Bu ay Meksikada yüzlərlə insanın ölümü, xəsarət alması ilə nəticələnən iki güclü zəlzələ baş verib.
Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, Meksikanın tarixində ən güclü zəlzələ cari ilin sentyabrın 7-ə təsadüf edib. Zəlzələ Rixter şkalası ilə 8,2 bal gücündə qiymətləndirilib. Həmin zəlzələ ölkənin cənubunda yerləşən Çiapas və Oaxaka ştatlarında 97 nəfər insan tələfatı daxil olmaqla, böyük ziyanlarla nəticələnib.
Sentyabrın 19-da isə Rixter şkalası ilə 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu ikinci zəlzələ Meksikanın 7 ştatında hiss edilib. Zəlzələdən əziyyət çəkmiş ştatların təqdim etdiyi son rəsmi məlumatlara əsasən, faciə nəticəsində 246 nəfər insan həlak olub, Mexiko şəhərində 38 bina dağılıb. Ümumilikdə, 7 ştata ciddi ziyan vuran ikinci zəlzələnin episentri Mexiko şəhərindən 120 km məsafəsində yerləşdiyi üçün ölkənin mərkəzində təkanlar güclü şəkildə hiss olunub.
Təbii fəlakət 1985-ci ilin sentyabrın 19-da minlərlə insan tələfatına səbəb olan 8,1 bal gücündəki zəlzələnin anılması üçün meksikalıların küçələrdə toplanmasından iki saat sonra baş verib. Meksika prezidenti Enrike Penya Nieto 19 sentyabr 2017-ci il tarixində MX Planını işə salaraq silahlı qüvvələrə dağıntılar altında sağ qalanların xilas edilməsində yerli hakimiyyət və vətəndaşlara kömək etmələri üçün əmr verib. Eyni zamanda, 7 sentyabr zəlzələsi nəticəsində ziyan çəkmiş Çiapas və Oaxaka əhalisinə yardımın davamlı şəkildə göstərilməsinə dair təlimat verilib. Meksika vətəndaşları könüllü şəkildə xilasetmə tədbirlərində aktiv iştirak edirlər.
Ceyhun ABASOV