Dünya xəritəsində yer almış dövlətlər sırasında ərazisinə görə 9-cu yerdədir.
Ərazisi 2 milyon 730 min kilometrdir. Bu ərazinin 44 faizi səhradan, 12 faizi isə yarımsəhralardan ibarətdir. Bu səhralarda nələr olmadı? Kimlər doğulmadı? Kimlər yaşamadı? Kimlər gəlib keçdi, kimlər at oynatdı, kimlər qaldı?!..
Türk xaqanlarının, monqol Çingiz xanın və Qızıl Ordanın, Göy türklərin xanlıqlar qurub, döyüşlər etdiyi, toy çadırları, oğul yurdları saldığı qədim, sirli səhralar.
Bu il xanlıqlarının 550 illiyini qeyd edən Qazax elinin və türk xaqanlarının kiçik Səhralara sahib olma səhifələrini , bir balaca da V-VI əsrlərdəki tarixlərini vərəqləmək istəyirəm. Yəqin ki, oxuucularımız üçün də maraqlı olacaq. Ulu türk tariximizi dərindən bilməsək TARİX bizi bağışlamaz!!!
Türk tayfalarının tarixi səhifələrinin ağrılı səhifələrindən biri də odur ki, hər kəs “MƏN” deyib, o biri “MƏN”lə vuruşdu. Ən azı İlteriş xanın VI əsrdə çağırdığı Qurultayda Mengu daşa vurduqları BİRLİK möhürünü, Güntəkinin yazdığı Birlik Nizamnaməsini həyatda qoruya bilmədilər. Qardaş-qardaşla, tayfa-tayfa ilə vuruşdu çox vaxt.
Qədim Səhrada hakimiyyətinin gücləndiyini hiss edən Məvarənnəhr və Xarəzmlər qazaxların köçəri tayfaları ilə qanlı müharibələrə başladılar. 1237-ci ildə yerli qıpçaqlar qarşılaşdıqları ordudan gücsüz olduqlarını hiss edib, Batı xanın rəhbərliyi ilə monqolların ordusunda xidmətə keçdilər. Və Xarəzmşahlara qarşı birləşərək, Şərqi Avropanı zəbt etmək planını gerçəkləşdirdilər.
Böyük türk səhraları üç monqol ulusunun tərkibində birləşdi. Sərkərdələri isə Çingiz xanın oğlanları oldu. Şərqi Dəşti Kıpçaq Səhraları Balxaşa qədər Çingizxanın böyük oğlu Cuçiyə tapşırılmışdı. Şərqi Türküstana ikinci oğlu Çığatay nəzarət edirdi. Üçüncü oğlu Tərbağataya isə Mərkəzi Asiyadakı yuxarı İrtış və Şərqi Monqolustan həvalə olunmuşdu.
Bu gün də müasir qazaxların həyatında Qızıl Ordalıların məişət və mədəniyyət detalları qorunub saxlanmaqdadır. Təəccüblü deyil ki, XIII əsrin sonları və XVI əsrin əvəlləri monqollarda artıq türkləşirdilər. Bu da Batı xanın bir zamanlar güclü Çingiz Ordusuna baş əyib, onunla ittifaqa girməsinin müsbət sonluğu idi. Bəhrəsini sonrakı türk xalqları və tayfaları gördülər. 7 dünya hökmdarı Fateh Teymur 1391-ci ildə Qızıl Ordanı darmadağın edəndən sonra isə, monqollar və digər xalqların yaşadığı, onun nəzarətində olan bütün ərazilərdə türkləşmə sürətləndi. Fateh Teymurun hakimiyyəti o qədər güclənmişdi ki, ətrafında 27 dövləti birləşdirmişdi.
