Əvəz Rüstəmov, Mətbuat Şurasının icraçı katibi:
- Sosial şəbəkələrdə nalayiq olduğu bildirilən geyimdə (geyimə qiymət vermək istəmədiyim üçün belə yazdım) olan xanımın mağazadan qovulması səhnəsini əks etdirən videogörüntülər yer alıb. Qınayanlar sıraya düzülüb. Demək istəmirəm ki, qınamaqda düz etmirlər. Əslində, tam başqa məqama diqqət yetirəcəm.
Bəli, kimsə o geyimi düzgün saymaya bilər. Hər kəs o geyimdə olanın şəxsi obyektinə girməyinə, orada görünməyinə şərait yaradıb-yaratmamaqda da sərbəstdir. Fikrimcə, bu durumda daha pis olan o geyim yox, həmin geyimi geyinənin telefona çəkilməsidir. Hələ ictimai qınaq deyirlər buna. Belə ictimai qınaq olmur. İctimai qınaqda linç elementləri olmamalıdır. Linç ona məruz qalan şəxsi aqressivləşdirir. Özünü cəmiyyətə daha müxalif görür. Səhvdirsə, əksinə, səhvini daha da dərinləşdirir. Qısaca, "ho" var dağa qaldırır, "ho" da var dağdan endirir. "Ho"muza diqqət edirikmi? Təəssüf ki, yox.
Digər tərəfdən, biz hüquqi dövlətdə yaşayırıq. Şəxsin icasəsi olmadan görüntülənir və yayılır. Üstəlik, təhqir olunur. Budurmu hüquqi dövlət anlayışı? Sonra da bu gün geyiminə görə kimisə linç edənlər sabah qanunsuzluqdan danışırlar. Axı elementar məntiq var: Sən əlinə düşən ilk xırda fürsətdəcə o qanuna tüpürdünsə, başqasının əlində daha böyük imkanlar olub bunu edirsə, niyə şikayətlənirsən?..
Nalayiq geyimdə olduğu bildirilən xanım vəzifə sahibi deyil, xalqın, millətin taleyinə görə cavabdehlik daşımır. Yəni videogörüntüyə alınaraq ictimai qınaq hədəfinə çevrilməli olan subyekt sayıla bilməz. Deməli, hərəkətinin cəmiyyətdə mənəvi tərbiyə xüsusunda qiymətləndirilməsi yolverilməzdir.
Cəmiyyət rəngarəngdir. Tərbiyəli, tərbiyəsiz, əxlaqlı-əxlaqsızlar, şərəfli və şərəfsizlər var. Hesab edək ki, xanım səhv edib elə geyinməklə. Məsələnin ictimai müzakirə predmetinə daşınması səhv addımın təbliğidir, səhv şəxs istər-istəməz kultlaşır, hamı tərəfindən etalona çevrilir.
Cəmiyyətdə ayıblar da, ayıb olmayanlar da bizimdir. Hər ayıb deyilməməli, haqqında söhbət açılmamalıdır. Binayi-qədimdən abıra bükülmək kimi bir ifadə var. Düşüncəmə görə, o geyimdə olan şəxsi - xanımı çəkən və yayan daha ziyanlı adamdır. İstər mənəvi baxımdan zərərli biridir, istərsə də hüquqi nöqteyi-nəzərdən hərəkətinə bəraət yoxdu.
Elxan Şahinoğlu, politoloq:
- Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına bir qrup hərbçinin qoşulması hökumətə qarşı qiyamın əlaməti sayıla bilər. Ermənistan Müdafiə Nazirliyi həmin hərbçilərin kimliyini müəyyənləşdirməyə çalışır. Baş nazir Nikol Paşinyan tələsməlidir. Əgər həmin hərbçilər özbaşınalıqlarına görə cəzalandırılmasalar, başqa hərbçilər də etiraza qoşulacaqlar.
