|
|
|
|
ÇƏRÇİVƏ
Gözlərinə çəkilən
soyuq çərçivədi dünya.
Son anda anladın ki,
həyat dar çərçivədi.
Gecə sürünüb düşür
bu sahilsiz işığın
divardakı kölgəsinə.
Nə yaxşı, Ay görünür,
ulduzlar var, sayrışan.
Xəyallar var,
səninlə pıçıldaşıb danışan.
Vərəqlər olmayanda
şeiri əllərinə yaz.
Bu da ömür yoludu,
vaxtı gedər, qayıtmaz.
lll
quşları vaxtsız uçan
dünyadı dünyamız...
budaqlar çılpaqlanar,
yuvalar da,
ümid də...
onda
sözlər dodaqlarından,
yollar ayaqlarından,
küçələr gözlərindən qaçar...
qaçar,
qaçar,
durarsan baxa-baxa uzaqlara.
bir üzü ayrılıqdı hər şeyin...
SƏNİN UŞAQ TALEYİN
Əldən-ələ keçdin, yavrum,
bapbalaca vücudunda
zamanın
barmaq izləri qaldı.
Alnındakı yazı
ağrın boyda
sınağa çəkdi ömrünü.
Ana sevgisi kimi
düşdü daş üstünə,
qırıldı dünyan.
Onsuz da
qaranlıq məmləkətdi balaca taleyin,
Batan günəşi
ya doğular,
ya doğulmaz...
Baxışlarından
qızaran üfüqlər,
gözlərindən
anasızlıq yağar,
islanar əllərin.
Bir məsumluğun çəkilməz
gözlərindən,
tərk etməz səni.
Əllərindən tutmaz ana sevgisi,
unutmaz kimsəsizlik.
Böyü, sevdalım, böyü...
VƏ BİR GÜN...
və bir gün düşəsən sənin olmayan
bir ögey şəhərin yad qucağına.
sanasan özündən xəbərsiz gəlib
ömrün tənhalığın duracağına.
səni tanımaya yollar, küçələr,
vağzallar, qatarlar, soyuq adamlar.
...susa ayrılığın əlləri üstə
kimsəsiz hücrələr, sahibsiz damlar.
qürbəti üşüdə o yad şəhərin
don vuran körpəcə arzularını.
görəsən, ümidin bəxt qapısına
illər gözləmədən yağıb qarını.
və bir gün başlana yollar ayrıcı...
lll
köçüb gedən quşlardan sonra
nə qalacaqsa,
səssiz-səmirsiz...
bir iz qalacaq
yollar üstündə,
bir vaxt yazılar vaxtın özündə.
göyü qucaqlayan üfüqlər boyu
gözləri bərələr soyuq zamanın.
Nəyin ağrısını çəkər göy üzü?
gedən quşların da,
susan vaxtın da
nədəni olmaz...
NOLAR...
Arzular hər şeyin başlanğıcıdı,
köksündə çırpınan nəfəsin də...
Sən bir sevən ana,
darıxan qadın,
Ucalığından yağış damlalanır,
bulud tökülür.
Belə ucalıqdı həyatın özü...
Nolar, bir gecə də gəl həyatıma,
Silinsin ömrümün yanlış səhifəsi...
Qoy mənim olsun
sənin ürəyinin bakirəliyi.
Mən daha qorxmuram qaranlıqlardan...
ALDANA-ALDANA
Səni axtardığım yol düz olmadı,
Gəlirəm, ömrümə neçə tin düşür.
Hər səhər keçirsən ayrı küçədən,
Bizim küçəmizə həsrətin düşür.
Sevdalı günlərin saatlarında
Vaxta öyrətdiyin bir ayrılıq var.
Onu məndən ayrı kimsə anlamaz,
Təkcə göy üzündə quşlar oxuyar.
Qaçıram içimdə ilişib qalan
Səmtini itirib susan ümiddən.
Susuram gözümdə xəyala dönən
Saçının ətrindən əllərinəcən.
