Ağdam rayonunun işğal altındakı ərazisi, üçtərəfli Bəyanat əsasında, noyabrın 20-də azad edildi. Bu tarixi hadisə ilə əlaqədar xalqa müraciətində möhtərəm Prezident cənab İlham Əliyev ermənilərin işğalı əbədi etmək məqsədi güddüklərini, yaşayış məntəqələrimizin adlarını eybəcər şəkildə dəyişdiklərini, yeni xəritələr hazırladıqlarını, həmin yerlərdən xalqımızın mədəni-mənəvi irsini tamamilə silmək istədiklərini vurğuladı. Təəssüf ki, vasitəçilər belə faktlara göz yumaraq, biganə qalaraq, münaqişənin yalnız sülh yolu ilə həll olunmasında israrlıydılar. Amma Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəlik istedadı, rəşadətli Ordumuzun misilsiz hünəri sayəsində düşmən məğlub oldu, diz çökdü, torpaqlarımız işğaldan azad edildi.
İşğaldan qurtarılan ərazilərimizdə ermənilərin vəhşicəsinə törətdikləri dağıntılar ürək ağrıdır. Ağdam şəhəri də xarabalığa çevrilib, vəhşilər burada salamat bir bina saxlamayıblar. Vaxtilə qaynar həyatın yaşandığı, əməksevər insanların qurub-yaratdığı Ağdamın ağ damlarından əsər-əlamət qalmayıb.
Noyabrın 23-də cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam şəhərində oldular, 27 ildən sonra işğaldan azad edilmiş Ağdamda dövlət bayrağımız ucaldıldı. Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışladı. Dövlətimizin başçısı və birinci xanım məsciddə dua etdilər.
Ölkəmizin bütün əhalisində, xüsusən ağdamlılarda bu hadisə hədsiz qürur və sevinc hissi doğurdu. Qələbə, zəfər - xalqımız və dövlətimizin gücünün göstəricisidir.
Eyni zamanda, qədim yurd yerlərimizin dağıdıldığını, həmin ərazilərdə milli-mənəvi, tarixi dəyərlərimizin məhv edildiyini görəndə vəhşi düşmənə nifrətimiz birəbeş artır.
Uzun illər işğal altında qalan rayon və kəndlərimizdə qəbiristanlıqların dağıdılıb talan edilməsi ermənilərin bizim bu yerlərdəki izlərimizi silmək məqsədi daşıyan ən mənfur hərəkətlərindəndir. Müdafiə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi, sosial şəbəkələrdə yayılan videogörüntülərdə qəbiristanlıqlarımızın yerlə-yeksan olunduğunu görmək çox ağırdır.
Doğma yurda qayıdanda ilk ziyarət edəcəyi məkanın öz əcdadlarının, əzizlərinin əbədi uyuduğu qəbiristanlıqlar olacağını hər bir qaçqın və məcburi köçkün soydaşımızdan dəfələrlə eşitmişik.
Ağdam şəhəri və ona bitişik kəndlərin sakinləri üçün belə müqəddəs məkan bütün Qarabağda məşhur olan tarixi "Qarağacı" qəbiristanlığıdır. Şəhərin cənub səmtində, 5 kilometrlik məsafədə yerləşən bu qəbiristanlığın yaşının 3 min il olduğu deyilir. Burada bizim dövrümüzə gəlib çatan bir qəbirüstü kitabənin isə 1174-cü ilə aid olduğu təsdiqlənib. "Qarağacı"da XIX əsrə aid dörd türbə tarixi-mədəni abidə kimi keçmiş Sovet hökuməti tərəfindən rəsmən qeydə alınmışdı.
Ağdamda işğala qədər yaşayan və indi həyatda olan sakinlər yaxşı bilirlər ki, böyük bir ərazini tutan "Qarağacı" qəbiristanlığı, sözün həqiqi mənasında, yaşıl bir vadi idi. Qabiristanlığın inzibati baxımdan tabeliyində olduğu Ağdam Rayon Kommunal Təsərrüfatı Birliyinə uzun illər rəhbərlik etmiş böyük ziyalı, nüfuzlu el ağsaqqalı Muxtar Paşa oğlu Əliyev (1911-1972) onun ətrafına daşdan hasar çəkdirmişdi, hər yerdə yaşıllıqlar saldırmışdı, bulaqlar düzəltdirmişdi. Ömrünün sonuna yaxın ağır xəstəlikdən əziyyət çəkən Muxtar müəllim burada özünün seçdiyi yerdə dəfn olunmuşdu. "Qarağacı"nın əsas girişindən - iri dəmir darvazadan içəri daxil olanları bu sanballı, vətənpərvər kişinin məzarı və onun üzərindəki büstü qarşılayırdı.
Qəbiristanlıqda hər nəslin, tayfanın öz yeri vardı. Ziyarətə gələnlər buradakı talvarların altında ehsan məclisləri təşkil edərdilər.
Bir rus səyyahın 2017-ci ilin sentyabrında Qarabağda olarkən "Qarağacı"da çəkdiyi videoda qəbiristanlığın açınacaqlı vəziyyətindən bəhs edilir. Həmin vaxt qəbiristanlıqda mənfur ermənilərin mal-qara otardıqları, məzar daşlarını sındırıb dağıtdıqları qeyd olunur. Buradakı mənzərədən təəssüflənən rus səyyah əcdadların ruhuna göstərilən hörmətsizliyi qınayır.
Ağdam işğaldan azad edildikdən sonra "Qarağacı"ya baş çəkməyə gedən şəhər sakinləri isə dəhşətli bir mənzərə ilə qarşılaşıblar: qəbiristanlıq tamamilə məhv edilib və yeri şumlanıb! Yer üzündə belə vəhşiliyin bənzəri varmı?! Vəhşi düşmən özünün qəddarlığını və amansızlığını bir də əcdadlarımızın nigaran ruhuna göstərdiyi insanlıqdankənar əməli ilə sübuta yetirib.
Möhtərəm Prezidentin, Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, işğaldan qurtarılan bütün şəhər və kəndlərimiz bərpa olunacaq, yenidən qurulacaq, düşmənə göz dağı olan möhtəşəm və yaraşıqlı yaşayış məskənlərinə çevriləcək. Təəssüf ki, yeri şumlanmış "Qarağacı"nı, eləcə də digər qəbiristanlıqlarımızı bərpa etmək mümkünsüzdür. Bununla belə, həmin müqəddəs yerlərin tarixi yaddaşımızdan silinməsinə də yol vermək olmaz. Heç şübhəsiz ki, "Qarağacı" qəbiristanlığının ərazisini də qoruyub saxlamaq və orada yenidən yaşıl bir vadi salmaq, əzizləri burada əbədiyyət tapmış hər bir nəslə, ailəyə öz imkanları daxilində xatirə abidəsimi, lövhəsimi yerləşdirmək imkanı yaratmaq lazım gələcək.
Bu işdə Ağdam Rayon İcra Hakimiyyəti ilə şəhərin nüfuzlu şəxslərinin əməkdaşlığı vacib şərtdir. "Qarağacı" ictimai fondunun və qədim qəbiristanlığın yerində xatirə kompleksinin yaradılmasına ağdamlıların dəstəyi vacibdir.
...Ağdama qayıdanda, mənim kimi, on minlərlə yerli sakinin ilk ziyarət edəcəyi müqəddəs məkan artıq yoxdur. Amma əcdadlarımızın nigaran və narahat ruhunu təkcə dualarımızla deyil, həm də "Qarağacı"nı xatirə kompleksinə çevirməklə rahatlığa qovuşdurmaq borcumuzdur.