Nikol Paşinyanın taktikası bundan ibarətdir ki, etirazçılar qışqırıb-bağırdıqdan sonra dağılacaqlar. İkinci Qarabağ müharibəsindən sonra da belə olmuşdu. Radikallar İrəvan küçələrində aylarla qışqırdılar, bağırdılar, yürüşlər təşkil etdilər, yolları bağladılar, ancaq etirazçıların sayı artmadığına görə proses səngidi və Paşinyan yoluna davam etdi. Nikol Paşinyan yenə eyni taktikaya üstünlük verir, ancaq bu dəfə məsələ qəlizləşə bilər. 2020-ci ilin aksiyalarında hərbçilər və polislər etirazçılara qoşulmamışdılar, əksinə, radikallarla mübarizə aparırdılar. Bu dəfə isə hərbçilərdən qopmalar baş verib, bu polisə də sirayət edə bilər. Ona görə də Paşinyan taktikasından imtina etməli, Tavuşdakı etirazları yatırtmağa çalışmalıdır, əks halda onun daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar.
Fərid Pərdəşünas, texnobloger:
- TƏBİB son zamanlar rəqəmsallaşma istiqamətində ciddi addımlar atır. Dünən elektron sağlamlıq arayışı təqdim edilib. Artıq sürücülük vəsiqəsi, iş, təhsil üçün sağlamlıq arayışları elektron formada təqdim olunacaq. Düşünürəm ki, bu addım bir çox lazımsız gözləmə proseslərini aradan qaldıracaq. TƏBİB rəsmilərinin dediyinə görə də, digər qurumlardan əlavə fiziki sənəd tələbi olmamalıdır.
Sağlamlıq arayışı almaq üçün proses də daha operativ və az gözləmə ilə həyata keçir. Arayışların elektron verilməsi üçün müvafiq məntəqlərdə bununla bağlı təlimlər keçirilib.
Asif Nərimanlı, jurnalist:
- Sülhməramlılarının Qarabağdan çıxarılmasının məntiqi davamı olaraq Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlandı.
Bölgədə separatizm mövcud olduğu dövrdə bu mərkəz faktiki heç nə edə bilmirdi. Rəsmi Bakı baş verən insidentlər haqda mərkəzi məlumatlandırmaqla, türk hərbçilərini prosesə qoşmağa çalışsa da, Rusiya sülhməramlıları onları arxa planda qalması üçün hər şeyi edirdi, əksər vaxt nail olurdu da. Lakin Monitorinq Mərkəzinin yaradılması və türk hərbçilərin orada olması, heç nə etməsələr belə Azərbaycanın əlini gücləndirən, sülhməramlıların öz missiyalarından kənar fəaliyyətinə qarşı müqavimətini artıran amil idi. Əliyev məhz buna görə 10 noyabr razılaşmasına Monitorinq Mərkəzinin yaradılması və Türkiyə hərbçilərinin bölgəyə gətirilməsi məsələsini daxil etmişdi. Qarabağda əldə edilən nəticədə onların da müəyyən qədər payı var.
Vüqar Bayramov, millət vəkili:
2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub. İxracatımız 3 milyard 981 milyon, idxalımız isə 2 milyard 446 milyon dollardır. Bu müddətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15,0 faiz, o cümlədən, idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb. Qeyd edək ki, qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455,0 milyon dollar təşkil edib.
Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 2 ayında neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə kəskin fərq olmayıb. Belə ki, Brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin yanvar ayında 82.5, fervral ayında 82.8, bu ilin ilk aylarında isə uyğun olaraq 80.12 və 83.48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82.65, bu ilki dövr üçün isə 81.8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb.
Bununla belə, neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb. Neft hasilatı bu müddətdə 6.7 faiz azalıb. Azərbaycan ixracatının 90 faizə yaxınını neft və qaz ixracatı təşkil etdiyi bu ümumi ticarət dövriyyəsində azalmalar ilə müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır.
Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır.
Yeganə Hacıyeva, politoloq:
- Azərbaycan Ukraynada humanitar missiyasını davam etdirərək İrpen şəhərində dağılmış daha dörd obyektin yenidən tikintisini həyata keçirəcək.
