NOVRUZ BAYRAMI
Novruz bayramı...
uşaqlıq illəri
Paxlava, şəkərbura naxışları kimi,
Sevimli günlər, şirin gülüşlər...
Novruz bayramı
Yamyaşıl bir zəmi, başımızda çələng
Ağ libaslı ağaclar bir mələk...
Novruz bayramı
Atamın zümzüməsi,
Anamın qonşuya pay göndərməsi
Böyük bir tonqal
Ağırlığım-uğurluğum harda qaldı?
Novruz bayramı
Balaca qardaşımın papaq atması,
yumurta döyüşməsi
-Xocalı uşaqlarının gülüşməsi...
Novruz bayramı
...Şuşanın dağları
Dumansız-çənsiz
Qızları qırmızı qoftalı,
Yaşıl şalvarlı,
Cıdır düzündə, at belində...
...Xanın səsi havalandı
"Qarabağın şikəstəsi"
Dünyaya səs saldı
Açın qulaqlarınızı!...
…Novruz bayramı
Kosalı, keçəlli,
A novruz çiçəkli, göy bənövşəli...
...Ah...bir də uşaq olarammı?
Tonqaldan atlanarammı?
Novruz bayramı
Məni bu həyatla barışdırarmı?...
CAHİLLİK ƏLİNDƏ
...Böcəklər də dil tapa bilirlər,
Ağaclar da, quşlar da,
Suda balıqlar da,
Göydə ulduzlar da...
Təkcə adamlar dil tapa bilmirlər
Sevgi yox aralarında
Amma çoxlu təriqətləri var-
Bir qardaş şiədi, o biri sünni
sevmir biri o birini
hər an qan tökülür
cahillik əlində insanlıq çökür.
efirdə söz üstündə davadı,
hamı "ağıllı"dı
hər kəs imandan dəm vurur
amma çoxu şeytan quludu…
YENƏ GÖYÜZÜNƏ BAXMIR ADAMLAR
...Bu qədər cahil adamların üzünə
Yenə günəş gülümsəyir,
Çiçəklər ətir saçır,
Yağış yağır...
Yenə göyüzünə baxmır adamlar
Yenə könül sınır, qəlb qırılır, ürək yanır...
Yenə milyonlar arasında
Qərib adamlar dolanır...
KÖRPƏLƏRİN FƏRYADI
...Adamlar qəsdinə durub dünyanın
Müharibələr, maşın qəzaları,
dəm qazı, qonşu davaları, qardaş qanı,
Bar, içki, qumar...
Saymaqla qurtarmaz eybəcər havalar
Bir yanda ac uşaqlar,
Bir yanda harın atalar, babalar...
Qonşusu ackən uyuyarmı müsəlman?..
Körpələrin fəryadı ərşə qalxır...
Qan su yerinə axır...
Aman, Allahım, aman!..
İŞIQLI ADAMLAR
BAĞIŞLAYARLAR
...Bilirəm çətindi kindən, qəzəbdən qurtulmaq
Çox çətindi
Amma bir az içindən çıxmağa çalış
Dünya işığından məhrum olanları anla,
Əlil insanların halını düşün
Dərd əlindən hər an üzüntü içində
çırpınanlara bax...
Bir az yüngülləşdinmi?
Bir az da cəhd elə
Səni sevməyənlərə də mərhəmət eylə
Çətin olmaz, ürəyində "Allah eşqinə",
söyləsən
Bağışla səni görməyənləri, anlamayanları
Bu qədər özünə bağlanma...
...Adamlar fərqli, lap min cür olur, deyirlər...
Amma mənim dünyamda
İki fərqli adamlar var-
İşıqlı və işıqsız
İşıqlı adamlar bağışlayarlar...