Şeirin günəşi, sultanı, həm xanı qəzəldir,
Könül evinin sevimli mehmanı qəzəldir.
Udda dil açar, nalə çəkər tarda, kamanda
Muğam oduna yandıran insanı qəzəldir.
Sözdür ağılın ölçüsü, söz güclü silahdır,
Əql ilə sözün vəhdəti, ünvanı qəzəldir.
Uydum adına, bəxtimə gün doğdu sevindim,
Sandım ürəyin çarəsi, dərmanı qəzəldir.
Çox vaxt gecələr nazlı gözəl tək məni tovlar
Ruhla qovuşan ömrümün hər anı qəzəldir.
Tahir, elə söz söylə ki, hər kəs duya bilsin
Ustad eləyən şair, qəzəlxanı qəzəldir.
lll
Bu dünyanın cəfasını dərdi duyub çəkən bilər
Gözlərini halallığa, həqiqətə dikən bilər.
Vətəndaşlıq dəyərini xalq yolunda can qoyanlar
Vətən üçün, millət üçün, öz qanını tökən bilər.
Kişiliyin, insanlığın, azadlığın mənasını
Qartal kimi zirvələrə, qanad açıb səkən bilər
Zəhmət, hörmət, alın təri, haqq-ədalət nemət nədir
Bunu torpaq sevgisiylə biçən bilər, əkən bilər.
Namərd, nadan, evlər yıxan, aqil, arif, igid kimdir
Düşməninin kürəyini, yerə vurub bükən bilər.
Tahir, könül rübabını sevənlərin üzünə aç
Xalq ruhunu, el qədrini quran bilər, tikən bilər.
lll
Ey təbib, bağrımı yar, ruhu götür canımdan,
Bəlkə eşqin bəlası xaric ola qanımdan.
Həsrəti darə çəkib, qəlbimi bəlkə görəsən
Xəbərin yoxmu sənin ah ilə əfqanımdan?
Cismimin od-alovu bihal edərkən çoxunu
Bəs nədən nazlı yarım asta keçir yanımdan?
Mən ki, asudə idim, dərdi-kədər bilməzdim,
Həyatım döndü tamam eşqə düşən anımdan.
Sevilib-sevmək üçün bizi yaratmış yaradan
Şikayət eyləmərəm heç vaxt yaradanımdan.
Dilbərin işvə-nazı ömrüm üçündür duyuram,
Tahirəm zərrə belə dönmərəm peymanımdan.
lll
Hal tutub əhvalıma yanmayır yarım zərrəcə,
Azalmır ah-amanım, dərdi-qübarım zərrəcə.
Gül açıb, bülbül gülür, gəlmir nigarım neyləyim?
Könlümə zövq verməyir bağım-baharım zərrəcə.
Bəxtimə qarə deyib, bəd taleyimdən küsmüşəm,
Qalmayıb cismimdə can, səbri-qərarım zərrəcə.
Ey məni xəlq eyləyən Tanrım, acı əhvalıma
Tablaram yar seyrinə düşsə güzarım zərrəcə.
Nə vaxtdır könlüm, gözüm möhtac qalıbdır yollara
Çatmayır imdadıma dövlətim-varım zərrəcə.
Tahirəm, eşqə, sözə vurğundur qəlbim, anla ki,
Başqa bir yol seçməyə yox ixtiyarım zərrəcə.
lll
Ey təbib, candan çıxan bu cana dərman varmı, de?
Eşq odunda yanmağa dübarə güman varmı, de?
Etibar, ülfət, məhəbbət aşiqin dərmanıdır
Zülm edən, qanlar tökən insanda iman varmı, de?
Yol kəsən, evlər yıxan binəva, nadan kəslərə
İnsanı incitməyə Tanrıdan fərman varmı, de?
Dünyanı viran qoyanlar cənnətin eşqindədir
Cənnətdə yer almağa onlar da imkan varmı, de?
Vətənə sadiqlərə doğma eldən, yurddan özgə
Üz tutub, can qoymağa bir başqa ünvan varmı, de?
Torpağın, xalqın, elin, yarım, sənin vurğununam
Tahiri siz tək duyan sevimli bir can varmı, de?
lll
Heyrətdə idim qəlbimi yar aldı sevindim
Möhnətdə idim qəlbimi yar aldı sevindim.
Hicran odunu dərdimə dərman eləyirdim
Şəhvətdə idim qəlbimi yar aldı sevindim.
Qol-boyun olub sevgili xəyallarım ilə
Söhbətdə idim qəlbimi yar aldı sevindim.
Eşqi, vəfanı pula satan kəslərə kəsgin
Nifrətdə idim qəlbimi yar aldı sevindim.
Könlüm quşu avaz ilə uçdu qəfəsindən
Qürbətdə idim qəlbimi yar aldı sevindim.
Sən də yuxunu yaxşıya yoz, Tahirə söylə:
"Cənnətdə idim qəlbimi yar aldı sevindim".
lll
Ruh gedib canan ilə, illərdir ki, can xəstədir,
Dərdimə etmir əlac, sanki həb, dərman xəstədir.
Nə qədər səy etdilər duymadı bir kəs halımı
Ya mənəm nəalac qalan, ya da ki, loğman xəstədir.
Ağaclar vaxtsız tökərsə barını, bil, anla ki,
Onlara can-can deyən qayğıkeş bağban xəstədir.
