|
|
|
|
İyunun 3-də AzərKitabda gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin təşkil etdiyi III Gənc Ədiblər Məktəbinin müdavimi Vüsal Yurdoğlunun "Mən möcüzə gözləyirəm" adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə tanınmış ziyalılar, qələm sahibləri, gənc yazarlar, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şair, tənqidçi, mərasimin aparıcısı Akəm Xaqan V.Yurdoğlunun poeziyası, ilk kitabı haqqında fikirlərini söyləyib, deyib ki, kitab ilk olaraq zövq formalaşdırmaqla yanaşı, düşüncələrə aydınlıq gətirir.
Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcısı və ilk başqanı, şair, publicist Əkbər Qoşalı Vüsalın çıxışında Vüsalın yeni-yeni adını ədəbi mühitdə duyuran gənclər arasında özünəməxsus xarakteri və düşüncələri ilə seçildiyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, şair Gülnar Səma ilk kitabın işığına bu qədər çox adamın toplaşmasını artıq müəllifin uğuru kimi qəbul etdiyini deyib və onu təbrik edib.
Gənc yazar Şahanə Müşfiq çıxışında diqqəti Vüsal Yurdoğlunun ədəbiyyat sevgisinə çəkib: "Vüsalı öncə bir insan, sonra şair kimi tanımışam. Saf, dürüst, mehriban, gülərüz və hər kəsi öz dilində danışdırmağı bacaran xüsusiyyəti ilə diqqətimi cəlb edən dostumuz sonralar şeirləri, yaradıcılığı ilə də marağıma səbəb oldu. İlk kitab olduğu üçün hələ onun yaradıcılığından geniş şəkildə danışmaq olmur. Amma Vüsalın poeziyasını özünəməxsus edən onun səmimiyyətidir. O, hər bir misrasında, sözündə səmimidir, özüdür, öz hissləridir. Ona görə də oxucuya doğmadır. Onun parlaq gələcəyindən xəbər verən əsas cəhəti ədəbiyyat, poeziya, söz sevgisidir. O, sözü sevir və bu sözün məsuliyyətini tam mənası ilə dərk edir. Bu məsuliyyəti dərk edən, ədəbiyyatın ağırlığına çiyinləri dayamaqda israrlı olan bir gənc zəif poeziya yarada bilməz. Ən azından ona ürəyindəki söz sevgisi imkan verməyəcək. Bu gün ədəbiyyatımızın məhz onu sevənlərə və dərk edənlərə ehtiyacı var".
Gənc müəllifi ilk kitabı münasibətilə təbrik edən şair Rəhim Mehnət ona daha böyük yaradıcılıq uğurları və oxucu sevgisi arzulayıb.
Daha sonra çıxış edən şairlər Emil Rasimoğlu, İntiqam Yaşar, Gülşən Mustafa, Gülnarə İsrafil, Hidayət Sönməz, Oğuz Alparslan, Mətanət Qüdsi, Seyhun Hökmdar, Leyla Namazova və başqaları V.Yurdoğlunun yaradıcılığından söz açaraq onu təbrik edib, uğurlar arzulayıblar.
Tədbir boyunca V.Yurdoğlunun şeirlərindən ibarət video çarxlar nümayiş olunub, həm çıxışçılar, həm də müəllif kitabda yer alan şeirlərdən səsləndiriblər.
Sonda söz alan müəllif ona göstərilən diqqətdən sevincini ifadə edib, bu təqdimatın və buraya toplaşan insanların onun gözlədiyi möcüzələrdən biri olduğunu deyib. Bu möcüzənin reallaşmasından böyük məmnunluq duyduğunu söyləyən V.Yurdoğlu kitabın çapında və tədbirin təşkilində əməyi olan hər kəsə o cümlədən AzərKitab Kitab Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.
MEHRİ