeoloji materiallara, yazılı mənbələrə önəm verməklə mif, əsatir və rəvayətlərlə yanaşı, ərazinin təbii coğrafi şəraiti də nəzərə alınmalıdır”. Naxçıvanda şəhərsalmanın da tarixindən bəhs edərkən Qadir Qədirzadə problemə geniş aspektdə komleks yanaşmanın tərəfdarı kimi çıxış etməklə yanaşı, özünün həmin prinsiplər vasitəsilə əldə etdiyi nəticələrə görə bu regionda ilkin şəhərin beş min ildən çox tarixə malik olması qənaətinə gəlmişdir. Eyni zamanda, Qadir Qədirzadənin duzçıxarmaya da “Nuh peyğəmbərdən qalma peşə” kimi baxması, “daş alətlərdən istifadə olunmasına daş dövründən başlanılmışdır”, yaxud “daşla duz çıxarılması ənənəsi ibtidai insanlardan bizə qalan mirasdır” kimi qənaətlərində də tarixi faktların mifoloji-etnoqrafik materiallarla zənginləşdirilməsi üstünlük qazanmışdır. Qadir Qədirzadənin qənaətlərinə görə duzçıxarma həm də regionda şəhərsalma ilə əlaqədar olan oturaq həyatın da göstəricisidir. Fikrimizcə, dini-tarixi mənbələrdəki Nuh peyğəmbərin əsasını qoyduğu Naxçıvan şəhəri ətrafında üzüm bağları salması əhvalatı da burada oturaq həyatın başlanmasını müəyyən edən faktlardandır. Bu amillər Naxçıvanda – Nuhdabanda oturaq həyata keçid haqqındakı təsəvvürləri formalaşdırır ki, bunlar da öz növbəsində burada ilkin şəhərin – protoşəhərin 5 min ildən çox yaşı olması qənaətinə gəlməyə imkan verir.
Vətəndaşlıq mövqeyi, millilik amili Qadir Qədirzadənin tədqiqatlarının özünəməxsusluğunu müəyyən edən başlıca xüsusiyyətlərdir. “Naxçıvan: Nuh babadan və Türk Atadan gələn yol” kitabında da həmin keyfiyyətlər ön mövqedə dayanır. Kitabın “Hadisələr, baxışlar, tarixi həqiqətlər” bölməsində təqdim olunan məsələlərdə elmiliklə vətəndaşlıq bir-birini tamamlayır. Qadir Qədirzadə ingilis alimləri Devid Rol və Devid Lenqin Naxçıvanla əlaqəli uydurma mülahizələrini ciddi elmi təhlilin süzgəcindən keçirərək yanlış olduğunu isbat etmişdir. Devid Lenqin 2004-cü ildə erməni katolikosu I Vazgenə ithaf etdiyi “Ermənistan: yaradıcı xalq (Qədim sivilizsiyanın sirləri)” adlı kitabındakı Böyük Ermınistan əraziləri uydurması Qadir Qədirzadə tərəfindən elmi şəkildə rədd edilmişdir. Bundan başqa, əsərdə Naxçıvan şəhərinin və Kültəpə ərazisinin Ermənistanla heç bir əlaqəsi olmadığı əsaslandırılmışdır. Qadir Qədirzadə bununla yanaşı “tarixin atası” hesab olunan Heredotun məşhur “Tarix” kitabında Araz çayı barədəki mülahizələrə dair də fərqli baxışlara aydınlıq gətirmişdir. Müəllif dərin araşdırmalar sayəsində Heredotdakı Araz çayının heç də bəzi Avropa və rus alimlərinin iddia etdikləri kimi Yasarat (Sır-Dərya) və ya Oks (Amur-Dərya) olmadığını, bu çayın “erməni çayı” adlandırılmasının əsassızlığını müəyyən etmişdir. Qadir Qədirzadənin massagetlər və Azərbaycan haqqındakı mülahizələri də obyektiv tarixi proseslərlə səsləşir. Eyni zamanda, Qadir Qədirzadə ermənilərin özlərinin soyköklərini Nuh peyğəmbərlə əlaqələndirmələrini “saxtakarlıq” hesab edir.