Kim ki, eşq, ülfət, məhəbbət əhlinə əl tutmayır
Anlamır sevgi, həyat, inan o insan xəstədir.
Sevgisiz, eşqsiz qalıb, böhran tutubdur dünyanı
Qan-qada tüğyan edir, can gedir, dövran xəstədir.
Vaxt keçir, siz yarıma ərz eyləyin əhvalımi
Tahirə salsın nəzər, bilsin qəzəlxan xəstədir.
lll
Nə imiş eşqi bəla, gəldi havasın gördüm
Eşq ilə dərdi-sərin qəlbdə davasın gördüm.
Aşiqi Məcnun edən çöllərə tutdum üzümü
Leylinin yaşlı gözün, ahı-nəvasın gördüm.
Haraya düşdü yolum yarına canım verənin
Ürəkdə etibarın, dildə duasın gördüm.
Sevilib-sevməyimə heç zaman peşman deyiləm
Çoxda ki, sevdiyimin cövri-cəfasın gördüm.
Axırı yar canını canıma qurban etdi
Qoymadı darda məni əhdi-vəfasın gördüm.
Tahirin qəlbinə ruh, gözlərinə nur verdi
Sözünü cilvələdi zövqü-səfasın gördüm.
lll
Bivəfalar nə bilir eşq ilə dərdin dəyərin,
Sənətin, xalqın, elin, torpağın, yurdun dəyərin.
Sədaqət, əhdi-vəfa zinətidir insanın
Yaradan özü verib arifin, mərdin dəyərin.
Ey təbib, rəhmə gəlib, qəlbimi bir an oxudun
Yaralı can-ciyərin axırı gördün dəyərin.
Yan keçib, şübhə edirdin mənim aşiqliyimə
Eşqimin, atəşimin yaxşı ki, verdin dəyərin.
Çox bəla çəkdi canın, şükür elə Tahir beləcə
Barını, bəhrəsini toplayıb, dərdin dəyərin.
lll
Üz tutub meyl eylədim sevgili-canana tərəf,
O da saldı yolumu qüsseyi-hicrana tərəf.
Gül üzündən nur alıb dünya gözəlləşdi, fəqət,
Salmadı zərrəcə nur mən olan ünvana tərəf.
Gördülər odlanıram çoxları tutdu üzünü
Mən kimi qəlbi yara, gözləri giryana tərəf.
Dedilər rəhmə gəlib aşiqini bir qonaq et
O, baxıb güldü, fəqət, gəlmədi mehmana tərəf.
Sınadı, gördü, eşitdi andımı, ilqarımı
Gəldi qəlbin üzünü güldürən insana tərəf.
Tahirin əhdi budur: xalqıma etsin köməyin
Allahım tutsun üzün daim Azərbaycana tərəf.
lll
Dəyişib zövqün, halın, sanki bu dövran kimisən,
Azalıb eşqin, odun, duydum nigaran kimisən.
Gözlərindən oxudum qəlbinə çökmüş kədəri
Karvanı düzdə qalan qayğılı sarvan kimisən.
Mal-pula səcdə edib ömrünü verdin yelə sən
Vaxt ötüb, gün dəyişib eşqdə peşiman kimisən.
Hanı o qönçə dodaq, işvəli süzgün baxışın
Yoxdur ruhun, elə bil oxsuz bir kaman kimisən.
Məni qorxutdu halın, sözümə baxmır ürəyim
Sanma ki, sən nəzərimdə quru güman kimisən.
Tahiri dərdə salıb bağrını yarsan da, gülüm,
Sən onunçun yenə də sevgili insan kimisən.
lll
Dərd mənim, fərman sənin, ver dərdə adət etmişəm,
Dərd-səri həmdəm bilib sanma qəbahət etmişəm.
Həsrətin qəlb mülkümə şövq ilə nurun saçdırar
Dərdimi cilalayıb var ilə dövlət etmişəm.
Ahımı-fəryadımı bir kimsə duymaz, anlamaz
Çünki hicran naləsin gizlində, xəlvət etmişəm.
Canımı eşqim üçün qurbanlıq etdim, sanmayın
Taleyimdən bezmişəm, ömrə xəyanət etmişəm.
Həsrətimlə, hicranımla fəxr edib, şad olmuşam,
Dərdlərimdən nəf edib halımı babət etmişəm.
Tahirəm millət, vətən xoşbəxtliyi, andım üçün
Üzümü haqqa tutub hər gün ibadət etmişəm.
lll
Ey könül, eşqin bəlasın aləmə car etmə gəl
Döz yarın hicranına, hər sirri aşkar etmə gəl.
Əhdinə, amalına sadiqliyindir şöhrətin
Yan, yanıb kül olmağından zərrəcə ar etmə gəl.
Ah edib, dərd çəkməyindən əl götürmə, anla ki,
Dərd səni aşıq edib, bu dərdi inkar etmə gəl.
Çoxları eşqindən ötrü ömrünü qurban edib,
Dərdinə dərman, təbib yoxdursa dur, var etmə gəl.
Min dəfə cəhd eyləsən də, anlamazsan dərdimi,
Ey təbib, dərman üçün böylə çox israr etmə gəl.
Rəhm eylə, ey dilbərim, candan çıxan canıma bax,
Tahirə bir çarə tap, güldür onu, xar etmə gəl.