AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Faiq Əliyevin ali məktəblər üçün "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" adlı dərs vəsaiti çapdan çıxıb.
Nəşrin elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professorlar Kamandar Şərifli və Əsgər Rəsulovdur.
Ali məktəblərin bakalavr və magistr pillələri üçün nəzərdə tutulan dərslik Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən XVIII əsrə qədərki mərhələlərini əhatə edir. Nəşrdə göstərilən dövrlərdə ədəbiyyatımızın əsas inkişaf istiqamətləri, forma və məzmun xüsusiyyətlərinə nəzər salınıb, VII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının ən mühüm nümunələri və görkəmli nümayəndələri barədə müfəssəl məlumat verilib.
Dərsliyə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov "Sözün tarixi - millətin tarixi" adlı müqəddimə yazıb.
Kitabdan ali məkktəb müəllimləri, doktorantlar və filoloq-mütəxəssislər istifadə edə bilərlər.