|
|
|
|
Xəbər verdiyimiz kimi, mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinə ilk təbii qazın ötürülməsiylə bağlı təntənəli açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev mərasimdə geniş nitq ilə çıxış edərək Azərbaycanın böyük neft-qaz layihələri, bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyət, rəsmi Bakıya göstərilən beynəlxalq dəstəkdən danışıb.
Dövlət başçısı qeyd edib ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı: “Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layhənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir”.
Prezidentin qeyd etdiyi kimi, beynəlxalq əməkdaşlqı çərçivəsində həyata keçirilən enerji layihələrindən danışarkən ABŞ-ın siyasi rəhbərliyinin Azərbaycana göstərdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Birləşmiş Ştatlar “Cənub Qaz Dəhlizi”nin reallaşmasına siyasi və mənəvi dəstək göstərib və hərtərəfli kömək edib.
ABŞ prezidenti Donald Tramp dövlət başçısı İlham Əliyevə ünvanladığı son 3 məktubunda da bu məsələyə xüsusi diqqət ayıraraq, layihənin həyata keçirilməsində bu dəstəyin davam etdiriləcəyini bir daha vurğulayıb, mürəkkəb regional çağırışların həlli üçün birgə Azərbaycanla birgə işləmək əzmində olduğunu bildirib.
Tramp təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı, habelə uzunmüddətli ticarət əlaqələrini yeksək qiymətləndirir: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”.
Azərbaycanın qlobal iqtisadiyyata bağlı ölkə olduğunu deyən D.Tramp qeyd edib ki, ölkəmizin böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir: “ABŞ Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların davam etdirilməsini dəstəkləyir. Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm”.
Göründüyü kimi, ABŞ ən yüksək səviyyədə Azərbaycanla əlaqələrin dəyərini xüsusi qeyd edir və birgə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu açıq göstərir.
Öz növbəsində Böyük Britaniya “Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü dəstək verir, BP şirkəti energetika sahəsində həyata keçirilən çoxsaylı layihələrin əsas investoru kimi çıxış edir.
Avropa İttifaqı da “Cənub Qaz Dəhlizi” və digər enerji layihələrinin icrasında çox önəmli rol oynayıb. 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması ilə bu mühüm layihənin əsası qoyulub, sonrakı dövrdə də ittifaq bu çərçivədə həyata keçirilən tədbirlərə güclü dəstək verib.
“Cənub Qaz Dəhlizi”in əhəmiyyəti, layihənin Azərbaycana qazandıracağı siyasi və iqtisadi dividentlər barədə fikirlərini bildirən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi” geosiyasi anlamda uzunmüddətli əməkdaşlıq, sülh və təhlükəsizliyə, enerji təchizatına uzunmüddətli təminat layihəsidir. O, “Trend”ə bildirib ki, bu layihə Xəzərdən Balkanlara qədər, oradan da Mərkəzi Avropayadək on illər boyu milyonlarla insanın taleyini həll edəcək: “Mərkəzi Asiya dövlətlərinin, habelə İranın bu dəhlizə qoşulmaq istəyini əlavə etsək, perspektivdə pozitiv miqyas daha da böyüyür. Dəhlizin mövcud olub işləməsi üçün ona bağlı olan bütün dövlətlər var güclərini onun qorunmasına sərf etməyə məhkumdur. Dəhlizə birbaşa, ya da vasitəli şəkildə bağlı olan ölkələr arasında münaqişə və ya ziddiyyət varsa, dondurulacaq, yeni konfliktlərin yaranmasında isə heç bir dövlət maraqlı olmayacaq. Məsələn, Qərb geostrateqləri Türkiyə və Yunanıstanı eyni vaxtda NATO-ya gətirməklə aralarındakı ziddiyyəti həll etməyə çalışsalar da, buna tam nail ola bilmədilər. 66 il keçsə də, bu iki ölkə arasındakı tarixi ziddiyyət özünü zaman-zaman göstərir. Ancaq “Cənub Qaz Dəhlizi” Qərb strateqlərinin bacarmadıqlarını həll etmək imkanlarına malikdir”.
A.Quliyev bildirib ki, enerji təhlükəsizliyi Türkiyə və Yunanıstanı aradakı konfliktləri tam kənara qoyaraq dərin dostluq münasibətlərinə sövq edəcək: “Bu nüansı Balkan ölkələrinin də münasibətlərinə aid etmək olar. Tarixi faktdır ki, Balkan ölkələri arasında konfliktlər iki dünya müharibəsində əsas bəhanə oldu. Elə bu gün də Serbiya ilə Bosniya və Herseqovinanın və Kosovonun münasibətlərində ciddi narahatlıqlar var. Təsəvvür etmək çətin deyil ki, Yunanıstanın, gələcəkdə isə Bosniya və Herseqovinanın, Xorvatiya və Monteneqronun vahid enerji təminatı Dəhlizinə bağlı olmaları onların dostluq münasibətlərinin möhkəmlənməsinə pozulmaz təminat olacaq. Yeni münasibətlər sisteminə keçən “Cənub Qaz Dəhlizi” boyu ölkələr arasındakı bəzi mövcud narahatlıqlar aradan qalxacaq, yeni gərginliklərin yaranmasına isə imkan verilməyəcək”.