Monqolların səhradakı dövlətçilik ənənələri bu ərazilərdə yaşayan tayfaların həyatına köçəriliyi miras qoydu. Əslində köçəri həyatın faydaları Çingiz xanın “Yasa”sında (Qanun kitabı) öz əksini tapmışdı. Sonra bu qaydalar qazaxların “7 Qanun” (“Jetti jasa”) kitabında da öz əksini tapdı. Əsasını bu qanunlardan götürən və bu günə kimi qazax ellərində, ailə və nəsillərində yaşayan “Üç cüz” ənənəsi heç pozulmadı. Çingizlər sülaləsinin üç ulusu, qazax ellərində üç cüzə çevrildi. Ən əsası isə çingizilər türklərə qarışaraq baş cüz olan - birincini cüzü yaratdılar.
Qızıl səhralarda Qazax Xanlığı
... İllər ötdü qərinələr yaratdı, qərinələr əsrlərə çevrildi. Bu səhralarda, bu ellərdə, bu malikanələrdə müharibələr dayanmadı. Bir xan o birini bəyənmədi.
Özbək ulusunun sultanı Abulhayır xana etiraz edən Canibəy və Kerey xan qardaşları sahibi olduqları aul və torpaqlarda olan 200 min adamı ilə birlikdə 1458-ci ildə zümrüd sulu Sırdərya sahillərindən Jetti sunun (Yeddi su) nun şərqinə köç edirlər. Monqolların hakimiyyəti zamanında bu yerlərin xanı olmuş Esen Buqi xanın torpaqlarında yerləşirlər. Canibəy və Kerey xan qardaşları ilə yeni ərazilərdə təşəkkül tapan azad insanlar özlərini “qazax” adlandırırlar. 1465-ci ildə isə Qazax xanlığını elan edirlər.
1468-ci ildə Abul hayr xan dünyadan köçdü. Yenə tayfa savaşları, Böyük səhraya sahib olmaq uğrunda müharibələr başladı. Şeybanilər və Noqaylar arasında davalar ara vermədi.
Hakimiyyət tədricən Canibəy xanın övladlarına keçir. Tarixçilər qeyd edir ki, Canibəy xan və sülaləsinin apardığı dövlət üsul-idarəsi nəticəsində Qazax xanlığı əzəmət və qüdrət sahibi olur. Canibəy xanın oğlu Qasım xanın hökmdarlığı dövründə (1511-1521) qazax xanlığının çiçəklənmə dövrü başlayır. Xanlıq o qədər möhkəmlənir ki, hətta çox asanlıqla Daşkəndi də öz hakimiyyətinə alır. Döyüşdə qazandığı uğurlar, ətrafda olan xanlıqlarda qısqanclıq yaratmaya bilməzdi. Bu uğurlar Noqay Ordasını narahat etməyə başlayır. Qasım xan noqayların paytaxtı Saraycıqı ələ keçirərək, Noqay Ordasını Həştərxan xanlığına tərəf sıxışdırır. Qasım xanın apardığı islahatlar nəticəsində xanlıq böyüyərək, əhalisi 1 milyon nəfərə çatır.Qazax xanlığının möhkəmlənməsini seyr edən rus dövlətinin çarı Vasiliy Temniy Qazax xanı Qasım xanla ittifaq bağlayır. Moskva ilə siyasi və iqtisadi əlaqələr genişlənməyə başlayır. Bununla da qazax xanlığının Şərqi Avropada yeni xanlıq üsul-idarəsi təşəkkül tapır. Dəşti Kıpçaq xanlığı günü-gündən möhkəmlənməyə başlayır.
Sarayında ən savadlı elm adamlarını, qaziləri, biyləri, bəyləri saxlayan Kasım xan XVI əsrdə hakimiyyəti dövründə yeni qanunlar toplusunu yazdırır. “Qasım xanın? qasqa jolı”( “Qasım xanın işıqlı yolu”) adlı Ana yasa 5 əsas hissədən ibarət olur. Bu kitabda Mülkiyyət Qanunu, Cinayət Qanunu, Hərbi Qanun, Səfirlik adəti, Yurdçuluq qanunu öz əksini tapır. Qasım xanın dövləti Dəşti Kıpçaq xanlığı kimi formalaşır. Tez bir zamanda xanın sülaləsinin və özünün şəkli həkk olunmuş gümüş pul sikkələri hazırlanır.