Azərbaycan buna qədər İrpen şəhərində humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.
Həmçinin Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhəri arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılması istiqamətində işlər aparılır.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Bir müddət öncə Azərbaycanın suverenliyinin tam bərpasından sonra Prezidentin irəli sürdüyü "Yeni dövr" çağırışlarının az qala unudulduğunu, bu istiqamətində ictimai müzakirələrə ciddi ehtiyac olduğunu qeyd etmişdim.
Təqdirəlayiqdir ki, UNEC, rektor Ədalət Muradov artıq bu istiqamətdə çox faydalı bir təşəbbüs edib, "Gələcək özümü gələcək?" dialoq platforması formalaşdırıb.
Konseptual mövzular üzrə maraqlı tərəflərin iştirakı ilə açıq müzakirələr təşkil olunur.
Bu gün növbəti dəfə UNEC-də Prezidentin "Yeni dövr" çağırışlarına uyğun olaraq "Gələcək özümü gələcək?" başlıqlı ikinci müzakirə keçirildi.
Müzakirənin mövzusu "Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!" idi.
Düşünürəm ki, bəzi məqamlarla razılaşmasam, bəzilərinin ciddi müzakirəyə ehtiyacı olan fikirlər hesab etsəm də, ümumən çox faydalı müzakirələr oldu.
Mövzu ətrafında qlobal dünyanın çağırışları, region ölkələrində qeyd olunan istiqamətdəki tendensiyalar, Azərbaycanın yeri və hədəflər ətrafında maraqlı fikirlər səsləndi.
Müzakirənin videoyazısını UNEC ictimaiyyətə təqdim edəcək.
Ərşad Hüseynov, hüquqşünas:
- Sülhməramlıların tam olaraq Qarabağdan çıxarılması, sözsüz ki, bu ilin ən yaddaqalan hadisələrindən olacaq. Arzu edirəm ki, hər günümüz, ayımız, ilimiz belə gözəl hadisələrlərlə tarixə çevrilsin...
Bu mühüm hadisənin siyasi, hüquqi, hərbi, iqtisadi, mənəvi-psixoloji və s. məqamları ilə bağlı yəqin ki, xeyli müzakirələr olacaq. Sülhməramlıların getməsinin Qarabağ iqtisadi rayonunun nəqliyyat sisteminin bütövləşməsində də vacib əhəmiyyəti var.
Sülhməramlı kontingentin çıxması bütün Qarabağın əsas hava qapısının da tam açılması deməkdir. Kontingentin qərargahı və əsas obyektləri Xocalı aeroportunun ərazisində idi. Onlar getdikdən sonra bu hava limanı boşaldılmış olur. Düşünürəm ki, qısa müddətdə separatçıların aeroportdan apardıqları (yaxud yararsız hala saldıqları) avadanlıqları bərpa etmək və infrastrukturdakı digər çatışmazlıqları aradan qaldırmaq mümkün olacaq...
Bu aeroport 1974-cü ildə istifadəyə verilib. İşğal dövründə separatçı-terrorçu rejim onu yenidən qurduqdan sonra 2012-ci ildə təkrar istismara verməyə cəhd etmişdi. Həmin vaxt dövlətimizin ciddi xəbərdarlığından sonra separatçıların arzusu gözlərində qaldı. İndi isə Qarabağın hava qapısı artıq öz şahinlərini gözləməkdədir. Əminəm ki, tezliklə üçrəngli bayrağımızla bəzədilən təyyarəmiz Xocalı aeroportunun uçuş-enmə zolağında görünəcək. Bu hava limanı Şuşa, Xankəndi, Xocalı, Ağdam şəhərlərinə və Qarabağın xeyli hissəsinə ən yaxın aeroportdur.
Allah Dövlətimizi və Xalqımızı qorusun, ordumuzu daim müzəffər etsin!
Şəhidlərimizin ruhu daim şad olsun!