Sentyabrın 27-dən sonra hər bir azərbaycanlı sanki ömrünü saniyə-saniyə yaşamağa başladı. Su kimi axıb keçən zamanın bir anını belə tuta bilmədiyimiz halda, elə bil, o gündən hər şey bambaşqa oldu. 10 milyonun ürəyi eyni döyüntüylə, eyni ritmlə çırpındı. Milyonlarla ürək bir vücuda sığışdı. Birimizin keçirdiyi hisslər o birimizin keçirdiklərindən qətiyyən fərqlənmədi.
Bu aralar adi vaxtlarda gündəlik işlərə sərf olunan enerjimizin böyük bir hissəsini səhər açılar-açılmaz savaşdan gələn xəbərlərə ayırırdıq. Yol gedirdik, fikrimiz-zikrimiz cəbhədə qalırdı, əlimizdə telefon intizarla müharibənin qaynar nöqtələrindən verilən xəbərləri izləyirdik.
Hər birimizin keçirdiyimiz bu narahatçılıqların fonunda əsgər və zabit ailələrinin hansı gərginlik içərisində yaşadıqlarını təsəvvürə gətirmək yəqin elə də çətin olmazdı. Bizim üçün dəqiqə-dəqiqə, saat-saat ötüb keçən bu həyəcanlı zamanı onlar, böyük ehtimalla, anbaan, saniyəbəsaniyə, həm də daha böyük gərginliklə yaşayırdılar. Hamı bir nəfər kimi Vətən müharibəsinin hər dəqiqəsini, hər saatını canında, qanında hiss edirdi. Bu anların qısa insan ömründə nadir hallarda baş verəsi əhəmiyyətli bir hadisə ilə bağlı olması yaşadığımız günlərin dəyərini daha da artırırdı.
Neçə onilliklərdən bəri törətdikləri insanlığa sığmayan vəhşiliklərdən, işğal olunmuş ərazilərimizdə nümayişkaranə şəkildə həyata keçirilən vandalizm aktlarından dolayı düşmənə qarşı içimizdə qalaqlanmış qisas və intiqam duyğuları qələbə müjdəli günlərə təşnə ruhumuza rahatlıq vermirdi. Elə bu üzdən də müharibəyəqədərki dövr hamımız üçün yaralı, acıverici tarix idi. Bu illər ərzində dünyaya göz açan körpələr yarımçıq, sərhədləri tam, bütöv olmayan bir Vətəndə doğulmuşdular. Birinci Qarabağ müharibəsinin böyüklərinə yaşatdığı acıları hər gün həyatlarında hiss edən bu körpələrin altşüurunda zaman-zaman qəzəb və hiddət formalaşmışdı.
...Sentyabrın 27-dən 44 gün keçdi. Bu qısa, lakin şərəfli zaman kəsimində biz nələrin şahidi olduq?
Müstəqillik illərində doğulan o gənclər dünyada pessimizm ruhu yaradan 2020-ci ildə əhval-ruhiyyəni Azərbaycan üçün büsbütün dəyişdilər. Dünyanın, demək olar, bütün ölkələrinin pandemiya əlindən cana doyduğu 2020-ci ili biz yüzillər sonra da tamamilə fərqli ovqatda xatırlayacağıq. Kim bilir, bəlkə bu da bir mistikadır; neçə onilliklərdən bəri düşmən tapdağı altında sızıldayan və hər birimizin qəlbində dərin yaralar bağlayan Qarabağı işğaldan qurtarmaq üçün, bəlkə elə, bütün dünyanı evdə qalmağa məcbur etmək lazım imiş. Bununla sanki, həm də tarixin şifrələnmiş kodunu da açmış olduq.
