Mayın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin İxtisas musiqi məktəb-studiya şagirdləri ilə növbəti açıq dərsləri keçirilib.
“Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Elnarə Məmmədova və həmin kafedranın müəllimlərinin iştirakı ilə keçirilən açıq dərsdə tələbələr nümunəvi dərslər təqdim ediblər.
Zərb alətləri ixtisası üzrə Firuz Hüseynovun 3-cü kurs tələbəsi Azər Səfərzadə 6-cı sinif şagirdi Miraqil Mirzəzadə ilə (müəllim: F.Hüseynov) marimba alətində A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən türk qızlarının rəqsinin öyrənilməsi üzərində iş prosesini nümayiş etdirdi. Tələbə səslənmənin dolğun effekti üçün zərblərin düzgün istiqamətə yönəlməsinin vacibliyini izah etdi. İki cümlədən ibarət olan periodun fərqli kadanslarını dinamik çalarları ilə ifa edərək şagirdində bu intonasiyanın əldə edilməsinə nail oldu. Texniki çətinlikdə isə not üzərində qeyd etdiyi əllərə diqqət ayırmalı və çox çalışmalı olduğunu vurğulayıb.
Violin ixtisası üzrə baş müəllim Nairə Qulamovanın 2-ci kurs tələbəsi Zeyn Cəfərov 7-ci sinif şagirdi Əmirhüseyn Əlişanlı ilə (müəllim: dosent G.Quliyeva) A.Rubinşteynin “Melodiya” əsəri üzərində işlədi. İfaya başlamazdan əvvəl təcrübəçi tələbə not üzərində ibarələri, dinamikanı, cümlənin ifadəsində mühüm əhəmiyyət kəsb edən nüansları diqqətə çatdırıb. Şagirdin ifasında melodiyanın qırılmasının səbəbini yayın hərəkətində əllərin perpendikulyar istiqamətinin təmin olunmamasında görərək, bunu öz ifası ilə bir daha izah edib.
Fortepiano ixtisası üzrə dosent Nərgiz Əlizadənin 3-cü kurs tələbəsi Hidayət Sadıxbəyli 5-ci sinif şagirdi Sabir Rüstəmxanlı ilə birlikdə (müəllim: N.Əliverdizadə) İ.S.Baxın Kiçik prelüd (d-moll) əsərinin ifası üzərində çalışıb. Tələbə şagirdinin ifasını ilk xanələrdən saxlayaraq, onun ifasındakı staccatolu səslənmənin səhv olduğunu bildirib. O, not üzərində legato yazılmasa da, əsərin başlanğıcında on altılıq notların əlaqəli ifasının lazım olduğunu izah edib. Bunun həm də melodiyanın inkişafında crescendonun legato vasitəsi ilə ifadəsinin uyğun olduğunu vurğulayıb. H.Sadıxbəyli şagirdinin ifasında yaranan qüsurları onun əsəri nota baxmadan çalmasında görərək, bir daha üzdən ifa etməsini tövsiyə edib.
Fortepiano ixtisası üzrə Əməkdar incəsənət xadimi, professor Elnarə Məmmədovanın 2-ci kurs tələbəsi Qönçə Verdiyeva vokal ixtisası üzrə 9-cu sinif şagirdi Rafiq Mirzəyevlə birlikdə “Ümumi fortepiano” fənnində K.Çerninin 2 № li Etüdünü (op. 299) təqdim edib. İlk olaraq, tələbə müraciət etdiyi əsərin bəstəkarı haqqında qısa məlumat verərək, onun pedaqoji fəaliyyəti və yaradıcılığında etüd janrının əhəmiyyətini xatırladıb. Şagirdin ifasını dinlədikdən sonra etüdün texniki olaraq sağ əl üçün olmasına baxmayaraq, melodiyanın sol əldə keçməsini nəzərə almalı və sağ əldə qruplaşan on altılıq notların vurğusuna diqqət yetirməli olduğunu qeyd edib.
Fortepiano ixtisası üzrə dosent Mədinə Tuayevanın 3-cü kurs tələbəsi Flora Umudova violin ixtisası üzrə 5-ci sinif şagirdi Emiliya Mirzəzadə ilə birgə “Ümumi fortepiano” fənnində Y.Nekadanın Mahnısınının öyrənilməsi prosesini nümayiş etdiriblər. Tələbə, ilk olaraq bəstəkarın yaradıcılığının mühüm cəhətlərini diqqətə çatdırdı. Sonra isə şagirdə melodiyanın oxunaqlı və emosional təsirinin göstərilməsini əldə etmək üçün vurğunun, dinamikanın əhəmiyyətini izah edib.
M.Tuayevanın 3-cü kurs tələbəsi Əli Adıgözəlov 3-cü sinif şagirdi Məryəm Axundzadə ilə (müəllim: M.Tuayeva) Q.Qarayevin “Orta çətinlikdə altı uşaq pyesi” silsiləsindən “Qırılmayan fikir” əsərinin mənimsənilməsi üzərində işləyib. Tələbə dərsə başlamazdan öncə Azərbaycan musiqi tarixində uşaqlar üçün yazılan fortepiano silsilələrinin müəlliflərinin adlarını çəkib, eyni zamanda müraciət etdiyi silsilənin proqram xüsusiyyətindən söz açıb. Əsərin xarakteri, ölçüsü, dinamikasını xatırlatdıqdan sonra şagirdinin ifasını dinləyib. Dərs prosesində hər bir xanənin düzgün ifadəsi ilə təqdimatı şagird tərəfindən diqqətə alınıb.
Açıq dərsdə Elnarə Məmmədova və müəllimlərin sualları tələbələr tərəfindən dolğun şəkildə cavablandırılıb. Auditoriya qarşısında uğurlu dərs prosesini keçirən tələbələr artıq müəllimlik peşəsinin məsuliyyətini anladıqlarını nümayiş etdiriblər.
Tutu Hüseynova
Musiqişünas