Ay mənim səbrsizim! Axırıncı məktubumdan heç üç gün keçməyib. Əziz əmiylə danışanda şikayət eləmisən məndən ki, çoxdandı kağız yazmıram. Bilirəm, darıxırsan! Biz səndən də çox darıxırıq.
Əsgər getdiyin heç üç ay deyil, amma elə bil illər keçib. Səndən uzaqda vaxt getmir elə bil. Üç ay əvvəl sağollaşıb həyətimizdən çıxanda ananın kövrəlməyi, amma sənin özünü tox tutub dümdüz getməyin, o tini burulmağın - gözümün qabağından çəkilmir. Həm darıxıram, sıxılıram, həm də qürur duyuram. İnşallah, oğlumuz böyüsün, hamısını danışacam ona. Qoy bilsin ki, atası necə mərd kişidi, necə dəyanətlidi, qorxmazdı. Yaxşı, sən demiş, bu təntənəli sözlərlə tərifləməyim səni. Bu da borcundu, anana borcun kimi. Vətənə borcundu, yerinə yetirməlisən. İndi deyəcəksən ki, yenə başladım yazıçılıq eləməyə, nə bilim, fəlsəfədən dəm vurmağa. Ancaq neyləyək ki, həsrət hamımızı şair edir, filosof edir. Yadındadı yay tətillərimiz, siz ailəylə Şamaxıya gedirdiz dincəlməyə. Mən sənə hər gün bir məktub yazırdım, sonra oxuyanda zarafata salırdın, deyirdin - axırı yazıçı olacaqsan. O məktubları özün düzəltdiyin taxta sandıqda saxlayıram. Bunları da qoyarıq ora, oğlumuz böyüyəndə oxuyar. Allah o günü qismət eləsin bizə. Gecə nəsə qarışıq yuxular görmüşdüm, yaman pis idim. Sonra Əziz əmi deyəndə ki, danışmısız, səsin də yaxşı gəlib, rahat oldum. Anan da yaman nigaran olur səndən. Dünən Həlimə xala plov bişirib gətirmişdi, yemədi, deyir boğazımdan keçməz. Dedim ay ana, oğlunun yeri bizimkindən də yaxşıdı, maşallah əla baxırlar ona, yeri isti, rahat, gündə üç dəfə doyunca yemək, şükür Allaha, niyə narahat olursan?! Yenə ana ürəyidi də!
Bağışla qurban olum... Hər dəfə deyirəm elə şeylər yazım ki, darıxdırmayım səni, biləsən ki, yaxşıyıq, səbrlə gözləyirik, yenə alınmır. Hə, qoy bir şey də deyim gül, bilirəm sevinəcəksən: oğlun sənin əsgər paltarında şəklini görəndən bütün günü "dava-dava" oynayır bizimlə. Deyir mən də böyüyəndə hərbçi olacam, atam kimi, vətənin keşiyində duracam. Dünən ayağın yerə döyüb sənin paltarından istəyirdi. Gərək gedim baxım, görüm ona oxşarın tapa bilirəmmi?! Maşallah böyüyüb, ölçüsünü çaşdırıram, sən gələnə bir az da böyüyəcək, dəyişəcək. Demisən ha, 8 Marta, mənim bayramıma məzuniyyətə gələcəksən. Günləri sayıram. Hər gün Allaha dua edirəm ki, heç bir əsgər ailəsinin gözü yolda qalmasın, ölüm-itim olmasın. Şükür ki, müharibə yoxdu! Sən əsgər gedəndən nədisə ümidliyəm. Bəlkə sənin ordumuzdan danışdıqlarına görə, (deyir - yüz eşitməkdənsə, bir görmək yaxşıdı) ürəyim rahatdı, arxayınam. Çox çəkməyəcək, lap az qalıb, tezliklə hamımız bir yerdə gedəcəyik oralara. Cıdır düzündə "dava-dava" oynayacayıq oğlumuzla.
...Deyəsən, yenə çox danışdım. Keçən dəfə deyirdin ki, məktublarımı yatmazdan qabaq oxuyursan. Mən də sənin məktublarını layla kimi oxuyuram oğluna! Gecən xeyrə qalsın, əzizim! Öpürəm...
Sənin...
Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Əsgərə məktublar" adlı müsabiqəsinə təqdim olunur