|
|
|
|
Mətbuat Şurasında “525-ci qəzet” in baş redaktoru, şair-publisist Rəşad Məcidin yeni çapdan çıxan “Dəlicəsinə” kitabının təqdimat mərasimi keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, R.Məcidin təbiəti üçün xarakterik olan geniş diapazonlu, incə duyum tərzi onun yaradıcılığının aparıcı həlqəsini təşkil edir. Ə.Amaşov qeyd edib ki, Rəşad Məcid jurnalistikaya, publisistikaya və ədəbiyyata eyni dərəcədə yaxın olmağı, proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir: “Bu keyfiyyətin daşıyıcısı olmaq hər adama nəsib olmur. Rəşad Məcidin yeni çapdan çıxan kitabı onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşıyır. Kitabın dörd bölümünə nəzər salanda da bunu görmək mümkündür. Nəşrin ilk bölümündə müəllif müxtəlif illərdə qələmə alınan publisistik yaradıcılıq nümunələrini təqdim edir. Rəşad Məcidin yaşadıqları və bu xüsusda gəldiyi qənaətlər bir sıra prosesləri incələmək, onun daxili mahiyyətinə varmaq baxımından çox önəmlidir. Kitabın “Gördüklərim” bölümündə Rəşad Məcidin səfər təəssüratları yer alır. Biz tez-tez istər ölkə daxilində, istərsə də xaricdə onunla birgə səfərlərdə oluruq. Hesab edirəm ki, Rəşad Məcidlə yol yoldaşı olmaq istənilən adamda təəssürat zənginliyi yaradır. Nəşrin “Tanıdıqlarım” bölümünün də oxucularda böyük maraq doğuracağı şübhəsizdir. Buraya müəllifin portret məqalələri daxil edilib. Nəhayət, “Dediklərim” bölümündə Rəşad Məcidin müxtəlif kütləvi informasiya vasitələrində gedən müsahibələrindən bir neçəsi, hətta deyərdim ki, olduqca az qismi yer alıb. Çünki müəllif təbiət etibarilə hamıya yaxındır, hər zaman fikirlərini bildirməyə həvəslidir, çox maraqlı həmsöhbətdir. Dünən “facebook” sosial şəbəkəsinə göz gəzdirəndə təsadüfən hamımızın hörmətlisi İradə Tuncayın bir statusu diqqətimi çəkdi. İradə xanım bu gün Rəşad Məcidin kitabının təqdimatının keçiriləcəyini yazırdı və əlavə edirdi ki, nəşri açdığı səhifədə öz adına rast gəlib. Rəşad Məcidin geniş diapazona malik sənət adamı olduğunu bir daha vurğulayaraq hesab edirəm ki, bu kitab media daxilində, publisistikada seçilən hər kəsin adının çəkilməsilə yanaşı, ümumən varlığının, həyat yolunun lazımlı, müəyyən mənada örnək olduğunu təsdiqləyən nümunə, gələcək nəsillər üçün bu günümüzün yaşantısını göstərən mənbədir”.
Ə.Amaşov kitabın media nümayəndələri üçün xüsusilə maraqlı olacağını bildirərək bu il R.Məcidin 50 yaşının tamam olduğunu söyləyib. O bu təqdimatın məhz R.Məcidin 50 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərin başlanğıcı olduğunu vurğulayıb.
Kitabın müəllifi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbirə dəvət edilən şəxslərin bir çoxunun bu kitabla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bu şəxslərin əksəriyyətinin adına bu kitabda rast gəlinir. Müəllif həmin şəxslərlə müxtəlif səfərlərdə yaşanan xatirələrin kitabda əks edildiyini bildirib. R.Məcid kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib, kitabı təmənnasız nəşr etdiyinə görə, “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundova minnətdarlığını bildirib. Sonra müasir insanın bir həftə ərzində aldığı informasiyanın tutumca XIX əsrdə yaşamış rus kəndlisinin 70 il ərzində aldığı informasiyaya bərabər olduğunu vurğulayan R.Məcid deyib ki, bu məntiqlə yanaşanda, deməli, biz indi hər həftə yetmiş il yola salırıq: “Həqiqətən hazırda zaman çox sürətlə gedir və gün ərzində çoxsaylı informasiyalar alırıq. O qədər sürətli dövrdür ki, hisslərdən, duyğulardan, insanlarla ünsiyyətdən aldığımız zövqün dadını çıxara bilmirik. Şübhə yox ki, bu məsələdə sosial şəbəkələrin, yeni medianın da mühüm rolu var. Çox sürətlə yeni-yeni məlumatlar aldığımızdan bir mövzu haqqında çox fikirləşə bilmirik. Hesab edirəm ki, ən böyük problemlərdən biri düşünmək imkanın, vaxtının olmamasıdır”.
BDU-nun professoru, kitaba yazılmış ön sözün müəllifi Cahangir Məmmədli R.Məcidin müəllimi olduğunu xatırladaraq, onun ən sevimli tələbələrindən biri olduğunu deyib: “Hesab edirəm ki, Rəşad Məcidin publisistikasının gücü onun bədii ədəbiyyata bağlılığındadır. Bu gün bədii təxəyyülü olan əsərlər oxunur. Rəşad müəllim məhz belə, yəni bədii təxəyyülə yer verən və əsərləri oxunan yazardır. Azərbaycan media, ədəbiyyat mühitində Rəşad Məcid deyilən şəxsiyyət var. Həyatımın ən böyük mənası həm də odur ki, məhz belə bir şəxsiyyətlə yaxınam”.