1523-cü ildə Qasım xan vəfat edir. Bir neçə il keçəndən sonra isə Qasım xanın nəvələri arasında hakimiyyət mübarizəsi güclənir və bu qarışıqlıq nəticəsində xanlıqda vərəndaş müharibəsi başlayır. Qanlı döyüşlərdə Qasım xanın oğlu Haq Nazar qalib çıxır. Lakin daxili çəkişmələr özbək və monqol hakimlərinə Dəşti Qıpcaq xanlığına qarşı birləşməyə rəvac verir. Xanlıq Sırdərya sahillərindəki ərazilərini yavaş-yavaş itirir. Haq Nazar xan dünyasını dəyişdikdən sonra, nəsil şəcərəsi qanunlarına uyğun olaraq onun oğlu Şiqay 1580-ci ildə taxta çıxaraq “Xan” titulunu alır. Taxta çıxanda Şiqay xanın 80 yaşı olur.
Səhra xanlarının Qanun toplusu “Esim xanın eski jolı”
Qazax xanlığının tarixinin maraqlı səhifələrindən biri də 1565-1628-ci illərə təsadüf edir. Bu Qazax xanı Esim xanın hakimiyyətinin qızıl dövrü sayılır. Qasım xan və Haq Nəzər xandan sonra üçüncü xanlıq dövrünü idarə edən Esim xan Sığnaqdan paytaxtı Türküstana köçürür. Bu gedişlə də Daşkəndi ələ keçirən qaraqalpaqların üsyanının qarşısını alaraq, onları Sırdərya çayı sahillərindən qaçmağa məcbur edir. Çox dəqiq sərhəd və dövlət taktikası yeridən Esim xan Buxara ilə 1598-ci ildə sülh müqaviləsi bağlayaraq, Türküstandakı əyalətlər üzərində hakimiyyəti nəzarətə götürür. Esim xanın ölümündən sonra hakimiyyət onun oğlu Çanibəyə keçir. Lakin dövləti Esim xanın digər oğlu Cahangir sultan idarə edir. Esim xandan dövlətinə bir çox qanunlar yadigar qalır.
Hakimiyyətdə olduğu 63 il ərzində daxili çəkişmələrin şahidi olan Esim xan yeni qanunlar yazır. Bu qanunların yazılması ilə isə, Qazax Dövlətinin siyasi sistemini dəyişməyə nail olur. Belə ki, o özündən əvvəlki xanların qanunlarını dəyişir. Qanunlar - “Esim xannın eski jolı”(”Esim salqan eski jol”) “Esim xanın qədim yolu” adlı Ana Yasa kitabında yazılır. Əslində yeni yazılan qanunlar Qasım xanın yazdığı kitaba əlavələr idi. Bu qanun aktında xanın səlahiyyətləri, səhra biylərinin (hakimlər və qazilər) və batırların (döyüşçülər) hüquqları və vəzifə borcları öz əksini tapır.
Qanunverici orqan hakimiyyət kimi isə Məsləhət (Maslixat) yaradılır. Məsləhətə qazax icmalarının nüfuzlu sultanları, ulusları seçilir. Məsləhət ildə bir dəfə yığılaraq, lazım gəldikdə qanunları təzələyirdi. Məslihətin verdiyi qanunlardan biri də Çingiz xanın qanun kitabından götürülmüş nəsil, şəcərə, cüz qanunu olur. Qazaxıstanda bu qanunlar əslində xalq içində bu gün də saxlanmaqdadır.Cüzlər üç qrupa bölünür:
Yuxarı cüz: Sırdəryadan Yetti Suya qədər səpələnən uysun, kanqlın, dulatlı, albanı, suanı, sırğalı, ıstı, oşaktı, cəlair tayfalarına aid edilir.
Orta cüz: Mərkəzi və Şimali Şərqi Qazaxıstanda yaşayan qıpçaq, arqın, yaki, nayman, konurat, kereyit və digər tayfaları birləşdirir.
Aşağı cüz: Sırdəryanın aşağı axarı ərazilərində Aral dənizi və Xəzər dənizi sahillərində məskunlaşan tayfalara şamil olunur.
