|
|
|
|
"Yaradıcı adam üçün Vətən və milli mövqe hər şeydən üstün olmalıdır. Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmində nəinki Vətən idealı yoxdur, hətta milli mövqe də açıq-aşkar kobud şəkildə tapdalanıb. Bu, Xalq yazıçısı adı ilə heç cür bir araya sığmır".
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Akademik bildirib ki, Rüstəm İbrahimbəyov bütün fəaliyyəti boyu həmişə Azərbaycan cəmiyyətində yalnız neqativ hallar axtarıb, inkişafı görmək və göstərmək istəməyib: "Sadəcə onun əsərlərindəki tənqid uzun müddət ədəbiyyatçılar tərəfindən keçmiş sovet hakimiyyətinə yönəldilmiş kəskin münasibət kimi yozulub. Əslində isə o, həmin uydurma bəhanə ilə daim öz ölkəsini və xalqını aşağılayıb".
İ.Həbibbəyli qeyd edib ki, xalq və vətən anlayışı Rüstəm İbrahimbəyovdan çox uzaq olan keyfiyyətlərdir: "Qafqaz üçlüyü" də onun mənsub olduğu xalqdan tam uzaq düşməyinin, düşmənə xidmət göstərməsinin açıq ifadəsidir".
AMEA-nın vitse-prezidentinin sözlərinə görə, Rüstəm İbrahimbəyovun Azərbaycana münasibətdə mövqeyi radikal bir erməni ilə eynidir: "Açıq görsənir ki, Rüstəm İbrahimbəyov Ermənistanın, erməni dairələrinin rəğbətini qazanmaq, erməni lobbisindən ianə qopartmaq üçün canfəşanlıq edir".
Akademik hesab edir ki, "Qafqaz üçlüyü" filmi xalqını təhqir edən Rüstəm İbrahimbəyovun heçliyini və puçluğunu ekrana çıxarır: "Belə bir adamın Xalq yazıçısı adını daşımağa mənəvi haqqı qətiyyən yoxdur".
C.ABASOV