Bir də, aralıqda yaş məsafəsi,
Nə qəm ötə bilir, nə ağrı ötə...
Biz də ki, günləri kütə veririk
Aldana-aldana bu boş söhbətə...
DÜŞÜR
Niyə qəribədi bu göylər belə?
Nə yağsa saçıma, yağan ağ düşür.
Bir addım atmamış, bina qoymamış
Yollar da qarşımda baş-ayaq düşür.
Baxdığım dünyanın arazı vardı,
Gözlərimdən sızıb, gözəl axardı,
Ağrılar, həsrətlər nə bəxtiyardı,
Hər gecə içimə çaparaq düşür.
Bir də, bir də olur bir boşluq yarı...
Gözlərim aldanıb çəkir yolları,
Xəyalım dolanır ortalıqları,
Bəxtimə, günümə bir qıraq düşür.
EYNƏYİMİN GÖZLƏRİNDƏ
Eynəyimin gözlərində
böyüdü çəkdiyim rəsmlər,
küçələr,
adamlar,
boşluqlar...
Baxdım, ha baxdım.
Məni aldadırmış dördgözlü zaman.
Nolar, qınamayın,
bircə an baxın...
Eynəyimin gözləriymiş aynalar,
divarlar,
şəkillər,
kölgələr.
Tanı hər şeyi, gözlərim,
Eynəksiz baxışlarda
rəngində olur həyat...
BİR YAĞIŞ YAĞACAQ
Bir də o gedəndən ömründə olmaz...
Düşər əllərindən, gedər arın da.
Ovutmaz, uyutmaz xatirələrin,
Çəkilməz yollardan baxışların da.
Bir yağış yağacaq, islanar gözün,
Yandırar ovcuna düşən damlalar.
Sənin bu halına səssiz küçədən
Tənhalıq içindən sükut boylanar.
Bir yağış yağacaq, çətirin olmaz,
Saatlar üşüyər yağan yağışda.
Uzaqda bir yaxın xəyal görünər,
Gözlərin üzülər bu aldanışda.
Bir yağış yağacaq...
GECİKİRSƏN
Qırılmış ürəyin,
sınmış sevincin...
Bir gün
sığınmağa kiçicik odan,
Bir gün dayanmağa
dayaq,
söykəncək
axtarmadın heç...
Dərdləşməyə barı bir kölgən də yox.
Sevir göz yaşını zaman,
Yıxır ümidini həyat,
susursan.
Susma saatları intizar çəkir,
Qatar çoxdan gedib,
sən gecikirsən.
Bu vağzal,
adamlar,
tapdanan relslər...
BELƏ YAZMAMIŞDIN
Addımları aparan,
dayandıran qürurmuş.
Ayrılan yollar
ümidləri qırırmış.
Doğum otaqlarında
ölüm yazan əllərdə
körpə haraylarını
udur soyuq divarlar.
Cənnət yolu uçulur
ayaqların altında.
Bir addım geri sayır
saatlar zamanından,
Bir həyatı yetirmək
bitirməkdən çətinmiş.
Nə deyir yellənməyən
uşaq yelləncəkləri?
Belə deməmişdin Sən...
Belə yazmamışdın Sən
alın yazılarını...
İçimdə gizlətdiyim
ağrı sancır sinəmi,
Göz yaşlarına susmaq
unutqanlıq deyil ki...
YENƏ GƏLDİM
Yenə gəldim əllərimin istisilə,
göy üzünün soyuğunu duya-duya.
Xəyallar quş qanadları kimi
çırpılır divarlarına göyün.
Ağ-ağ şəhərlərin ardınca
boz dumanlı saatlar,
qara-qara gecələr var bu şəhərdə.
Varlıqla yoxluq arasında
susan həqiqətin
bir addımlığındadı hər şey,
gözlərdəki ümidi itən yollar da...
İndi xatirə qəhrəmanı
olmaq istəməz kimsə
Bu şəhər
son dayanacaq deyil axı...
Qədiməli ƏHMƏD