Körpə hər şeydən əvvəl işıq axtarar. Gözlərini işığa zilləyər niyəsini bilmədən. Hərdən düşünürəm ki, bəlkə də, bilir... Axı həmişə işıq axtarır insan. Ömrümüzün işığı ömrümüzdən keçən insanların işığıdır həm də. Və insan bu işığı görmək üçün mənəvi sağlamlığını qoruyur. Bir də fiziki sağlamlığımız var. Ən gözəli isə fiziki və mənəvi sağlamlığımızın güvəni olanlardır. Onu tanıyanlar bu güvəni tapmış olurlar.
İşıqlı ailədə dünyaya gəlib. Özü ilə də işıq gətirib. Təkcə doğmalarının həyatına deyil, hamımızın həyatına.
Mən gözümüzün işığını düşünmədən etibar edə biləcəyimiz və varlığı ilə qəlbimizə rahatlıq gətirən Tural Qəlbinurdan bəhs edirəm. Haqqında çox danışılır, çox yazılır - çoxlarına tanışdır bu ad: oftalmoloq Tural Qəlbinur.
13 yaşında orta məktəbi bitirib. Sonra Tibb universitetində təhsil alıb. Özünün dediyi kimi, məktəb və tələbə yoldaşları ondan böyük olublar. Əslində yaşca böyük olublar.
1995-ci ildən 2001-ci ilə qədər, yəni 13 yaşından Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində oxuyub. 2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində Vakıf Gureba Tədris xəstəxanasının (Bezmi Alem Vakıf Universiteti) Göz xəstəlikləri kafedrasında oftalmologiya ixtisası, 2006-2008-ci illərdə isə İsrailin Yerusəlim şəhərində dünyanın ən aparıcı Tibb universitetlərindən biri olan Hadassah-Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship - yüksək ixtisasartırma təhsili alıb.
O, 2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində dünyanın ən aparıcı Tibb universitetlərindən biri olan Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili alan və göz cərrahı kimi çalışan ilk azərbaycanlıdır.
2009-cu ildə Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub.
2005-ci ildə "Neovaskulyar Qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu" mövzusunda dissertasiya işinin müdafiəsindən sonra tibb elmləri namizədi alimlik dərəcəsini alıb.
2016-cı ildə - 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsinə yiyələnən ilk oftalmoloq-həkimdir. Dissertasiyasının mövzusu isə belədir: "Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sistemi (eksperimental-klinik tədqiqat)".
Onu anadan olandan - 1982-ci ildən qiyabi tanıyırdım. Elə o vaxtdan da dünyaca məşhur hörmətli professorumuz, oftalmoloq, şair Paşa Musayevi tanımışam. Ötən əsrin 80-ci illərində onunla şair Paşa Qəlbinur kimi tanış olmuşdum. O illərdə alim kimi xeyli uğurları vardı, amma o qədər sadə, təvazökar idi ki, bu haqda heç danışmazdı, forslanmazdı yəni. Sadəcə nurlu bir insan kimi sevdim onu. Ömrümüzdən çox insanlar keçir. Amma itirmək istəmədiklərimiz çox olmur Paşa Qəlbinur kimi. Bu iilərdə xanımı ilə tanış oldum, övladları haqqında az-çox bilgilərim oldu. Ayan, Aysel və Tural. Hər üçü uğurlu göz həkimidir. Onların hər bir uğuruna sevinirəm.
Canımız ağrıyanda, sağlamlığımızda problem olanda həkimə getməli oluruq. Öncə həkim axtarırıq - yaxşı həkim. Daha dəqiq - vicdanlı həkim, görəndə inana biləcəyimiz həkim. Mən təkcə özümün deyil, əziz varlıqlarımın - qızımın, nəvəmin, yaxınlarımın göz işığını ancaq sevimli professorumuz Paşama etibar etmişəm. Vəzifəm, varım-dövlətim olmasa da, həmişə diqqət, hörmət gördüyüm, heç bir müraciətimi geri çevirməyən çox az sayda dəyərli insanlardan biridir.
Professor, şair Paşa Qəlbinurun davamçıları olan övladları da belədir.
Son illərdə isə Tural haqqında Paşa Qəlbinurun oğlu olmasının fərqində olmadan, çox tərif eşitmişdim. Xarici ölkələrdən aldığı iş təklifini qəbul etməyib, vətənə döndüyündən də xəbərdar idim. Bu da məni sevindirmişdi. Savadlı insanlar həm də xalqın mənəvi sərvətidir. Müəyyən səbəblərdən xarici ölkələrə üz tutanlara uğur arzulasam da, onların ölkədən getməsinə çox üzülürəm. Onların arasında haqsızlığa məruz qalanlar da var. Çox istərdim ki, məsul, səlahiyyətli şəxslər savadlı gənclərimizin ölkədən getməsinə diqqətli olsunlar, onlara öz dövlətinin inkişafında çalışmaq üçün şərait yaratsınlar.
Mən sizə öz işinin peşəkarı olanlardan birindən, yalnız xəstələrinin deyil, ölkəsinin də işığını qoruyan 34 yaşında Azərbaycanda tibb elmində ən gənc elmlər doktoru olmuş peşəkardan danışıram. Yazını oxuyanlar arasında "o qədər savadsız professor, ya həkim var ki" - deyə düşünənlər olacaq. Mən də yazarkən bunu düşündüm. Elmi dərəcəsi olmayan, amma çox savadlı həkimlərimiz də var.
Gözümüzü götürüb yanına getdiyimiz, saatlarla qəbuluna düşməyi gözlədiyimiz, bizə işıq verən, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə uzman Tural Qəlbinur isə məhz öz sənətinin ləyaqətini, qüdrətini uca tutan, sevdirən həkimdir. Onu görəndə, ünsiyyətdə olanda, əllərinin sehrini hiss edəndə həkimləri, hətta xəstəliyini də sevirsən. Haqqında məlumat çoxdur. Mən öz gördüyümü, şahidi olduğumu yazıram.
Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz Araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin və Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüdür. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb. 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir.
Bu məlumatları vikipediyadan götürdüm.
O, həm də ölkəmizdə tor qişa-retina cərrahiyyəsini ən müasir üsulla edən ilk oftalmoloq cərrahdır. "Sarı ləkə", "Şəkərin gözə fəsadları", "toyuq korluğu" kimi xəstəliklərin müalicəsində eksperimental-kliniki çalışmaları olan və bu çalışmaları dünyanın ən reytinqli elmi jurnallarında çap olunan yeganə Azərbaycan alimidir.
Həkim ilk ünsiyyətdən inam yaratmadısa, çətin olur. Həkimə inamsızlıq varsa, sağalmazsan. Həkimin təbəssümü də məlhəmdir. Laqeyd, soyuq baxışla xəstənin müalicəsindən öncə, işin maddi tərəfini güdən həkimin müalicəsi nəticəsiz olar, əksinə mənəvi ağrı verər. Nə yaxşı ki, Tural Qəlbinur kimi öz xalqına xidmət edən, fiziki və mənəvi sağlamlığımızı qoruyan savadlı cavanlarımız var. Sərvətimz olan onun kimi savadlı cavanlar işığımızı qoruyurlar. Biz də onları qoruyaq. Qoruyaq ki, vətənimizin işığı çox olsun!