Bundan əlavə Qanun kitabında 12 tayfa və nəslin də adı həkk olunur.
Qanunlara görə yuxarı hakimiyyəti Xan idarə edir. Bu qanunlarda törətdiyi qanunsuz əməllərə görə cinayərkarların cəzalandırılması da xüsusi yer tutur. Cəzadan qurtulmaq istəyən müttəhim kun ödəməli idi. Kunun məbləği cinayət törədənin və zərərçəkənin yaşayış səviyyəsinə uyğun olaraq təyin edilirdi. Məsələn, bir nəfər kişi öldürən şəxs 1000 qoyun, qadını öldürən isə 500 qoyun verərək, canını cəzadan qurtara bilərdi. Sultan və ya Xocaları öldürən 7 adama düşən pay qədər kun ödəməli idi.
Məsləhətin ildə bir dəfə keçirilən Qurultaylarına silahsız gələn nümayəndə iclaslara buraxılmırdı. Qan qohumları ilə 7 arxa dönəndən evlənmək olmazdı. 13 yaşı olan şəxs artıq cinayət məsuliyyətinə cəlb oluna bilərdi. Eyni zamanda ailə nigahlarına da 13 yaşında girməyə icazə verilirdi. Bu qanunlar Qazaxıstanın XVI-XVII əsrlərdə bərqərar olan ərazilərində tətbiq olunurdu.
Qazax xanlığında köçərilik geniş yayıldığından burada əsasən məişətdə işlədilən qab-qacaq sənətkarlığı, yurtu bəzəmək üçün (çadır nəzərdə tutulur) əl işləri sənətkarlığı - toxuculuq, tikmə, boyama kimi sənət növləri inkişaf etmişdi. Eyni zamanda hərbi silahlar hazırlamaq da sənətkarlıq məktəbinə aid idi. Əsasən köçəri maldarlıq təsərrüfatı ilə məşğul olan qazaxlar geyimlərini dəvə və qoyun yunundan hazırlayırdılar.
Qazaxlar uşağın doğulmasını, toy adətlərini, xanın seçilməsi mərasimlərini, düşmən üzərində qələbəni, dini və urfani mərasimlərini xüsusi olaraq qeyd edirdilər. Bu günə kimi də gəlib çıxan qədim adətlər qazax xalqı içərisində qorunub saxlanmaqdadır. Mətbəx mədəniyyətlərində isə əsasən ət və süddən istifadə edirdilər. Süddən ayran, qaymaq, qurut, koja, sarımay, kımız və şubat hazırlayardılar. Yeməkləri dəstərxana adətən dəridən hazırlanmış qablarda gətirər və saxlayardılar..
Ailə qurulması məqamında qız evi oğlan evindən mütləq kalım alar, nigahlar valideynlərin razılığı ilə kəsilərdi, bir qayda olaraq, 7 arxadönən qohumla evlənmək cinayət və günah sayılardı. Səhra qanunlarına görə hər bir adam 7 babasını (“Jetti Ata”) 7 arxa dönəndən tanımalı idi.
Təqdir olunası məqam odur ki, qazax xanlığından qalan bu dəyərli ailə qanunları, tabu kimi bu gün də qorunub saxlanmaqdadır.
XVI-XVII əsrlərdə qazax xanlıqlarında İslam dini dövlət səviyyəsində Türküstan, Xarəzm, Buxaranın mərkəzlərində yayılsa da, insanlarda Göy Tanrıya inanc daha güclü idi. Qazaxlar Yer ananı Torpağın ruhu, Su ananı isə suyun ruhu sayırdılar. Müqəddəs bildikləri pirlərin, qəbirlərin üzərində qurbanlar kəsərdilər. Oda-ocağa inanc onların məişətində və əxlaqında xüsusi yer tuturdu. Bununla belə qazaxlar həm də şaman inancına söykənir, hətta əcdadlarının inanclarına hörmət əlaməti olaraq, heyvanlara da təzim edirdilər.