Kitabın əhəmiyyətindən danışan “Ədalət” qəzetinin baş redaktoru, publisist İradə Tuncay R.Məcidlə tanışlığından söz açıb: “Mən Rəşad Məcidlə Ağdama səfər zamanı tanış olmuşam. O zaman onun iyirmi, mənim isə iyirmi beş yaşım vardı. İndi isə Rəşad Məcid “iyirmi beş”, mən “iyirmi” yaşındayam. Bu il ikimizin də yubileyidir. Yaxşı ki, Rəşad müəllim kimi daxili sevgi dolu dostumuz var. O, heç vaxt yardım əlini bizdən əsirgəmir”.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, kitabda hər birimiz haqqında xatirələr var: “Kitabda istədiyimiz və istəmədiyimiz xatirələr Rəşad müəllim tərəfindən qələmə alınıb. Mən belə bir kitab yazdığı üçün Rəşad Məcidə minnətdarlığımı bildirirəm”.
R.Məcidin adı ilə bağlı olan hər şeyin pozitiv olduğunu qeyd edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli kitabın adı kimi dəlicəsinə yaşadıqlarını dilə gətirib.
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli R.Məcidi az-az gördüyünü bildirsə də, onunla görüşdüyü zaman özündə qəribə təəssürat yarandığını qeyd edib: “Məndə elə hiss yaranır ki, sanki Rəşad Məcidi illərdir tanıyıram. Həqiqətən Rəşad müəllimin istər publisist, istərsə də bir jurnalist kimi böyük xidmətləri var. Deyərdim ki, onun rəhbəri olduğu “525-ci qəzet” jurnalistikamızda bir məktəb rolunu oynayır. Bununla yanaşı, qəzetin tutduğu müstəqil mövqe, həmçinin ədəbiyyat nümayəndələrinə verdiyi dəstək hər birimiz üçün nümunə olmalıdır. Biz məhz “Kaspi” qəzetinin ədəbiyyatla bağlı səhifəsini “525-ci qəzet”dən nümuna götürərək hazırlayırıq. Hesab edirəm ki, Rəşad müəllimin bütün bu xidmətləri yüksək qiymətləndirilməlidir”.
R.Məcidin sevinc üzərində köklənmiş insan olduğunu bildirən “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas onun tənqidləri belə sevinclə qarşıladığını söyləyib.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çox əlamətdar gün olduğunu deyərək R.Məcidin Azərbaycan mətbuatının “loqolarından” biri olduğunu dilə gətirib. Müəllifin çox sədaqətli dost olduğunu qeyd edən baş redaktor kitabın R.Məcidin dostlarına münasibətinin mühüm göstəricisi olduğunu vurğulayıb.
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı kitabın mühüm əhəmiyyət kəsb etdiyini bildirərək R.Məcidin onlara bəslədiyi dost münasibətindən söz açıb: “Saytımız fəaliyyətə başladıqdan bir il sonra bağlanmaq təhlükəsi ilə qarşılaşmışdı. Bu zaman bizə Rəşad müəllim dost əlini uzatdı. Bizi lazımi avadanlıqlarla təmin edərək fəaliyyətimizi dayandırmamağımıza yardımçı oldu. Deyərdim ki, “Modern.az”ın bu yerə gəlib çıxması Rəşad Məcidin böyük əməyinin nəticəsidir”.
“Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Ərud kitab barəsində fikirlərini bölüşərək R.Məcidlə ilk müsahibəsindən söz açıb. O, R.Məcidin bütün tənqidlərə açıq olduğunu bildirib: “Biz jurnalistlərin dostu olmur. Kimi tənqid ediriksə, bizdən inciyir, küsür. Amma Rəşad müəllim belə şəxslərdən deyil. Onu tənqid edən zaman belə, buna xoş münasibət bəsləyir. Fikrimcə, bütün şəxslər Rəşad müəllim kimi olsa, bizimlə heç bir şəxsin münasibəti pozulmaz”. O, mətbuatımızın hazırkı səviyyəyə gəlməsində, öz gücünü, nüfuzunu qoruyub-saxlamasında R.Məcidin fəaliyyətinin mühüm əhəmiyyətinin olduğunu dilə gətirib.
Tanınmış jurnalist Azər Həsrət R.Məcidlə birgə səfərlərindən danışaraq, xatirələrini bölüşüb.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli R.Məcidin çox maraqlı şəxsiyyət olduğunu deyərək, kitabın əhəmiyyətli olduğunu qeyd edib. O, R.Məcidin “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunlarda azərkeşlərin stadionu doldurmasında mühüm fəaliyyətinin olduğunu vurğulayıb: “Rəşad müəllim təkcə media, publisistika sahəsində deyil, eyni zamanda digər məsələlərdə də xüsusi rol oynayır. O, “Qarabağ”ın oyunları zamanı bir çox tanınmış şəxslərə telefon açaraq onları oyuna dəvət edirdi. Hesab edirəm ki, onun “Qarabağ”ın oyunları zamanı azərkeşlərin stadionu doldurmasında mühüm rolu olurdu. Həqiqətən Rəşad Məcid çox səmimi insandır”.
R.Məcidin böyük müşahidə qabiliyyətinin olduğunu qeyd edən Y.Məmmədli onun hadisələrə çox incəliyinə qədər nüfuz etdiyini vurğulayıb.
Aqil LƏTİFOV