
Azərbaycan Mərkəzi Bankı ilə investisiyaların sığortalanması mexanizmi hazırlanır.
525.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, əmanətlərin sığortalanması sistemi qarşısında yeni çağırışlar mövcuddur: "Həmin çağırışlardan irəli gələrək yeni sığorta istiqamətlərinin yaradılması nəzərdən keçirilir. Hazırda Mərkəzi Bankla birlikdə investisiyaların sığortalanması mexanizmi üzərində iş aparılır. Eyni zamanda, layihə mərhələsində olan digər təşəbbüslər də var və onların detalları vaxtı çatdıqda ictimaiyyətə açıqlanacaq".
A. Əmirov bildirib ki, Fondun maliyyə sabitliyinə töhfəsinə gəldikdə isə, onun mövcudluğu özü-özlüyündə maliyyə sabitliyi üçün mühüm təminatdır: "Əmanətçilər bilirlər ki, sığorta hadisəsi baş verdikdə – yəni bank müflis elan olunduqda, moratorium tətbiq edildikdə və bu, məhkəmə qərarı ilə təsdiqləndikdə – qorunan əmanətlər üzrə onlara qanunvericilikdə nəzərdə tutulmuş həddə qədər kompensasiya ödəniləcək. Bu əminlik vətəndaşların bank sisteminə və ümumilikdə ölkənin maliyyə sabitliyinə inamını gücləndirir. Hesab edirik ki, Azərbaycanda tətbiq olunan kompensasiya hədləri orta statistik göstəricilər baxımından bir çox Avropa ölkələrinin səviyyəsinə yaxındır. Keçmiş postsovet məkanının əksər ölkələri ilə müqayisədə isə daha yüksək təminat hədləri mövcuddur. Bu da banklarda vəsaitlərini saxlamaq istəyən şəxslər üçün əlavə təminat yaradır. Təbii ki, maliyyə sabitliyi yalnız əmanətlərin sığortalanması ilə məhdudlaşmır. İnsanların bank sisteminə inamına təsir edən digər mühüm amillər də var. Bununla belə, hazırkı vəziyyətdə bank sisteminə etimadın kifayət qədər yüksək səviyyədə olduğunu hesab edirik".



