|
|
|
|
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, N.Paşinyan həmkarı Giorgi Kvirikaşvili ilə təkbətək və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.
Ermənistanın baş naziri iki günlük səfər çərçivəsində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə də görüşəcək.
N.Paşinyan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə birgə Samtsxe-Cavaxeti bölgəsinə səfər edəcək və Axalkalaki şəhərində yerli etnik ermənilərlə görüş keçirəcək.
Ermənistan prezidentinin Gürcüstana səfəri ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu, N.Paşinyanın baş nazir qismində ilk xarici səfəri sayıla bilər: "Paşinyan baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa qanunsuz səfər edərək, oradakı erməni separatçılarına "ürək-dirək" verib. O, daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə ikigünlük rəsmi status daşıyır".
Mərkəz sədrinin fikrincə, N.Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Tbilisidən Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına icazə verməsinə nail olmaqdır: "Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmir yolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılmasıyla xarici siyasətdə ilk uğurunu əldə etmək istəyir".
E.Şahinoğlu bildirib ki, Paşinyanın Tbilisiyə səfərinin başqa tərəfi də var: "Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub".
Nikol Paşinyanın Tbilisidən sonra ermənilərin yaşadığı Samtsxe-Cavaxeti bölgəsinə də getməyinə də toxunan politoloq qeyd edib ki, bu da bir ilkdir: "Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Samtsxe-Cavaxeti bölgəsinə getməyib və ya gedə bilməyib. Görəsən, Tbilisi Paşinyana bu icazəni niyə verib? Tbilisi qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatimizin növbəti dalğasına yol aça bilər?"
Mərkəz sədri hesab edir ki, Tbilisi odla oynayır: "Gürcüstan Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmir yolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayam mesaj göndərəcək. Paşinyana Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tbilisi bu yolla Paşinyanı Rusiyanın caynağından alacağını düşünür. Bu, o zaman baş verəcək ki, Paşinyanın özü bunu istəsin".
Ceyhun ABASOV