|
|
|
|
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosunun xətti ilə Bakının Yasamal rayonundakı 255 saylı orta məktəbdə gənc yazıçı Pərvinlə şagird və müəllim kollektivinin görüşü olub. Orta məktəbin direktoru Sevda Eminova görüşü açaraq bildirib ki, bu tədbir şagirdlərə, onların ədəbiyyata olan münasibətinə müsbət təsir edəcək. Ədəbiyyatı Təbliğ Bürosunun direktoru şair Nazim Əhmədli deyib ki, Pərvin, gənc olmasına baxmayaraq, ədəbi aləmdə xeyli uğur qazanmış yazıçıdır: "Pərvinin "Qar yağacaq" adlı ilk kitabı "Təhsil" nəşriyyatı tərəfindən çap edilib və bu kitab qısa zamanda müəllifinə böyük uğur qazandırıb. O, Gənc Ədiblər Məktəbinin ən fəal və istedadlı üzvlərindən biri olub, hazırda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Moskvada Gənc Yazıçıların Birinci Beynəlxalq Seminarında iştirak edib, Gənclər və İdman Nazirliyinin təqdimatı ilə bədii yaradıcılıq sahəsində "İlin gənc yazarı" mükafatını alıb".
Sonra söz Pərvinə verilib və o, əsərlərindən parçalar oxuyub. Yazıçının yaradıcılığı ilə tanış olan müəllim və şagirdlər ona müxtəlif suallarla müraciət ediblər. Sualları cavablandıran Pərvin məktəbdə belə bir görüşün keçirilməsi və oxucuların xoş münasibətinin ona yaradıcılıq üçün əlavə stimul verdiyini vurğulayıb.
Şahnaz NƏBİYEVA