Bu günlərdə Türkiyənin nüfuzlu mədəniyyət, incəsənət və ədəbiyyat dərgilərindən olan “Bərcəstə” jurnalının dekabr nömrəsi işıq üzü görüb. Dərgi Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin yüz illik yubileyi münasibətiylə şairəyə ithaf edilib. Jurnalın üz qabığında Nigar Rəfibəylinin gənclik illərinin şəkli yer alıb.
Dərgidə İmdat Avşarın tərcüməsində şairənin bir neçə şeiri yayımlanıb. Bundan əlavə Xalq yazıçısı Anar, Ənvər Məmmədxanlı, Məmməd İsmayıl, Əjdər Ol, Günel Anarqızı, Pərvin və başqa Azərbaycan yazıçı və şairlərinin türkcəyə çevrilmiş əsərləri də jurnalın bu sayında yayımlanıb. Eyni zamanda başqa türkdilli yazarların, Berik Şaxanovun, Beyimbet Maylinin, Esengül İbrayevin, Üriye Kadırovanın və başqalarının da əsərləri həmin sayda işıq üzü görüb.
Qeyd edək ki, Nigar Rəfibəyliyə ithaf olunmuş “Berceste” dərgisi Türkiyə mətbuatında maraqla qarşılanıb.
XƏYALƏ