Artıq zəfər bizimdir. Sözün hər mənasında zəfər bizimlədir. Bu 44 günlük Vətən müharibəsi yalnız Ordumuzun qüdrətli mübarizəsi ilə yadda qalmadı, bu şanlı savaş uzun illərdən bəri insanlarımızın içində yuva qurmuş məğlubiyyət kompleksini darmadağın etdi, hər birimizin qəlbində öləzimiş ruhumuz dirçəlməyə, boy atmağa başladı. Artıq bundan sonra bu torpaqlarda dünyaya göz açan körpələr sərhədləri bütöv, ərazisi tam olan bir ölkənin vətəndaşları kimi doğulacaqlar.
Vətən müharibəsindəki bu möhtəşəm qələbəmiz bu gün hər birimizə qol-qanad verir. Düzdür, bəzən rus sülhməramlılarının 5 il Qarabağda olacağının müəyyən çətinliklər yaradacağından əndişələnənlərə də rast gəlirik. Amma unutmayaq ki, bizim də bu 5 il ərzində görəcəyimiz kifayət qədər önəmli işlərimiz var. Bunun üçün isə ilk növbədə müharibədən sonrakı mərhələdə maksimum sakitliyin bərqərar olunması zərurəti vardı. Və bu zərurət reallığa çevrildi. Azərbaycanın Ermənistan və İranla dövlət sərhədlərinin tam şəkildə bərpa olunması prosesi az əziyyət tələb edən iş deyil. Ən önəmlisi isə işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək üçün dinc, sakit zaman tələb olunur. Orası da sirr deyil ki, sülh anlaşması olmasaydı, düşmənə nə qədər ağır zərbələr vursaq da, öz məkrli təxribatlarından əl çəkməyəcəkdi. Uzağa getməyək, Naxçıvan səmasında rus helikopterinin vurulması faktını xatırlayaq və hiyləgər düşmənin bu hadisəyə görə necə şadyanalıq etdiyini yada salaq.
Qısamüddətli Vətən müharibəsinin ən möhtəşəm nöqtəsi, təbii ki, Şuşanın işğaldan azad edilməsi oldu. Gələcəkdə Şuşa ilə bağlı arzularımız daha da qol-qanad açacaq yəqin ki. Ta ki, bu şəhərin yenidən ölkəmizin mədəni, mənəvi paytaxtına çevriləcəyi günə kimi. Dövlət başçısının, Birinci-vitse prezidentin rəhbərliyi ilə Bakı şəhərində yaradılmış əsrarəngiz gözəlliklər niyə Şuşa şəhərində də təkrarlanmasın kimi fikirlər yəqin ki, bu gün hər birimizin düşüncələrimizdə dolaşır. Hər kəs bir gün Şuşanın möhtəşəm gözəlliklərinin şahidi olmaq arzusu ilə yaşayır. Şuşamızda və onun dörd tərəfində Azərbaycan bayraqları ilə bəzədilmiş, Azərbaycan qanunları ilə idarə olunan, inkişaf etmiş şəhər və kəndlərimizin yaxınlığındakı ərazilərimizdə məskunlaşmış ermənilər bizimlə sülh içərisində yaşamaqdan başqa çarələrinin qalmadığını bir gün mütləq anlayacaqlar.
Zəfərlə başa çatan bu Vətən müharibəsi bir vətəndaş olaraq həm də hər birimizin məsuliyyətini də artırır. Azərbaycan vətəndaşları olan müxtəlif xalqların və etnik qrupların nümayəndələri kimi bu savaşdan sonra Dağlıq Qarabağda yaşayan ermənilər də ölkəmizin vətəndaşı olmaq imkanı qazanacaqlar. Cənab Prezidentin bu yöndə göstərdiyi böyük humanistlik əslində, bir vətəndaş kimi bizim hər birimizə örnək olmalıdır. Təbii ki, çətinliklərimiz də olacaq. Uzun illərdən bəri xaqlımıza qarşı olmazın müsibətlər törətmiş xəstə xislətli bir toplumla dinc, yanaşı yaşamağın psixoloji və mənəvi çətinlikləri ilə üzləşəcəyik, amma tarixən Azərbaycan xalqına xas olan tolerantlıq və humanizm prinsipləri bu səddi də aşa biləcəyimizə kövrək ümid işartıları yaradır.