O, çox doğru olaraq yazır ki, Nuh peyğəmbər “bütün bəşəriyyətin atasıdır”. Tədqiqatçının problemin mənşəyini izah edərkən tarixlə yanaşı mifologiyaya, səmavi kitablara da istinad etməsi məsələyə geniş və aydın baxışı formalaşdırır. Qadir Qədirzadə bu məsələnin aydınlaşdırılmasında da o qənaətdədir ki, “etnik-mədəni münasibətləri, etnogenetik əlaqələri müəyyənləşdirərkən etnosun keçdiyi həyat yoluna, onun tarixin ayrı-ayrı mərhələsindəki inamlarına (mifoloji düşüncəsinə – İ.H.) ciddi fikir verilməlidir. Həm səmavi dinlərə qədərki inamlar (mifologiya – İ.H.), həm də səmavi dinlərlə bağlı mədəniyyət məsələləri müqayisəli şəkildə aparılmalıdır”. Bütün bunlar isə tədqiqatçıdan universal biliklər və komleks yanaşma bacarığı tələb edir. Qadir Qədirzadə “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” kitabında sözün böyük mənasıda universal elmi düşüncəyə malik olan və problemin həllinə bir neçə elm sahəsinin “gözü ilə” baxmağı bacaran geniş dünyagörüşlü tədqiqatçı olduğunu nümayiş etdirir. Bu tip yanaşma kitabın “Maddi mədəniyyət” fəslində əhatə olunan problemlərin şərhi prosesində də eyni səviyyədə nəzərə çarpır. “Naxçıvanda yarımköçəri maldarlıq” məsələsinin araşdırılmasında özünün etiraf etdiyi kimi “arxeoloji materiallara, tarixi mənbələrə, etnoqrafik məlumatlara” söykənməklə regionda oturaq həyatın başlanmasının sirləri açıqlanmışdır. Hətta müəllif milli mətbəximizin özünəməxsusluğunu və zənginliyini də tarixi materiallarla etnoqrafik materialların sintezi əsasında təqdim edir. Həm də hansı məsələdən bəhs etməsindən asılı olmayaraq, Qadir Qədirzadə həmişə problemə ümummilli mövqedən yanaşmağı vacib şərt sayır. Bütün bunlara görə Qadir Qədirzadənin tədqiqatlarının və elmi baxışlarının cövhərində azərbaycançılıq məfkurəsi dayanır.
“Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” kitabı onun elmi araşdırmaları ilə milli düşüncəsinin və vətəndaşlıq mövqeyinin vəhdətindən yoğrulmuş əsər kimi mühüm əhəmiyyət kəsb edir. Bu qiymətli kitab, eyni zamanda, tarixə universal biliklər əsasında kompleks yanaşmanın özünəməxsusluğunu meydana qoyur. Bu isə nəticə etibarilə Qadir Qədirzadənin fərqli baxışlara malik geniş dünyagörüşlü professional tədqiqatçı olduğunu nümayiş etdirir. “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” kitabı məhz geniş dünyagörüşlü tarixçinin yeni tipli əsəri kimi dəyərləndirilməyə layiqdir. Bütün bunların işığında AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin Naxçıvanda ilkin şəhərsalmanın beş min ildən çox yaşı olması haqqındakı mülahizələri və qənaətləri komleks yanaşma ilə tarixin dərinliklərinə doğru getməyin həm zərurətini, həm də əhəmiyyətini qabarıq şəkildə nəzərə çarpdırır. “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” kitabı Azərbaycan tarixşünaslıq elmini yeni müddəalarla yanaşı, həm də fərqli yanaşma ilə zənginləşdirən əhəmiyyətli əsərdir.