|
|
|
|
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Azərbaycanın liderliyi ilə reallaşdırılan "Cənub Qaz Dəhlizi" layihəsinin tamamlanma ərəfəsində ölkəmizə qarşı təzyiqlərin artdığının şahidi olduq.
Bu layihədən kənarda qalan, yeni dəhlizi öz maraqlarına təhlükə hesab edənlər Bakıda atılan hər addımı diqqətlə izləyir, bundan özlərinə sərf edən "nəticələr" çıxarmağa çalışırlar. Əvvəlcə 2019-cu ildə tamamlanması planlaşdırılan boru xəttinin inşası istiqamətində işlərin sürətləndirilərək nəzərdə tutulduğu vaxtdan bir il daha tez yekunlaşdırılmasına qərar verilməsinin "Şimal axını-2" və "Cənub axını" (Türk axını) layihəsi üzərində işləyən Rusiyanın maraqlarına zərbə kimi qiymətləndirilməsi, daha sonra iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar seçkilərlə bağlı "Transadandolu" (TANAP) təbii qaz boru kəmərinin açılış mərasiminin iyunun 12-nə təyin olunmasının şimal qonşumuzun həmin tarixdə qeyd etdiyi İstiqlal günü ilə üst-üstə düşməsinin arxasında çirkin və qərəzli məqsədlərin axtarılması bu qəbildən olan çalışmaların nəticəsidir. Diqqət yetirsək, Səngəçal terminalında keçirilən Cənubi Qaz Dəhlizinin təntənəli açılış mərasiminə qara don geyindirməyə tutarlı səbəb tapa bilməyənlər məkrli fəaliyyətlərini məhz Türkiyənin Əskişəhərində TANAP-ın tam reallığa çevriləcəyi tarixə yönəldiblər.
Ermənistanın "Birinci" informasiya agentliyinin əməkdaşı Sargis Artsruninin müəllifi olduğu yazıda TANAP-ı "Rusiyaya arxadan vurulan zərbə" kimi qiymətləndirməsi və məqalənin düşmən ölkə maraqlarına işləyən rus-erməni saytlarında sinxron şəkildə tirajlanması məsələnin mahiyyətində əsas xofun bütün regional layihələrdən təcrid olunan Ermənistanın Azərbaycandan Avropaya uzanan növbəti körpünün də altında qalmasından ibarət olduğu çılpaqlığı ilə üzə çıxır. Müəllifin də qeyd etdiyi kimi, Azərbaycan bu layihə ilə Avropanın etibarlı tərəfdaşına çevrilir: "Layihəyə əsas nəzarəti Azərbaycanın Dövlət Neft Şirkəti həyata keçirir. TANAP Azərbaycanın təhlükəsizlik sistemin əsas komponenti olur. Türkiyənin də siyasi çəkisi artır, enerji resurslarının danışıdığı tranzit ölkəyə çevirilir".
Lakin bütün maneələrə, Azərbaycanın uğurlarından narahatlıq keçirən, ürəyi tutanların, şivən qoparanların canfəşanlığına baxmayaraq “Cənub Qaz Dəhlizi inamla öz məqsədlərinə doğru irəliləyir.
Mayın 29-da Səngəçalda Azərbaycanın mavi yanacağını Gürcüstan vasitəsilə Türkiyəyə çatdıran boru kəmərinin ötürücüsünü açan prezident İlham Əliyev təşkil olunan təntənəli açılış mərasimində çıxış edərək bildirdiyi kimi, bu, nəhəng infrastruktur layihəsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir sıra Avropa dövlətləri, Amerika Birləşmiş Ştatları, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən, maliyyə institutları rəsmi Bakıya siyasi və maliyyə dəstəyi göstərərək, bütün maneələrin öhdəsindən gəlməkdə ciddi kömək olublar. Azərbaycan dövləti də bu dəstəyi yüksək qiymətləndirir, bu siyasi həmrəyliyin, tərəfdaşlığın daimi xarakter alması üçün yeni əməkdaşlıq əlaqlərinə hər zaman açıq olduğunu ortaya qoyur.
