|
|
|
|
Xəbər verdiyimiz kimi, ölkədə dəmirlə zənginləşdirilmiş un satılacaq. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək. Buna səbəb dünyada anemiya xəstələrinin sayının xüsusilə qadınlar arasında 570 milyona çatması, Azərbaycanda isə 40 faiz artmasıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik: "Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Bunun nəticəsində də marketlərdə adi unla yanaşı, dəmirlə zənginləşdirilmiş un da satışa çıxarılacaq". Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının keçənilki hesabatında dünyada təxminən 571 milyon qadın və 269 milyon azyaşlı uşağın anemiya səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilib: "Bundan ?lav?, ekspertl?r hesab edirl?r ki, anemiyanın ?hali arasında 40 faizd?n çox yayılması artıq dövl?t s?viyy?sind? t?dbirl?r h?yata keçirilm?sini t?l?b edir. Müəyyən dövrlərdə tələbatın artması və artan qan itkisinə görə mikronutriyent çatışmazlığı, eləcə də anemiyanın xüsusilə yeniyetmə qızlar, reproduktiv yaşlı, hamilə və laktasiya dövründəki qadınlar, kiçik uşaqlar və körpələr kimi əhali qruplarında görülmə ehtimalı yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, əhali arasında 2000-ci ildə ilk dəfə anemiya diaqnozu qoyulmuş şəxslərin sayı 22 min nəfər olsa da, 2022-ci ildə həmin göstərici 46 min nəfər olub. Eləcə də tibb müəssisələrində anemiyaya görə qeydiyyatda olan şəxslərin sayı 2000-ci ildə 28 min nəfər olsa da, 2022-ci ildə həmin say 39 min nəfər olaraq qeydə alınıb. Dəmir çatışmazlığı anemiyanın ən çox bilinən səbəbidir və bu günə qədər anemiya ilə mübarizə üçün görülən tədbirlərin əksəriyyəti dəmir çatışmazlığının qarşısının alınması və müalicəsinə yönəlib".
Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının dosenti Qəribə Hacıyeva unun dəmirlə zənginləşdirilməsinin vacib olduğunu söyləyib: "Dəmirlə zəngin qidalar heyvani mənşəli məhsullardır. Bura qırmızı ət və qaraciyər daxildir. Amma bu gün sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, təkcə Azərbaycanda deyil, dünyada da ailələr tez-tez bu məhsulları alıb istehlak edə bilmirlər. Qiymətlər bahalaşdıqca, bu məhsullara əhalinin əlçatanlığı da azalır. Əvvəllər insanlar həftədə iki-üç dəfə ət alıb yeyə bilirdilərsə, indi elə ailələr var ki, ayda bir dəfə ət alıb yeyir. Ona görə də orqanizmdə dəmir defisiti yaranır. Bu səbəbdən dövlətin yeyinti məhsullarını dəmirlə zənginləşdirməsi alqışlanandır".
Qəribə Hacıyeva bildirib ki, bu, profilaktik məqsəd daşıyır. Unun zənginləşdirilməsi dəmir defisitinin qarşısını almaq üçün həyata keçirilir. Artıq dəmir defisiti olan insanlar isə bunun üçün müalicə kursu almalı, qan artıran dərmanlarla bu problemdən xilas olmalıdırlar.
Onun dediyinə görə, hamilə qadınlar, körpə uşaqlar arasında dəmir defisiti müşahidə olunur: "Un elə bir məhsuldur ki, müxtəlif kateqoriya əhali undan, çörəkdən istifadə edir. Çörək əhalinin demək olar ki, gündəlik istehlak etdiyi məhsuldur. Ona görə məhz unun dəmirlə zənginləşdirilməsi başadüşüləndir. Bu məqsədlə tədqiqatlar aparılıb. Rayonlarda aparılan tədiqatlardan sonra unun dəmirlə zənginləşdirilməsi ilə bağlı qərar verilib".
Dosent una dəmirlə yanaşı, bəzi vitaminlərin də qatılacağını söyləyib: "Dəmirlə zənginləşdirilmiş çörək yeyən hamilə qadınlarda anemiya çox az müşahidə olunur. Bu isə gələcəkdə anemiyasız uşaqların dünyaya gəlməsi deməkdir".
Q.Hacıyeva əlavə edib ki, una dəmir qatılması çörəyin dadına təsir göstərməyəcək: "Una dəmir toz halında qatılır. Dəmir adətən əla və birinci növ una əlavə olunur".
Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov bildirib ki, unun dəmirlə zənginləşdirilməsi çox yaxşıdır. Amma burada söhbət sözün əsl mənasında unun hansı dəmirdən və necə zənginləşdirilməsindən gedir: "Bu, sadə məsələ deyil. Bu gün çörəyə müxtəlif kimyəvi qatqılar əlavə edərək elə bir vəziyyət yaradıblar ki, hazırda çörəyin nə ətri, nə də dadı qalıb. Qidada olan dəmirin bədənə sovrulması çox vacibdir. Amma biz bilmirik ki, unun tərkibinə əlavə ediləcək dəmir bədəndə necə sovrulacaq. Bundan əlavə, biz elektroenergetikanın ən sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq, ətrafımızda elektromaqnit sahələri var. Sual yaranır, həmin elektromaqnit sahələrində bədənə düşən dəmir özünü necə aparacaq? Bunu müəyyənləşdirmək lazımdır. Vaxtilə nanotexnologiyalarla qidanın tərkibinə gümüş yeridirdilər. Gümüş mikrobları öldürür deyə, çox ölkələrdə yeyilir. Biz - milli kulinariya üzrə mütəxəssislər bu günə kimi keçirilən beynəlxalq elmi konfranslarda gümüşün insan bədəninə necə təsir göstərəcəyi haqqında danışmışıq. Bəs dəmir özünü bu halda necə göstərəcək? Bu dəmirin hansı dəmir olduğunu müəyyənləşdirmək lazımdır. Məsələn, dəmir var ki, bədəni cıza bilər. Yəni bunun mənfi, ya da müsbət hal olduğunu bilmək üçün dəmirin xüsusiyyətləri, neçə faizli olduğunu bilməliyik".
Professor Adil Qeybullanın dediyinə görə, təcrübədə müxtəlif ərzaq maddələrinin müəyyən komponentlərlə zəngiləşdirilməsi məsələsi var: "Elə sovet vaxtı Böyük Qafqazın sularında yod çatışmadığına görə, suları yodlaşdırırdılar ki, zob xəstəliyi olmasın. Nəzərə alsaq ki, un məmulatları da çox istifadə olunur, onun dəmir və digər elementlərlə zəngiləşdirilməsi mümkündür. Lakin ərzaqlar elə maddələrlə zəngiləşdirilməlidir ki, onlardan istifadə zamanı həmin maddələr sıradan çıxmasın. Digər tərəfdən anemiya, dəmir defisitli, talassemiyalı xəstələrin adətən bu məhsullardan istifadə etməsi daha məqsədəuyğun sayılacaq. Bu da həkim təyinatı əsasında həyata keçiriləcək".
Bəs çörək üçün istifadə edilən unun tərkibinin dəyişdirilməsi çörəyin bahalaşmasına səbəb olacaq?
İqtisadçı ekpsert Xalid Kərimlinin fikrincə, bu tip tədbirlərin görülməsi çörəyin qiymətinə təsir etməyəcək: "Əvvələ qayıtsaq, mən düşünmürəm ki, bu tədbir çörəyin bahalaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə hal-hazırda dünyada son bir ildir un qiymətlərinin ardıcıl ucuzlaşması müşahidə olunur. Ukrayna taxılının Qara dəniz ticarətinə məhdudiyyət qoyuldu. Amma məhsuldarlığın artması, anbar qalıqlarının yüksək olması un qiymətlərini yüksək səviyyədə saxlayır. Bu baxımdan güman getmirəm ki, bu cür tədbirlər çörəyin qiymətinə təsir etsin. Əksinə, çörəyin qiymətində hələ də ucuzlaşma ola bilər. Yəni belə bir ehtimalın olması daha yüksəkdir".
Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı müzakirələr 2014-cü ildə aparılıb və Asiya İnkişaf Bankı müəyyən işlər görüb: ''Azad İstehlakçılar Birliyi partnyor kimi seçildi və unun vitaminlər, dəmirlə zənginləşdirilməsi fikirləri meydana gəldi. Bununla bağlı 4 dəyirmana xüsusi avadanlıqlar verildi. AQTA-nın nəzarəti ilə dərmanlara KAP deyilən "paraşoklar" qatıldı. Qırmızı gülən uşaq şəklində xüsusi loqo hazırlandı. Zənginləşdirilmiş un kisələrinin üzərinə həmin loqo yapışdırıldı. Ancaq bir müddətdən sonra görüldü ki, bu şəkillər yalandan vurulub və unun tərkibində heç bir zənginləşdiriləcək maddə yoxdur. Həmin şəxslərə qarşı mübarizə aparıldı və təşəbbüs sıradan çıxdı. Ona görə də unun fortifikasiyasının həyata keçirilməsi üçün qanun qəbul edilməlidir. Bu barədə Azərbaycanda ciddi problemlər var. Vətəndaşların əksəriyyətində anemiya, qanda dəmir çatışmazlığı müşahidə edilir. Bu da bir çox xəstəliklərə səbəb olur. Çörəyin tərkibinə dəmirin qatılması əhali arasında səhv fikrin formalaşmasına gətirib çıxarır. Onlar düşünürlər ki, bununla əhalinin üzərində eksperiment keçirilir. Ancaq bu, yanlış düşüncələrdir. Qeyd edim ki, 2001-ci ildə duzun yodlaşdırılması tədbirlərinin keçirilməsinə təqribən 85 faiz nail olunub. Bu qəbildən unun fortifikasiyası mütləq həyata keçirilməlidir. Çox ehtimal ki, bu istiqamətdə beynəlxalq qurumlarla və yaxud Qida Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq edilsə, AQTA olaraq əhali arasında maarifləndirmə işləri, monitorinqlər aparılacaq. Bir çox inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunur".
Sevinc QARAYEVA