Ekspertin fikrincə, bütün bunlar və digər nüanslar Azərbaycanın Aralıq və Qara dəniz hövzəsi ölkələrinə tarixi xoşbəxtlik şansı verdiyini bir daha təsdiqləyir: “Bu ölkələr Azərbaycanın və şəxsən prezident İlham Əliyevin sayəsində özlərinin uzunmüddətli sabahına təhlükəsizlik və sülh təminatı aldılar. Prezident İlham Əliyev dəhliz boyu ölkələrin qarşılıqlı münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. “Cənub Qaz Dəhlizi”nə bağlı ölkələrin iqtisadi inkişaf və rifah səviyyəsində yüksəliş özünü qısa zamanda göstərəcək”.
Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanın iradəsi ilə ərsəyə gələn dünya əhəmiyyətli layihədir. O, SİA-ya bildirib ki, “Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsində dəyişiklik edib: “Bu layihə Şərqi Avropa ölkələrinə qaz təminatını reallaşdıracaq”.
Millət vəkilinin sözlərinə görə, “Cənub Qaz Dəhlizi”nin açılışı mayın 29-da cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilib: “Təbii ki, açılış mərasimində də “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən geniş danışıldı. Bu Dəhliz vasitəsilə Azərbaycan qazının Avropaya hər il 16 milyard kub metr həcmində çatdırılması nəzərdə tutulub. Gələcəkdə isə bu həcmin 30 milyard kub metrə çatdırılmasına imkan verəcək. Avropa bazarı Azərbaycan üçün çox önəmlidir. Çünki Azərbaycan qaz istehsalçısıdır. Avropa böyük bazardır. Avropada Azərbaycan qazının olması Avropa üçün də yeni bir istiqamətdir. Yəni Avropa üçün də Azərbaycanın əhəmiyyəti artır. Azərbaycan qazı Avropada qaz qiymətləri rəqabəti meydana gətirir. Ona görə də bu Avropa üçün daha da maraqlıdır.
“Cənub Qaz Dəhlizi” həm də Azərbaycanın təhlükəsizliyi üçün böyük önəm daşıyır. “Cənub Qaz Dəhlizi” uzun müddət Azərbaycan xalqına xidmət edəcək bir layihədir. Çünki Azərbaycanın qaz resursları çox genişdir. “Şahdəniz-2” yatağında bizim qaz resurslarımız 2,6 trilyon həcmində təsdiq olunub. Təbii ki, yeni “Şəfəq” və “Asiman” yataqlarının tədqiqatı aparılacaqdır. O istiqamətdə də qazın istehsalı meydana gələcəkdir. Bu onu deməyə imkan verir ki, “Cənub Qaz Dəhlizi” uzun illər fəaliyyət göstərəcək və Azərbaycana xidmət göstərəcək. Eynilə “Cənub Qaz Dəhlizi” layihəsinin uzunluğu 3 500 kilometrdir. Bu layihə keçdiyi hər bir ölkəyə öz xeyrini verəcəkdir. Yəni bu həm böyük vəsaitlər gətirəcək, həm də yeni iş yerlərinin yaradılması istiqamətində öz töhfəsini verəcəkdir. Ümumiyyətlə götürdükdə “Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətə malik böyük bir layihədir”.
Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də böyük çətinliklərlə üzləşən “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycan qazının Avropa qitəsinə nəqli istiqamətində ciddi müzakirələr aparılıb, regional və beynəlxalq əməkdaşlıq çərçivəsində ilkin addımlar atılmağa başlanıb. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. NABUCCO da daxil olmaqla təklif olunan müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirələr nəticə vermədiyinə görə, Azərbaycan növbəti dəfə öz liderlik keyfiyyətlərini nümayiş etdirib və yeni “Cənub Qaz Dəhlizi” ideyasını irəli sürüb. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat - strateji enerji əməkdaşlığına dair memorandum imzalayıb və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılıb.
2012-ci il iyunun 26-da Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında Transanadolu (TANAP) təbii qaz boru kəməri sisteminə dair saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya edib. 2013-cü il iyunun 30-da isə “Transadriatik təbii qaz boru kəməri” (TAP) layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunub. Bununla da Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz - 2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin gerçəkləşdirilməsinə başlanıb.
Uzunluğu 3.5 min kilometr təşkil edən “Cənub Qaz Dəhlizi” 1.2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək.
İyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.
Ceyhun ABASOV