"Vahid mərkəzdən idarə olunan əkstəbliğat sovet dövrünün ideoloji propaqanda stilindən fərqlənmir"
Azərbaycanın reallaşdırdığı növbəti enerji layihəsi və buna qarşı həyata keçirilən əkstəbliğat kampaniyalarından danışan Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, sinxron qaydada həyata keçirilən antiTANAP kampaniyası ilk baxışda, ötən əsrin 90-cı illərində Yeltsinin çevrəsinin "əsrin neft müqaviləsi"nə verdiyi aqressiv reaksiyanın təkrar olunduğu təəssüratını yaradır: "Həmin dövrdə Moskvanın postimperiya sindromundan əziyyət çəkdiyi üçün yalnız hədə-qorxu gəldiyinə, yaxud həbsxanadan bir neçə yüksək çinli hərbi-siyasi fiquru oğurlatdığına, daha sonra iki dövlət adamını qətlə yetirdiyinə baxmayaraq, Qərbin nəhəng konsorsiumlarının Bakıya təntənəli gəlişini durdurmaq mümkün olmadı. Halbuki general Pavel Qraçov tanklarını Xəzər nefti ilə doldurub birbaşa Prezident iqəmətgahına sürəcəyini qəti şəkildə bizim rəsmilərin üzünə söyləmişdi. Yenə də dünya siyasətinin patriarxı Heydər Əliyev böyük ustalıqla Kremlin hərbi və iqtisadi elitası arasındakı mənafe savaşını yaratmaqla Viktor Çernomırdinin, Yuri Şafrannikin çoxmilyardlı kontraktlara loyallığını təmin etdi, hətta sonrakı illərdə Moskva özü transmilli şirkətlərin rəğbətini qazanmaq üçün açıq şəkildə neft-qaz istehsalçısı olan dövlətlərlə sərt rəqabətə girdi".
Z.Oruc hesab edir ki, regionda o vaxtlar hökm sürən müharibə təhlükəsi və geoiqtsadi maraq davaları fonunda yeganə düzgün yol enerji ehtiyatları ətrafında təhlükəsizlik sistemi qurmaq idi: "Təsadüfi deyil ki, Corc Buş hökuməti bütün mürəkkəblikləri nəzərə alaraq, ən ümidsiz vəziyyətdə və hakimiyyət çevrilişlərinin əsas səbəbi olan neft amilini öz xeyrinə həll etmək üçün bölgəyə diplomatiya nəhəngi Zbiqnev Bjezinskini göndərmişdi. O isə gecə saat 3-də şadyanalıq hissi ilə Ağ Evin rəhbərinə zəng vuraraq, müqavilələri imzalamağa azərbaycanlı liderin tam təminat verdiyini qətiyyətlə bildirmişdi".
Deputatın sözlərinə görə, bu hadisənin üstündən 24 il keçəndən sonra mavi yanacaq resursları ətrafında elə bir informativ küy qaldırılır ki, sanki Azərbaycan postsovet məkanına NATO hərbi bazalarını dəvət edir: "Rusiyanın müstəqil adlandırılan, lakin yanacaq sektoruna yaxınlığı ilə seçilən "lenta.ru" saytı ilə ermənilərin "1in.am" nəşrində dərc olunan məqalələr elə bil tək adamın qələmindən çıxıb və hər ikisində Bakı şimal qonşusuna "xəyanət"də suçlandırılır. Özü də belə koordinasiyalı fəaliyyətin məqsədləri o qədər açıqdır ki, mürəkkəb qalaqurmalarla siyasi məkanı qarışdıran kampaniyalardan fərqli olaraq, sifarişçilər və icraçıları axtarmağa ehtiyac yoxdur. Hər şey ortadadır".