Bu proseslər xalqımızı bir sıra üstün keyfiyyətlərilə daha da güclü edəcək. Bütün yaralara rəğmən, Azərbaycanın əsgər və zabit heyətinin bu günlər ermənilərə qarşı sərgilədiyi səbirli və ehtiyatlı davranışı da ayrıca qeyd edilməlidir. Ağdam ərazisindən çıxmaqda yubanan ermənilərə göstərilən münasibət kimi. Güclü tərəfin təvazökar davranışı həm də onun əxlaqı və mənəvi dəyərlərə sadiqliyinin göstəricisidir. Döyüşü ilə cəsarəti bəlli olmuşdu, humanist münasibətilə mərdliyi də bəlli oldu əsgər və zabitlərimizin.
İstər müharibə günlərində, istərsə də ondan sonrakı dönəmdə bizləri həyəcanlandıran məqamlardan biri də əsgər və zabitlərimizin sosial şəbəkələrdə yayılan görüntüləri oldu. Şəhidlərimiz və qazilərimizlə bağlı izlədiyimiz hər video qəlbimizin tellərinə toxundu. Səngərdə muğam oxuyan şəhid Xudayar Yusifzadənin, yeni doğulacaq oğluna öz adının verilməsini istəyən şəhidimizin, həyat yoldaşının tabutunu çiyinlərində daşıyan şəhid xanımının ürək dağlayan görüntüləri, bir qolunu itirmiş qazimizin xəstəxana pəncərəsindən o biri qoluyla xalqımızı qələbə münasibətilə salamlaması, uzun illərdən sonra doğma Ağdam torpağına qayıdan Səmayə nənənin əsgərlərimizə minnətdarlığı və başqa neçə-neçə belə videogörüntülər hər birimizin bundan sonrakı həyatımızda mənəvi qida olacaq. Onlar haqqında oxudumuz hər məlumat, izlədiyimiz hər görüntü bu müqəddəs torpaqların müdafiəsi və inkişaf etdirilməsi üçün daha sıx birləşməyimizə stimul verəcək.
Bu gün hisslərimiz artıq daha aydındır. Nəyi və necə duyduğumuzu daha gözəl bilirik. Toxunmaq istədiyim bir həssas nüans da məhz budur. Etiraf edək ki, vətənpərvərlik musiqiləri müharibəyə kimi nə qədər təsirli səslənsə də, itirilmiş torpaqlar qəhrəmanlıq hisslərimizi sanki əlimizdən almışdı. Nümunə kimi, dahi bəstəkarımız Ü.Hacıbəyovun "Koroğlu üvertürası"nı xatırlayın. Nəhəng və möhtəşəm musiqi əsərinin fonunda illərdən bəri yaşadığımız sınıqlıq, sönüklük bu gün artıq yoxdur. Torpaqlarımızın əzəmətli ordumuz tərəfindən geri alınması musiqilərimizə də yeni anlam verir. Bu gün artıq bütün milli musiqilər daha əzəmətli səslənir - layiq olduğu kimi əzəmətli!..
Artıq 2020-ci ili yola salmağa çox az qalıb. Azərbaycan bir xalq, bir dövlət olaraq həqiqətən də bu ilə öz möhürünü vurdu. Bütün dünya bu 44 gündə ölkəmizdən danışdı. Beynəlxalq hüququn bizim tərəfimizdə olması yırtıcı dişləriylə üzərimizə hücum etmək istəyənlərin də ağzını və qolunu bağladı. Bu qədər keşməkeşli sınaqdan üzüağ çıxan xalqımızı isə yalnız təbrik etmək lazımdır. Hər birimiz bu iftixarlı günləri yaşamağı haqq edirik.
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Azərbaycan Dövləti!
Yaşasın rəşadətli Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!..