|
|
|
|
Mənim balaca dostum
Fuad başqa uşaqlardan bir az fərqlənir. Buna görə evdə təhsil alır. Amma yeriyir, yüyürür, danışır... Özüm də bilmirəm necə başladı bizim dostluğumuz. O, şirin bir uşaqdı. Hərdən məndən 20 qəpik istəyir. Uşaqlar bəzən ona sataşırlar. Özlərini ondan ağıllı hesab edirlər. Amma dostum nə onlar kimi söyüş söyür, nə də uşaqlara daş atır... Atası yoxdu, balaca qardaşı, bir də deyingən nənəsi var...
Bir dəfə qonşu qadın öz qızıyla harasa gedirdi. Təsadüfən mən də onlarla yol yoldaşı oldum. Birdən dostum da bizə qoşuldu. Ədabaz qadın onu görən kimi üzünü çevirdi. Sanki bu məsum uşağı özünə yaraşdırmırdı. Uşaq şirin-şirin danışdıqca qadın "sakit", deyə onu yanından uzaqlaşdırmağa çalışırdı... Qadının qızı da onun kimi təkəbbürlüdü. Özləri kimi taleləri də bir-birinə bənzəyir. İkisi də gənc yaşlarında dul qalıb...
Dostumu çox vaxt küçədə görürəm. Əlindəki vedrə qapağını başqa uşaqlar kimi o da sükan hesab edir. Məni də həmişə evimə öz "maşınında" gətirir. Yolboyu kişi kimi danışır. Bütün uşaqlar kimi o da böyükləri yamsılayır. O günü oğlumdan mənə salam göndərib, vəfalı dostum. Həmişə onun kiçik qəlbini sevindirməyə çalışıram və dua edirəm. Allah mənim balaca dostumu və bütün uşaqları qorusun!
Bala ağacın arzusu
İri, qollu-budaqlı ağac təmkinlə, rahatca öz yerində dayanmışdı. Onun yanındakı balaca, arıq ağac isə elə hey uzaqlara boylanırdı. Onlar ata-bala idilər. Ata ağac oğlundan çox nigaran idi. Axı o hələ körpəydi. Yerində sakitcə dayanmır, həmişə əl-qol atır, uzaqlara boylanırdı.
Bir gün güclü külək əsməyə başladı. Ata ağac oğluna sakit olmağı tapşırdı. Amma balaca ağac heç sözə baxan deyildi. O, küləklə oynamaq istəyirdi. Elə bilirdi külək onunla dost olar, ona bir zərər verməz. Odur ki, küləyə əlini uzatdı. Qəzəbli küləksə heç acımadan az qala onun qolunu yerindən qoparıb aparacaqdı. Yaxşı ki, ata ağac tez tərpəndi. O, balaca balasını köksünə sıxıb külək gedənədək saxladı. Nəhayət, külək onları tərk elədi. Balaca ağac sanki yuxudan oyandı.
- Atacan, külək az qala qolumu qoparacaqdı, nə yaxşı tez tutdun məni...
- Bəs sənə nə demişdim, oğlum? Axı hələ balacasan. Hər kəsə inanıb əl uzatmaq olmaz axı.
- Bağışla atacan, bir də belə etmərəm...
Balaca ağac bundan sonra diqqətli oldu. Daha küləklə, doluyla dost olmaq kimi yanlış arzuların arxasınca boylanmadı...
Uşaq olmaq istəyirəm
Biri vardı, biri yoxdu, bir qoca kişi vardı. O, elə kədərliydi, elə kədərliydi ki, sanki bir dərd heykəliydi. Uşaqlıqdan bir gün görməmişdi. Gözünü açandan ögey anası gününü göy əskiyə bükmüşdü. Ona görə o heç uşaqlığını doyunca yaşamamışdı. Sonra da müharibə... Atası şəhid olmuşdu. Daha sonra didərgin düşmüşdü doğma ata ocağından. Analığı vaxtında ali təhsil almağa imkan verməmişdi. İllər sonra arzusuna catmışdı. Bir qarın ac, bir qarın tox, min bir əzabla oxumuşdu. Amma necə deyərlər, palaza bürünüb ellə sürünə bilmədiyinə görə həmişə geri qalmışdı həyatda. Ətrafında olan abırsız adamlar onu fağır görüb əlindəkiləri həmən qapmağa çalışmışdılar. Tale də üzünə gülməmişdi. Yaşı qırxı haqlayanda ailə qurmuşdu. İllər keçmiş, övladı olmamışdı. Ömür-gün yoldaşı da onu tərk edib getmişdi.
İndi tənha qoca həmişə nə isə oxuyur, hərdən özü də hekayələr yazırdı. Kitablar ən yaxın dostu, qələm sirdaşı idi onun. Amma yazdıqlarını qoltuğuna vurub redaksiyaları gəzməzdi. Hərdən bir hekayəsi çap edilərdi və uzun müddət yadda qalardı. Son vaxtlar uşaqlar üçün daha çox yazar və nağıllar oxuyardı.
Bir gün əlində bir kitab göz yaşlarına boğuldu. Birdən gözü televizora sataşdı. "Kəloğlan masalları" cizgi filmi gedirdi. "Uzun" yenə uşaq kimi atılıb-düşür, üzündəki təbəssümü ilə sanki ona acıq verirdi. O anda ürəyindən bağırmaq keçdi - UŞAQ OLMAQ İSTƏYİRƏM!!!
Qayğısız, bəxtəvər bir uşaq. Nə qədər düşünmək olar? O an yadına köhnə bir dostunun sözləri düşdü. Adam hərdən uşaq kimi atılıb-düşmək, azad olmaq istəyir.
Qəribədi, uşaqlar özlərini böyüklərə oxşadırlar, o isə balaca olmaq istəyirdi. Axı o, heç vaxt uşaq olmamışdı...
Xəyal gücü
Selcan adlı balaca bir qız anasıyla kasıb bir daxmada yaşayırdı. O, xəyallar qurmağı çox sevərdi. Məsələn, ərdən uçuq-sökük daxmalarını xəyalında yaraşıqlı bir evlə əvəz edirdi. Ətrafında hər şeyi dəyişərək özünə gözəl bir dünya qurmağı bacarırdı. Buna görə də heç bir ehtiyac onun məsum çöhrəsindəki işıqlı təbəssümə kölgə sala bilmirdi.
Bir gün Selcan yenə xəyal dünyasında harasa çıxıb getmişdi. Gözlərini açanda qarşısında gözəl, yaraşıqlı bir ev gördü. Qız çaş-baş qaldı. Axı bu evi o xəyalında görmüşdü. Elə bu vaxt evdən bir səs eşidildi. "Kömək edin, kömək edin..." Selcan evə yaxınlaşdı, qapını açıb içəri keçdi. Evin küncündə yıxılıb qalmış qoca qarı onu görəndə sevindi: "Əlini mənə ver, qalxım, gözəl balam. Nə yaxşı gəldin, səni Allah yetirdi..." Qız nənənin ayağa qalxmasına kömək etdi və ona su gətirdi. Nənə ona təşəkkür etdi və kim olduğunu soruşdu. Selcan hər şeyi danışdı. Təkcə kasıb olduqlarını söyləmədi. Qadın ona şirin kökələr, dadlı meyvələr verib yola saldı.
Selcan sevinə-sevinə evlərinə gəldi və olanları anasına danışdı. Anası kimsəsiz nənəyə hər gün baş çəkməyi qərara aldı. Ana-bala hər gün gedib ona yardım edirdilər. Bir gün qarı öyrəndi ki, onlar uçuq daxmada yaşayırlar. O bir vəsiyyətnamə yazdırdı. Bir neçə gündən sonra qarı dünyasını dəyişdi. Məlum oldu ki, nənə Selcanın xəyalında gəzdirdiyi o yaraşıqlı evi və bütün varidatını ona bağışlayıb...
Hə, balaca dostum, deyirlər, nəyi ürəkdən istəsən və ona can atsan, bir gün o arzuna çatarsan...
Mina RƏŞİD