Sırdərya ətrafında yerləşən şəhərlərdə müsəlman ruhaniliyi böyük rol oynayırdı. Od ana (ocağa, oda) deyirdilər bu ocağın qoruyucusu idi. Onların inanclarına görə inəkləri qoruyan ruh- Zəngi, keçi və qoyunları qoruyan ruh- Şopan, atın qoruyucusu - Qəmbər, dəvəni hifz edən isə Oysıl idi. Gecə göylərdə görünən Böyük ayı bürcünə Jeti Karakşı (Yurdu qoruyan), Marsı isə Qızıl ulduz “Kızıl juldız” adlandırırdılar. Yaman ruhları, gözü nəzəri, nəfsi Odla qovurdular.
Qazax xanlarının rus imperatoru Anna İoannovnaya elçiliyi
Qazaxıstan dövlətinin maraqlı səhifələrindən biri də rus imperiyasının tərkibinə daxil olmasıdır.
XVII əsrin 20-ci illəri Qazaxıstanın dövlətçilik tarixində ən ağrılı və ağır dövr hesab olunur. Qonşu xalqlarla bitib-tükənməyən müharibələr, əsasən də Şərqdən Cunqarların mütəmadi baş verən hücumları , dövlətin sosial-iqtisadi həyatına güclü zərbələr endirməkdəydi. Vəziyyətin mürəkkəbliyini nəzərə alan xanlar çıxış yolu axtarırdılar. Həmin dönəmdə Abulhair xanın cüzundən olan ağsaqqallardan ibarət bir qrup şəxsi danışıqlara başlamaq üçün rus imperatorunun yanına elçi göndərərək, onlara himayədarlıq etməsini istədilər. Rus şahzadəsi, Romanovlar sülaləsinin davamçısı Anna İoannovna 1731-ci il 19 fevralda Aşağı cüzün Rusiyanın tərkibinə daxil olması barədə fərman imzaladı. Sultan Barak xan bu ittifaqa etiraz edərək müxalifətdə dayansa da, elə həmin il oktyabrın 10-da Qazaxıstan Rusiyanın təbbəliyini qəbul etdi. Bu fərmanla Rusiyanın iqtisadi imkanları genişləndi, Rusiya güclənməyə başladı. 18-ci əsrin 30-cu illərində isə Qazax xanlıqlarından əl çəkməyən Cunqarlar orta cüzün yaşadıqları əraziləri darmadağın etməyə başladılar. Orta cüz də, xilas yolunu Rusiya ilə birləşməkdə gördü və 1934-cü il iyunun 10-da o da rusun boyunduruğuna girdi. Bu Romanovlar sülaləsi üçün geniş fürsət idi. Qazax cüzlərinin ağsaqqalları düşmən saydıqları cunqarların hücumlarından qurtara bilmədikləri üçün, qurtuluşu Rusiyaya birləşməkdə görürdülər. 1733-1734-cü ildə Yuxarı Cüzün xanı Jolbarıs xan da Peterburqa elçi göndərərək, Rus təbbəliyini qəbul etmək arzusunda olduğunu izhar etdi.
