Dünən Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclasda 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə edilib.
İclasda adıçəkilən komitənin üzvləri ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat nazirliklərinin təmsilçiləri də iştirak ediblər. Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə iclası açaraq bildirib ki, ölkə Prezidenti İlham Əliyevin təqdimatı ilə parlamentə bir neçə qanun layihəsi daxil olub: “Həmin layihələrdən ilk öncəsi 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı sənəddir. Həmçinin, bununla bağlı başqa bir neçə qanun layihəsi də gündəmimizdədir. Qeyd edim ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə də uğurla inkişaf edib. Bu il bizim üçün çox uğurlu olub. Dünyada baş verən qlobal maliyyə-iqtisadi böhrana, qlobal risklərə baxmayaraq, Azərbaycan öz inkişaf tempini, sabitliyini qoruyub saxlaya bilib. Bütün bunlar isə nəticə etibarı ilə ölkə büdcəsində dəyişiklikləri zəruri edib. Hesab edirik ki, bu dəyişikliklər Azərbaycan iqtisadiyyatını daha gücləndirəcək, ölkənin iqtisadi inkişaf tempinə əlavə impuls, stimul verəcək”.
Maliyyə naziri Samir Şərifov isə çıxışında deyib ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Onun sözlərinə görə, bundan başqa, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur. O deyib ki, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır: “Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. 1 milyard 27 milyon manat azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların məbləği qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 mln. manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirləri 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur”. Nazirin dediyinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub. Nazir sonra qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur. S. Şərifovun bildirdiyinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq: “İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır”.
Nazirin çıxışından sonra komitə sədri Z. Səmədzadə bildirib ki, Azərbaycanın dövlət büdcəsinin parametrləri yaxşılaşıb. Komitə sədrinin bildirdiyinə görə, bu da imkan verəcək ki, Azərbaycanın iqtisadi inkişafı bundan sonra daha da sürətlənsin.
Adıçəkilən komitənin üzvü Vahid Əhmədov deyib ki, son 4 ayın iqtisadi göstəricilərinə baxarkən, inkişafın baş verdiyi görünür: müsbət saldo yaranıb, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1,2 faiz artıb və bunlar yaxşı nəticələrdir. Onun sözlərinə görə, ancaq dövlət büdcəsinə dəyişikliklərdə Dövlət Neft Şirkətinə 1 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da düzgün deyil: “Axı biz özümüz neft-qaz istehsal və ixrac edən ölkəyik. Amma kompensayaya üçün 1 milyard manat vəsitin ayrılması nəzərdə tutulur. Bunu heç cür anlamaq olmur”. Millət vəkili, həmçinin, yerlərdə, bölgələrdə problemlərin yaşandığını və bu problemlərin həlli üçün maliyyə vəsaitinin ayrılmasının daha zəruri olduğunu söyləyib: “Çünki yerlərdə bizlər oluruq. İnsanlar bizim üstümüzə gəlir. Yerlərdə elə problemlər var ki, həmin insanlarımızı, həm də onların təmsilçiləri olaraq bizləri narahat edir. Ona görə də bu problemlərin həlii üçün maliyyə ayrılması daha düzgün olardı”.
Millət vəkili Əli Məsimli çıxışında deyib ki, büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil. Millət vəkili deyib ki, bu, hardasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir: “Çünki bu nəticə etibarı ilə korrupsiyanın baş verməsinə şərait yaradır”. Millət vəkili eyni zamanda, dövlət zəmanəti ilə götürülən vəsaitlərin, kreditlərin taleyi məsələsinə toxunub: “Bu məsələdə də çox ciddi problemlər var. Çünki bir çox qurumlar bu məsələdə şəffaflığa əməl etmirlər, həmin vəsaitləri təyinatı üzrə sərf etmirlər. Ona görə də bu məsələnin ciddi təhlili lazımdır”. Ə. Məsimli bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını təklif edib: “Bu il bir dəfə bu istiqamətdə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın əmək haqları çox azdır”.
Z.Səmədzadə də öz növbəsində büdcəyə dəyişikliklərlə bağlı müzakirələrin sonunda bildirib ki, 2000-ci ildə Azərbaycanın büdcəsi cəmi 1 milyard manat idi: “İndi isə büdcəni bir ilin içində yenidən artırıq, yəni 2 miyard manatlıq dəyişikliklər nəzərdə tutulur. Bu, ölkənin haradan hara gəldiyini, inkişaf dinamikasını göstərir. Bu, onu göstərir ki, Azərbaycan bu illər ərzində nə qədər inkişaf edib, iqtisadiyyatımızda nə qədər böyük uğura nail olunub”.
Müzakirələrin sonunda dəyişikliklər layihəsi iyunun 29-da keçiriləcək növbədənkənar plenar iclasa tövsiyə olunub
Kamil HƏMZƏOĞLU