|
|
|
|

İstanbulda yaşayan gənc şair və ədəbiyyatşünas, “525-ci qəzet”in əməkdaşı Ramil Əhməd məşhur türk yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukla görüşüb.
Bir saatdan artıq çəkən görüş bu günlərdə Orxan Pamukun evində baş tutub və R. Əhməd Orxan Pamukdan “525-ci qəzet” üçün geniş müsahibə alıb. Bu müsahibədə Pamuk ilk dəfə həm Bakı haqqında, həm hazırda yazdığı “Vəba gecələri” romanı, həm də avqust ayında nəşr olunacaq yeni kitabı barəsində danışıb.
Müsahibədə Orxan Pamuk 2004-cü ildə Bakıda keçirdiyi günlərdən, yeni yayımlanan külliyatından, İstanbuldakı sürətli dəyişiklikdən, Məsumiyət Muzeyində görülən yeni işlərdən, bu yaxınlarda qayıtdığı İran səfərindən və digər mövzulardan söhbət açıb.
Hələlik bəzi məqamlarını təqdim etdiyimiz söhbətin tam mətnini “525-ci qəzet”in 30 iyunda nəşr olunacaq şənbə sayında oxuya biləcəksiniz.
Orxan Pamuk:
- Mən, əslində, bir az da evdəki “zəka terrorundan” qaçaraq ədəbiyyata gəldim. Belə bir ailədən gəlməyim yaradıcılığıma da təsirsiz ötüşməyib.
- Bakı yaddaşımda mehriban insanları ilə qalıb. Aradan 14 il keçib. İndi də gəlib-gedənlərdən şəhər barədə soruşuram. Deyirlər, Bakı çox dəyişib, əvvəl daha yoxsul idi, indi isə vəziyyət düzəlib. Mənim üçün ən maraqlı hadisə Azərbaycan Yazıçılar Birliyinin qurultayında iştirak etməyim oldu.
- İndi yazdığım “Vəba gecələri” romanım Şərq-Qərb dilemmasına həsr olunub. Tarixi bir roman olacaq. Vəba nəticəsində ətraf aləmdən xaric olan bir məkandır və orada eşq məsələsi var. Bu romanın ideyasını 35 ildir düşünürəm.
- İstanbulun bu qədər sürətlə dəyişməsinə nə deyə bilərəm ki? “Mənim o əvvəlki - gözəl İstanbulumu öldürdülər” deyən, nostaljiyə aludə birisi deyiləm. Amma “hər şey əladır” da deyə bilmirəm, hər tərəf beton binalarla doludur, bunda “əla” deyiləcək bir şey görmürəm”.