Aradan bir əsr keçəndən sonra, 1837-ci ildə Qazax sultanı çingizilər nəslindən olan Abılay xanın nəvəsi Kenesarı Qasımov milli azadlıq hərəkatı yaradaraq, rus imperiyasına qarşı Azadlıq üsyanına başladı. Onun rəhbərlik etdiyi üsyan demək olar ki, Qazaxıstanın bütün ərazisini əhatə etdi. 1838-40-cı illərdə isə Sultan Kenesarı tərəfdaşları ilə iki cəbhədə-cənubda Kokand xanlığı ilə, şimalda isə digər qazaxlarla vuruşurdu. Onun əsas məqsədi Xan titulunu yenidən qazanıb, ölkəsinə azadlıq gətirmək idi. Tale üzünə gülürdü. Mübarizəsi haqq işi idi. Xalqını azadlığa çıxaracaqdı. 1841-ci ildə Kenesarı sultan uğurlu döyüş əməliyyatları keçirərək, Qazax xanlığını yenidən Ata yurdunda bərpa etdi. Onun əsas tərəfdaşları biylər,bəylər,hakimlər, qazilər və batırlar (yəni döyüşçülər) oldular. Kenesarı XVIII əsrdə sözün əsl mənasında dövlət aparatı qurdu. Ordusuna güvəndiyindən Kenesarı xan 1837-ci ildə rus imperiyasına qarşı başladığı mabarizəsini davam etdirdi . Rusların tabeliyində olan əraziləri rus hakimiyyətindən təmizlədi. 1844-cü ildə Yekaterina qəzasını da ələ keçirə bildi. 1847-ci ildə Kenesarı əraziləri rus təbbəliyindən təmizləmək üçün qırqızların ərazilərinə hücum etdi. Bu döyüşdə qırqızlar, kokandlılar ruslarla Kenesarı xana qarşı birləşdilər. Döyüşlərin birində Kenesarı xanı əsir götürdülər və bundan sonra, onun həlak olma xəbəri yayıldı.
XIX əsr. Mavi bayraq. Azad və Müstəqil Qazaxıstan
SSRİ tərkibində olan 15 respublika kimi, Qazaxıstan da 70 il rus imperiyasının boyunduruğu altında yaşadı. 1986-ci ilin 16-17 dekabrında qazaxların milli ruhu, milli iradəsi yenidən azadlıq istədi. Almata şəhərində Sovet quruluşuna etiraz aksiyasına çıxanlara meydanlarda divan tutuldu. Ara bir az sakitləşəndən sonra, Qazaxıstan Mərkəzi Komitəsinin I katibi dəyişdirilərək, yerinə Nursultan Nazarbayev təyin olundu. 1990-cı il aprelin 20-də Nursultan Nazarbayev Qazaxıstan SSR-nin ilk prezidenti seçildi, 1991-ci il dekabrın 1-də isə ölkədə referendum keçirərək, Qazaxıstanın Konstitusiyasında dəyişiklik etdi. 16 dekabrda isə ölkəsinin müstəqilliyi haqqında fərman imzaladı. Müstəqil Qazaxıstanı ilk olaraq, müstəqilliyini elan edəndən 2 dəqiqə sonra Türkiyə Cümhuriyyəti tanıdı.
Müstəqil Qazaxıstan Dövlətinin başçısı olandan isə çox ilkə imza atdı. Semipalatinskdəki nüvə poliqonunu dayandırmaqla tarixə adını sülh carçısı kimi yazdı. TÜRKSOY təşkilatı, Avrasiya Birliyi, “YEDDİ MƏMLƏKƏT- BİR HƏRƏKƏT” prinsipi kimi qlobal ideyaları... artıq təşəkkül tapmaq üzrədir.
Qazax xanlarının uzaqgörənlik ənənəsinə sadiq qalaraq , paytaxt Almatını Akmola vilayətinə gətirib, orada qışında yalquzaqlar ulayan, yayında istisi ilanları mələdən səhrada yeni bir mərkəzi şəhər- Astananı qurması oldu.
1998-ci ildə mərhum Heydər Əliyev də bu şəhərin təməl daşının qoyulmasında iştirak etmişdi. Demişdi ki, “Türk dünyasının bu Astanası uğurlu olsun! Qapınızın astanasından gözəl xəbərlər yayılsın”.
Türk dünyasının sevdiyi göy-mavi rəngli bayrağa sahib olan Qazaxıstanın prezidenti dünyada siyasi lider qalacaq bir şəxsiyyət olmaqla, həm də gözəl musiqiçidir, gözəl şeirlər yazır. Şah əsəri sayılan Astana şəhərinə “Mənim şəhərim” şeirini də o yazıb.
Sağlığında Türkiyədə heykəli ucalan Nursultan Nazarbayev! Tanrı Sizi hələ çox yaşatsın! Türk dünyasının birləşməsini görməyi Sizinlə birgə hamımıza nəsib etsin! Qazaxlar deyən kimi: BİRGƏ BOLSUN!!!