Borçalı mahalı dünyanın ən qədim insan məskənlərindən biridir.
Başkeçid rayonu isə Borçalının uca qarlı dağları, buz bulaqları, səfalı yaylaqları, zəhmətkeş insanları ilə tanınan ən dilbər güşəsidir.
Qəlbin geniş, özün böyük,
El yüküdür ən ağır yük.
Borçalı bir qızıl üzük
Üzüyün qaşı Başkeçid!
Borçalı mahalının əzəmətli, vüqarlı insanlarından biri də professor Zahid Qaralovdur. Zahid müəllim cənnət Borçalının Başkeçid rayonunda, ən gözəl kəndlərdən biri olan Ormeşəndə dünyaya göz açıb. Ormeşən Şindi dağının ətəyində, hər tərəfi meşələrlə əhatə olunan ərazidə yerləşir. Bu kəndin ən qədim, tanınmış nəsli olan Qarallar (Qaralovlar) nəslində istər elm sahəsində, istərsə də ictimai həyatda öz sözünü deyən insanlar yetişmişdir.
Zahid Qaralov da Qarallar nəslinin ziyalı davamçısı olmuşdur. Atası İbrahim Qaraloğlu ruhani təhsili almış, 1937-ci ildə, bir çoxları kimi səbəbsiz şəkildə repressiya qurbanı olmuşdur. Zahid müəllim öz uşaqlıq illərindən əlyazmasında belə bəhs edir: "Ailənin 9-cu uşağı olmuşam. Anam Fatma Qəhrəman Ana qızıl medalı ilə təltif edilmişdi. Atam həbsə alınan ildə qardaşım Ziyəddin pedaqoji texnikomu bitirmişdi. Ailənin bütün yükü anamın və Ziyəddin müəllimin üzərinə düşmüşdü. II Dünya müharibəsi bütün ailələr kimi, bizim ailənin də güzəranını çətinləşdirdi. Qardaş-bacılarım uşaqlıqdan zəhmətə qoşuldu. Kolxozda müftə işləməli olmuşduq. Çox ağır dövrlər yaşasaq da, hamımız oxuduq. Mən Ormeşənin 8 illik məktəbini bitirdim, kənd uşaqları ilə birlikdə qonşu Qızılkilsə kəndindəki 11 illik məktəbin 9-cu sinfinə qəbul edildik. 9 nəfər idik. Hər gün 10 km enişli-yoxuşlu meşə yolu ilə Qızılkilsəyə gedib gəlmişdik. Çoxları buna dözmədi, təhsili yarımçıq qoydu. İki nəfər mən və əmim oğlu Xalid 11 illik məktəbi bitirdik. Sonra 1952-ci ildə Bakıya gəldim, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olundum, 1956-cı ildə oranı bitirdim, orta məktəbdə fizika-riyaziyyat müəllimi statusunu aldım. Təyinatımı Gürcüstanın Maarif Nazirliyinin istəyi ilə Gürcüstana verdilər. O vaxt Gürcüstandakı Azərbaycan dilli məktəblərdə ali təhsilli müəllimlərə böyük ehtiyac var idi. Məni Qızılkilsə kənd 11 illik məktəbinə fizika-riyaziyyat müəllimi təyin etdilər". Lakin elə həmin ildə Zahid müəllimi öz doğma kəndindəki məktəbə (Ormeşən) direktor təyin edirlər. Məktəbdəki təhsil-tərbiyə işi ilə yanaşı, ictimai işlərdə də fəal iştirak edib. Bütün bu işlərini nəzərə alaraq onu 1959-cu ildə Dmanisi rayon Komsomol Komitəsinin birinci katibi, Rayon Partiya Komitəsinin Büro üzvü və Dmanisi şəhər deputatı seçirlər.
Z.Qaralov bütün bu işlərlə yanaşı, elmi işini də davam etdirir. Müəllimi, mərhum akademik, fizika-riyaziyyat elmlər doktoru Abasqulu Abaszadənin dəvəti ilə imtahanlarda iştirak edir. Bitirdiyi universitetin "Fizikanın tədrisi metodikası" ixtisasının aspiranturasına qiyabi şəkildə qəbul olur. 1961-ci ildə isə bütün vəzifələrindən öz xahişi ilə azad olunaraq aspiranturanın əyani şöbəsinə köçürülür.