Deputat bildirib ki, vahid mərkəzdən idarə olunan əkstəbliğat sovet dövrünün ideoloji propaqanda stilindən heç nəylə fərqlənmir: "Bu yerdə deyirlər, yeni partnyor axtaran ölkə köhnə himayədarına qurşaqdan aşağı xidmətdən heç vaxt imtina etməyəcəyinin mesajını verir. Əcəb sədaqətdir. Bəs, 12 iyunda açılacaq Transanadolu xətti həqiqətənmi iqtisadi seperatizm hadisəsədir və Rusiya ətrafında Qərbin qurduğu izolyasiya çəmbərinin bir elementidir? Cavab əlbəttə, "xeyr"dir. Çünki dərin iqtisadi biliklərə malik olmadan Kremlin enerji maraqlarına zərbə vurmaqda suçlandırılan Azərbaycanın qaz ehtiyatları və sonrakı illərdə Orta Asiyanın resurslarının oraya qoşulacağını təqdirdə gözlənilən 12,6 milyard kub metrlik ötürmə gücünü dəfələrlə qaldırmaq mümkün deyil. "Qazprom" isə hər il "Türk axını" ilə 30 milyard kubmetr qaz nəql edəcəyini bildirir. Ancaq 742 milyonluq Avropa Birliyinin illik 600 milyard kubmetrlik ehtiyacları fonunda sözügedən rəqəmlər çox kiçikdir".
"Boru xətləri İrəvanın gözünə tankın lüləsi kimi görünür"
Z.Oruc vurğulayıb ki, Bakı Qərb üçün vazkeçilməz mənbə və tranzit ölkəsinə çevrildikcə İrəvanda qaz bombaları partlamağa başlayır: "Söhbət heç onların bir kub metr qazı neçəyə almasından getmir. Kəmərlər Ermənistanı geopolitik cəhətdən daha çox sıxır. Qarabağ savaşı iqtisadi müstəvidə onların maraqları ziddinə inkişaf etdikcə, Brüsseli və ya Berlini Bakının üzərinə qaldırmaq çətinləşir. Türkiyənin siyasi çəkisini artıran kiçik bir Qafqaz ölkəsi - Azərbaycan nəinki qardaşlıq kəmərləri çəkir və müstəqilliyinin qarantiyasını gücləndirir, eləcə də Ankara-Moskva birliyində həlledici söz sahibinə çevrilir. Daha bundan böyük zərbəni ermənilər necə görə bilər? Bircə qalır rus tankları Azərbaycan bayrağı ilə Qarabağa daxil olsun. Bako Saakyan bilmir ki, onun baxdığı binoklun obyektivinə düşən silahların çoxu "Rosoboroneksport"dan gəlir? Elə ona görə də saxta informasiya tullantılarını dövriyyəyə çıxardırlar. Lakin əvəzində TANAP layihəsinin xofu qarşısında İrəvanın hər iki tərəfə - Avropaya və Rusiyaya baxıb seçim edə bilməyən Buridan uzunqulağının durumuna düşməsi acı gülüş doğurur. Yəni ayağa qalx, inqilab elə, bir əsrlik vassallıqdan çıxacağına və Qərb ailəsinə qoşulacağına vədlər al, Paşinyanın hökumətinin dünyadakı çəkisinin və diplomatik nüfuzunun zirvələrə çatdığını nümayiş etdir, o biri yandan prezident İlham Əliyev yüksək rasionallıq və güclü iradə ilə qurduğu siyasətin qarşısında Putinin qəzəbini qazanmaq üçün təxribatlara bel bağla. Məgər Paşinyana Naxçıvan cəbhəsində xəyanət edən Sarkisyan generalları günün birində açıq-aşkar yeni hökumətlə silahlı müqavimətə qalxmayacaqlar? Əlbəttə ki, gərginliyin məhz TANAP və ya antirusiya sanksilarından irəli gəlmədiyini, regionda işğal reallığına söykənərək, demokratiya qurmağın qeyri-mümkünlüyünü yeni hökumət öz dərisində hər gün daha yaxşı anlayacaq".
