Sənindir kainat, günəş, yer, Allah!
Nə görmək istəsən özün gör, Allah!
Gözlərə nur, işıq verməzdən əvvəl
Qəlblərə mərhəmət, iman ver, Allah!
Ya Rəbbim, rəhm eylə yaratdığına,
Ləyaqəti yoxsa, var vermə ona.
Dövləti çox olsa şərəfsizlərin,
Əl açar, baş əyər aqil nadana.
Yaxşını yamandan seçməsə bəşər,
Dünyanın başına oyun açar şər.
Nadanlar, zalımlar törəyib artar,
Qananlar qanmazla dəyişik düşər.
Ey insan, insafı unudan gündən
Xəmirin acımır, küt gedir kündən.
Varına güvənib zalımlıq etmə
Allah verdiyini alacaq səndən.
Olma adın, pulun, malın möhtacı
O deyil həyatın, dərdin əlacı.
Var-dövlətdən əvvəl ağlını artır
Anla ki, başların ağıldır tacı.
Yananda elə yan, alovun, közün
Aləmə nur saçsın, sevinsin gözün.
Alim ol, sair ol, kim olursan ol,
Məsləkdə, sevgidə özün ol, özün.
Gənclikdə qazansan ucalığını
Şərəflə yaşarsan qocalığını.
Sev-sevil, adını qəlblərdə ucalt
Neylirsən şərəfsiz cansağlığını.
Ömrünü ucaltmaq istəsən əgər,
Yaman əməllərdən qurtar birtəhər.
Halal çörək qazan, olmasın heç vaxt
Yediyin zəhrimar, içdiyin zəhər.
Dünyanın sirrindən baş açmayanlar,
Yolunu tez çaşıb naəlac qalar.
Haqqın, ədalətin yolçusu olsaq
Həm insan, həm də ki dünya şad olar.
Boş baş həm ayağa, həm cana yükdür,
Torpağa, millətə, insana yükdür.
Eşqsiz ürəklər, ağılsız başlar
Dünyaya bəladır, cahana yükdür.
Çalış dost itirmə, sadiq dost qazan,
Dostunu itirsən tənha qalarsan.
Vəfasız dostların çoxalsa əgər,
Başının üstünü alar ölüm, qan.
Nadan insanların şahı olmaqdan,
Aqilə qul olmaq yaxşıdır, inan.
Aqillər başını ucaldar sənin,
Nadanlar adına gətirər nöqsan.
Vara-pula satsan məhəbbətini,
Hər an itirərsən ləyaqətini.
Elə sev, elə qur, elə yarat ki,
Ellər xatırlasın hər zaman səni.
Məhəbbət sevdiyin andan yaxşıdır,
Saf ilqar min şöhrət-şandan yaxşıdır.
Saxta məhəbbətin əsiri olma!
Əl açıb dilənmək ondan yaxşıdır.
Gözü çıxarılan göz çıxarandan
Xahiş eylədi ki,əl saxla, dayan!
Dedi: - Zülm etməyin ləzzətini sən
Axirət evində duyarsan inan!
Tamahına ensən ömrün solacaq,
O səni tovlayıb tora salacaq.
Əgər tamahına sahib olmasan,
Başqaları sənə sahib olacaq.
Nadanla yoldaşlıq etməzdən əvvəl,
Sonrakı gününü bir az düşün gəl.
Namərdlik, alçaqlıq etsən anla ki,
Hər vaxt başın üstə fırlanar əcəl.
Ağlını nəfsinə qul eyləyənlər,
Nə haqqa əyilər, nə insaf bilər.
Tamahından qorun, ey insan oğlu,
Var-dövlət yolunda çox axıtma tər.
Var-dövlət yolunda tər axıdanlar,
Səhvini dünyadan köçəndə anlar.
Gəzdirər gözlərin hey sağa-sola,
Görər nə şan-şöhrət, nə vəzifə var.
Əgər bir ixtiyar sahibi olsan,
Çalış yaxşılıq et hər saat, hər an.
Dünya cənnət olar, ömür bəxtiyar,
Yaxşılıq yolunu tutsa hər insan.
Əyilsən nəfsinə əyilənlərə,
Ağlını itirib düşərsən şərə.
Nəfsin iti olsa ağlından əgər,
Səni barmağına dolayar hərə.
Allah verdiyinə naşükür olsan
Bir tikə çörəyə möhtac qalarsan.
Haqqına əyilsən, kamına yetib
Özündən, sözündən qüvvət alarsan.
Dərdin unutmaqçün şərab içən kəs,
Anlamır canına qəsd edir əbəs.
Ağıllı adamlar dərdə yanarlar,
Sərxoş baş dərd-səri dərk edə bilməz.