|
|
|
|

Azərbaycanda səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rokko Ronzani AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
525.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qonaqlara tarixi binanın memarlıq xüsusiyyətləri, elmi müəssisənin fəaliyyət istiqamətləri, burada qorunan zəngin əlyazma fondu, nadir tarixi sənədlər və aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.
AMEA rəhbəri burada mühafizə olunan əlyazma və sənədlərin ölkəmizin tarixi və mədəni irsinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nümayəndə heyəti institutun saxlanclarını ziyarət edərək, əlyazma sənədlərinin və qədim kitabların qorunma şəraiti ilə tanış olublar, nadir nüsxələrə və tarixi sənədlərə baxış keçiriblər.
Qonaqlar institutun Əlyazmaların gigiyenası, konservasiyası və bərpası laboratoriyasında bərpa və cildləmə prosesini yaxından izləyiblər.
Ziyarət zamanı akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunda qorunub saxlanılan, dahi şair Nizami Gəncəvinin XIV əsrə aid, üzü köçürülmüş ən qədim əlyazma nüsxəsini qonaqlara təqdim edib.
Nümayəndə heyətinin üzvləri institutun ekspozisiya zalında X-XI əsrlərdə Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin “Cərrahiyyə və cərrahi alətlər haqqında”, Şərqin dahi mütəfəkkiri İbn Sinanın “Tibb qanunları”, XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsərlərinin əlyazma nüsxələri, eləcə də şairə Xurşidbanu Natəvanın özünün çəkdiyi gül təsvirlərindən ibarət “Gül dəftəri” adlı şeirlər albomu ilə tanış olublar.