1956-1959-cu illərdə məktəb direktoru, 1959-1961-ci illər Dmanisi rayon komsomol komitəsinin I katibi, 1964-1995-ci illər arasında kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 20 il direktor (Azərbaycan Respublikası Təhsil İnstitutunda), Azərbaycan SSRİ Maarif Nazirinin müavini (1984-1987), Milli Məclisin deputatı, Yerli və Regional məsələlər komitəsinin sədri (1995-2005-ci illər) vəzifələrini icra etmişdir.
Z.Qaralovun Azər Abaszadə ilə birlikdə yazdığı "Məktəblinin fizika lüğəti" (1970), "Məktəbdə peşə oriyentasiyası üzrə iş" (1974), "Fizikanın tədrisində təlim və tərbiyənin vəhdəti" (1975), N.Quliyev və N.Şişkinlə birlikdə yazdığı "IV-VIII siniflərdə əmək təlimi" (1974), "Fizika qanunlarının tədrisi" (1997), üçcildlik "Tərbiyə" (2003) və digər fundamental əsərləri müəllimlərin və tələbələrin stolüstü kitabına çevrilmişdir.
Professor Z.Qaralov 600-dən çox elmi məqalənin, 30 adda monoqrafiya, 18 dərsliyin müəllifidir. Pedaqoji elmlər və təhsil, yerli demokratiya, insan hüquq və azadlıqları ilə əlaqəli Azərbaycanda və beynəlxalq konfranslarda, seminarlarda aktual problemlər üzrə çoxsaylı məruzələrlə çıxış etmişdir.
Zahid müəllim tələbələri Ə.Osmanlı və V.Məmmədovla birlikdə ibtidai siniflər üçün yaratdıqları riyaziyyat üzrə tədris kompleksi respublika məktəblərində rəğbətlə qarşılanmışdır. Dərsliklərdən: "I-II-III-IV siniflər üzrə riyaziyyat", I-VII siniflər üzrə həyat bilgisi dərsliklərini həmmüəlliflərlə birgə hazırlamışlar. Həyat bilgisi fənnini orta məktəbə Zahid müəllim gətirmişdir.
Professor Z.Qaralov elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti dövründə 47 ölkə və 300-ə qədər şəhərdə elmi ezamiyyətdə olmuşdur. Bu səfərlər zamanı o, həmin ölkələrin təhsil sistemini, ictiami-siyasi quruluşunun mahiyyətini və səmərəliliyini, yerli özünüidarəetmə formalarını təhlil edib öyrənmək və Azərbaycanda onları tətbiq etmək imkanlarını araşdırmışdır. Eyni ilə də Azərbaycanda əldə olunan faydalı təcrübənin xaricdə təbliğini qarşısına məqsəd qoymuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yerli və Regional məsələlər daimi komissiyasının sədri olduğu zamanlar, yerli özünüidarəetmə sahəsində Z.Qaralovun da fəal iştirakı əsasında ilk dəfə işlənmiş zəngin qanunvericilik bazası tamamilə orijinal bələdiyyə sisteminin formalaşmasına imkan vermişdir.