Deputat əlavə edib ki, əgər boru xətləri İrəvanın gözünə tankın lüləsi kimi görünürsə, bu zaman siyasi ofislərdən yox, klinikalardan kömək gözləmək lazım olacaq.
Qərb Cənub Qaz Dəhlizinə böyük önəm verir
Cənubi Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP və Transadriatik (TAP) qaz boru kəməri Rusiyanın qaz layihələri ilə eyni bazara çıxır. Kreml qazından tam asılılıqdan xilas olmaq üçün Qərb bu layihəyə daha çox önəm verə bilər. Bunu Avropa dövlətləri və ABŞ rəsmilərinin çıxışlarında da hiss etmək mümkündür. Ancaq Qərb dövlətlərinin mavi yanacağa olan böyük ehtiyacları fonunda hər iki layihənin də özünü doğruldacağı şübhəsizdir. Sadəcə, alternativlərin mövcudluğu enerji resusrlarından siyasi təzyiq vasitəsi kimi istifadə imkanlarını minimuma endirir. Geosiyasi proseslərin sürətlə inkişaf etdiyi hazırkı dövrdə isə bu, köhnə qitə üçün hava-su kimi əhəmiyyət kəsb edən məsələdir.
Bu mənada, ABŞ-ın dövlət katibi Mayk Pompeo Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi üzvləri qarşısında çıxış edərkən bildirib ki, Avropa Birliyi ölkələri bu asılılıqdan xilas olmaq üçün başqa mənbələrə müraciət etməli, Qafqaz üzərindən qaz almalıdır. Lakin bu o demək deyil ki, Qərb dövlətləri Rusiya qazını almaqda maraqlı deyil.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, "Şimal axını-2" layihəsi ilə Rusiya qazı yeni bir istiqamətlə Avropaya çatdırılmalıdır: "Rusiyaya qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu boru xəttinin çəkilişində maraqlı olan əsas Avropa dövləti Almaniyadır. Bu ölkənin kansleri Angela Merkel bu günlərdə Soçiyə gedərək Vladimir Putinlə görüşüb və haqqında danışılan layihənin icrasını da müzakirə edib".
E.Şahinoğlunun sözlərinə görə, Mayk Pompeo isə "Şimal axını-2" layihəsini və Avropanın Rusiyanın qaz asılılığından artmasını tənqid edərkən köhnə qitə üçün alternativ yol göstərib: "Heç şübhəsiz, Amerikanın dövlət katibi Qafqaz deyərkən Azərbaycan qazını və bu qazı Avropaya çatdırmağı planlaşdıran TAP boru xəttinə eyham vurub. Bu bizim üçün yaxşıdır ki, Vaşinqton əvvəlkitək Azərbaycanın enerji resurslarının Avropaya çatdırılması layihələrini dəstəkləyir".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-alim Vüqar Bayramov isə bildirib ki, Azərbaycan artıq öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara biləcək: "Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da "ev sahibliyi" edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan isə yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və bu ölkənin iqtisadiyyatına yönəldilib. İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin "Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq".
"Şahdəniz" yatağının ehtiyatlarının 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirildiyini deyən V.Bayramov da hesab edir ki, dəhliz Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun Rusiyadan mavi yanacaq asılılığını azaldacaq: "Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu o deməkdir ki, "Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin enerji tələbatını ödəməyə imkan verəcək".
Bir sözlə, Azərbaycan qazının köhnə qitəyə ixracı nəticəsində qazanılacaq iqtisadi və siyasi dividentlər dövlətimizin qüdrətini daha da artıracaq, bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsi, ciddi inkişafa nail olunmasına gətirib çıxaracaq.
Azərbaycanın enerji siyasətinin dəyişməsindən - neft layihələrindən təbii qazın ixracına keçid etməsindən narahatlıq keçirən, uzun illərdir Qərblə Rusiya arasında seçim etməyə çalışan, siyasi qütblərdə var-gəl edən Ermənistan isə havadarlarının onlara olan dəstəyini itirməklə öz təcridini daha da gücləndirəcək.
Ceyhun ABASOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur