|
|
|
|
Mayın 31-də Azərbaycan Dövlət Film Fondunda mərhum şair Fikrət Sadıqın xatirə gecəsi olub.
Gecədə tanınmış ədəbiyyat adamları, ziyalılar, şairin ailə üzvləri, poeziyasevərlər və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Fikrət Sadıqın həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.
Çıxış üçün söz alan yazıçı-publisist Kənan Hacı F.Sadıq yaradıcılığı, poeziyası haqqında fikirlərini bölüşərək deyib ki, o, özünəməxsus ifadə tərzi və şeir duyumu ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan söz ustasıdır.
Şair Aləmzar Sadıqqızı çıxışında mərhum sənətkarla bağlı xatirələrini bölüşüb, onu yumoru sevən, həssas ruhlu insan adlandırıb.
Şair Mahir Dərviş də çıxışında F.Sadığı ehtiramla yad edib, onun yaradıcılığının özünəməxsusluğundan söz açıb.
Yazıçı Aqşin Babayevin F.Sadıqla bağlı xatirələri də iştirakçılar üçün maraqlı olub: “F.Sadıq şeirlərində kimdirsə, həyatda da o idi. O, həyatı, düşüncələrini, reallığı yazırdı. Mərd insan olmaqla bərabər, həm də mərd şair idi”.
Gecənin təşkilatçısı, mərhum şairin qızı Aysel Fikrət çıxışında atasının valideyn, insan və şair kimi yüksək keyfiyyətlərindən söz açıb: “Fikrət Sadıq biz övladlarına qarşı hər zaman diqqətli idi. O, dilinə gətirməsə də, əməllərində, hərəkətlərində bizə sevgisini göstərərdi. Qardaşım Orxanın yaradıcılığı haqqında yüksək fikirdə idi. Hər zaman onu yazıb yaratmağa ruhlandırar, tələbkarlıq edərdi. Amma çox təəssüf ki, mən heç zaman onun yaradıcılığım haqqında hansı fikirdə olduğunu öyrənə bilmədim”.
Gecədə Aysel Fikrətin təşkil etdiyi ənənəvi “Fikrət Sadıq işığı-II” mükafatı şair və nasir Zahid Sarıtorpağa təqdim olunub. Mükafat alması ilə bağlı sevincini dilə gətirən laureat bu mükafatın məhz Fikrət Sadıqın adını daşımasının önəmini vurğulayıb.
Tədbirin bədii hissəsində sənətçilər Tural Əhməd, Qasım Nağı, Yaqut Paşazadə Fikrət Sadıqın şeirlərini səsləndirib, onun sözlərinə yazılmış mahnıları ifa ediblər.
Zaur Rəxşanın mərhum şairə ithaf etdiyi qəzəli iştirakçıların marağına səbəb olub.
Sonda çıxış edən şairin oğlu, yazıçı Orxan Fikrətoğlu atasının xatirəsini əziz tutaraq gecəyə qatılan, fikir söyləyən hər kəsə öz təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