|
|
|
|

İyunun 21-i Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Prezident mükafatçısı, şair Güləmail Muradın Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun və onun döyüş yoldaşlarının şücaətlərini əks etdirən “Qəhrəmanlıq Yüksəkliyi” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə şəhidin ailəsi, döyüş yoldaşları, yazıçılar, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Akademik N.Cəfərov kitaba yazdığı ön sözdə qeyd edir ki, əsər, ümumən, Azərbaycan ordusunun yaranma tarixi və Aprel döyüşləri ilə bağlı müəllif təhkiyəsindən, döyüşün bilavasitə iştirakçısı olan zabitlərimiz, polkovnik Həmidovun ailə üzvləri və müəllimlərinin Milli Qəhrəmanı səciyyələndirən fikir və təəssüratlarından ibarətdir: “Bütün bunların nəticəsində oxucu Ş.Həmidovu təkcə bir döyüşçü kimi görməklə qalmayıb, həm də onun keçdiyi ömür yoluna nəzər salır, onu bir insan kimi tanıyır.
Tədbiri giriş sözü ilə açan yazıçı, publisist Elçin Hüseynbəyli nəşr haqqında geniş məlumat verərək onu da bildirib ki, bundan əvvəl müəllifin “Qayıdış” və “Aprel döyüşləri” kitabları çap olunub: “Bu kitablarda şair bu döyüşlərin xalqımıza verdiyi ruh yüksəkliyindən ədəbi-bədii dildə söhbət açır. Azərbaycan əsgərlərinin həm əxlaqı, mənəviyyatı, peşəkarlığı, həm də insan və vətənə sevgisi əsərin hər üç kitabının əsas ideyasını təşkil edir”.
AYB-nin katibi, Xalq şairi Fikrət Qoca çıxışında G.Muradın bir şairdən öncə vətəndaş kimi vətəninə, xalqına sevgisindən, sədaqətindən söz açıb. Deyib ki, bu sevgi nəinki bu kitabda, ümumən, Güləmail Muradın hər misrasında özünü çox qabarıq şəkildə göstərir.
Çıxışlardan öncə müəllif öz kitabı, onun yaranma ideyası və yazılma prosesi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Deyib ki, kitab Azərbaycan ordusunun 100 illik yubileyinə hədiyyə olaraq hazırlanıb. Kitabda şeirlər, qəhrəmanların ailə üzvləri və döyüş yoldaşlarının dilindən deyilmiş xatirələr nəsrlə verilib.
Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov, oğlu da daxil olmaqla, bütün qəhrəmanların xatirəsinə, onların ailələrinə göstərilən ehtirama, diqqət və qayğıya görə Prezident İlham Əliyevə, bütövlükdə ölkə rəhbərliyinə, ictimaiyyətə minnətdarlıq ünvanlayıb.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxışında qəhrəmanları unutmadığı və unutdurmadığı üçün müəllifə təşəkkür edib, deyib ki, Azərbaycan xalqı var olduqca onun uğrunda canını fəda edən şəhidlər də var olacaq.
Müəllifi yeni kitabı münasibətilə təbrik edən AYB-nin Qubadlı rayon filialının rəhbəri şair Namiq Məna çıxışında deyib ki, Aprel döyüşləri xalqla dövlət arasındakı vəhdəti, bağlılığı bir daha sübut etdi.
Daha sonra çıxış edən Sayman Aruz, Faiq Balabəyli, Oqtay Rza, Azadə Taleh, Nailə Yusifqızı, Elbrus Qayalı, Ofelya Babayeva, Elnur Uğur, Arifə Arif kimi söz adamları, Ş.Həmidovun döyüş yoldaşları Məhərrəm Abdullayev, Əfqan Daşdəmirov, Aprel şəhidi Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə və başqaları müəllifi yeni kitab münasibətilə təbrik edib, bu cür nəşrlərin əhəmiyyətindən danışıblar.
Sonda müəllif kitablarını tədbir iştirakçıları üçün imzalayıb.
Şahanə MÜŞFİQ