1995-ci ildən başlayaraq Hərbi Akademiyada aylıq kurslarda "Dövlət və bələdiyyə idarəçiliyi sistemi" fənni üzrə mühazirələr oxumuşdur. 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası və Ədliyyə Nazirliyinin İxtisasartırma İnstitutunda dövlət qulluqçuları və bələdiyyə sədrləri üçün təşkil olunmuş dövri kurslarda özünüidarəetmənin nəzəriyyəsi və təcrübəsi üzrə mühazirələr demişdir. 2000-ci ildən başlayaraq Azərbaycan Beynəlxalq Universitetində dövlət idarəçiliyinin və özünüidarəetmənin nəzəriyyəsi və təcrübəsi üzrə tələbələrə dediyi maraqlı mühazirələri ilə yaddaşda qalmışdır. O dövrdə onun rəhbərliyi və redaktəsi ilə 20-dək tədris proqramları nəşr edilmişdir. Zahid müəllim 1981-ci ildə hazırlanmasına qərar verilmiş "Pedaqoji fikir antologiyası"nın hazırlanmasında birbaşa iştirak etmişdir. O yazır ki, "Azərbaycanda pedaqoji fikir antologiyası" adında əsəri hazırlamağı mərhum akademik, 23 il Azərbaycanda maarif naziri işləmiş, çox vicdanlı, təmiz, məsuliyyətli şəxs kimi tanınmış Mehdi Mehdizadə ilə mənə tapşırdılar. İşə möhkəm girişdik, əsərin plan-perspektivini hazırladıq, yüz nəfərdən çox pedaqoq-psixoloq alimləri işə cəlb etdik, səriştəli ziyalıları bu işdə fəallıq göstərməyə çağırdıq, mövzuları ixtisasa görə bölüşdürdük. İşi təzəcə başlamışdıq ki, kollektivə və bütün respublikaya ağır itki üz verdi. Akademik M.Mehdizadə vəfat etdi. Sonrakı prosesdə bütün yük Zahid müəllimin üzərinə düşür. Bəzi alimlər işdən uzaqlaşır, maliyyə vəsaiti ayrılmadığından hər şeyi institutun gücünə həll etməli olur. Zərdüştlük dövründən bu yana nə varsa araşdırıb, pedaqoji fikirləri toplayırlar. Cildin tərtibini pedaqoji fikir tarixinə yaxından bələd olan Ə.Ağayevə tapşırır. Akademik H.Əhmədov, professorlar - Y.Kərimov, Ş.Mikayılov, Ə.Əlizadə və bir çoxları ciddi işlədilər. Moskvada əsər çox yüksək qiymətləndirilmiş, antologiya 1989-cu ildə rus dilində 30 min nüsxədə çap olunaraq Azərbaycana göndərilmişdir. Bu əsər SSRİ məkanında müttəfiq respublikalar arasında I yerə layiq görülür.
Zahid müəllim 99 ölkənin təhsil sistemini öyrənərək ümumiləşdirmiş və obyektiv qiymətləndirmə əsasında "Təhsil sistemlərinə müasir baxış" adlı monoqrafiyasını yazmışdır. Bu monoqrafiya mükəmməl təhsil sisteminin formalaşdırılmasına imkan yaradan dəyərli elmi təkliflər paketi kimi qəbul oluna bilər.
Azərbaycan xalqının elm, mədəniyyət, maarif, istehsal münasibətləri tarixində nə varsa hamısını öyrənməyə çalışmış, onları getdikcə qloballaşan dünyamızın müxtəlif ölkələrinin mənəviyyat zənginlikləri ilə müqayisə etmişdir. Üstünlükləri müsbət qiymətləndirmiş, çatışmazlıqların üzərində dərindən düşünmüş və təkliflər vermişdir.
Hər insan dünyaya gəldiyi ilk gündən sonsuzluğa doğru yol tutub gedir. Heç kəs ömür payının miqdarını əvvəlcədən müəyyənləşdirməyə qadir deyil. İnsan ömür payı müddətində özünü cəmiyyətə necə açıqlayıb və təqdim edibsə, tarixdə də eləcə qalır. Canlı varlığı dövründəki fəaliyyətinin kəmiyyət və keyfiyyətindən, ictimai faydalılıq səviyyəsindən asılı olaraq, tez unudulan, gec unudulan və unudulmayan insanlar var.
1981-ci ildə "Qırmızı Əmək bayrağı" ordeni, 1982-ci ildə "Azərbaycan SSR Əməkdar müəllimi", 2004-cü ildə "Şöhrət ordeni", bir neçə medal, 2012-ci ildə isə türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Heydər Əliyev adına Qızıl medalına layiq görülmüşdür. Professor Zahid Qaralov elmdə və ictimai həyatda gördükləri işlərlə adını tarixə həkk edən və unudulmayan insanlar sırasındadır.
Samirə MƏMMƏDOVA