|
|
|
|

İkicə addım
Sevgidən vüsala uzanan yol
ikicə addım,
Addımın biri
sənin ayağına qismət,
biri mənim.
Ayrılıqların içindəki həsrət
uzun,
lap uzun
upuzun bir yol.
O yolun bir ucunda Sən,
bir ucunda mən.
Zamanın qürbətindən
dayanıb baxırıq maddım-maddım.
Ümidlərsə qoşulub durna qatarına
uçur, uçur, uçurlar
isti ölkələrə.
İkimizdəki gümanlarsa
yol gedir, yol gedir
üzü bəlkələrə...
Vüsala qovuşan yol -
ikicə addım.
Addımın biri sənin
ayağında,
Birini
mən atdım...
Hərənin öz dərdi
Sevincə, sevgiyə əl açıb
dərdi, qəmi, kədəri
şələləyib çiyninə
olumundan ölümünə daşımaq.
Falçı yanına getməyə
tas qurdurmağa,
baxt açdırmağa, nə hacət,
Elə budur yaşamaq.
Ayaqyalın gəzənlər var,
ancaq dərdsiz adam yox.
Heç nəyi olmasa da bu dünyanın
sevgisindən, sevincindən
kədəri, dərdi çox.
Ey, alim qardaş,
lap zalım qardaş,
Zəhmət çəkib,
üz-gözümü yandırıb
məni az danla.
Bu dünyada
adama azadlıq
misqalla verilir
köləlik batmanla.
Yığın
bu dünyanın adamlarını bir yerə,
yan-yana düzün.
Mən deməmiş, görəcəksiniz
Hərənin dərdi öz boyundan uzun...
Lal oyunu
Adi bir işdən ötrü
birinin dalıyca
düz on dəfə qaçıram,
Bir o qədər də minnətçi salıb
ona, buna ağız açıram.
Ancaq nə fayda!
Bilmirsən bu nə oyun,
bu necə qayda?!
Qısası,
bircə ağız deyən yox,
ay bala, üzmə özünü,
sənin yiyən yox!
Bu yağan yağışın insafı yoxmuş
Ayrılıq buludu alıb üstümü,
Bəxtim zora düşüb məndən küsdümü?
Söndürüb odumu, qovur tüstümü,
Bu yağan yağışın insafı yoxmuş.
Gahdan həzin-həzin, gah ağır-ağır
Gözümdə lillənir, içimə yağır,
Külümü sovurur, yandırır, yağır,
Bu yağan yağışın insafı yoxmuş.
Bəbəklərim tutmur, daşır gözümdən,
Açdığı cığırlar getmir üzümdən.
Baxıb utanıram özüm-özümdən,
Bu yağan yağışın insafı yoxmuş.
Yağış göydən gələr, torpağa yağar,
Gah düzə əl açar, gah dağa yağar.
Çölümdən içimə baxar və yağar,
Bu yağan yağışın insafı yoxmuş,
Bu yağan yağışın Allahı yoxmuş!
Heyrət içində
Üzüboz dünyada
sonuncu yalan içində
İtirdiyim özümü,
səbrimi, dözümü
əlimdə çıraq,
ay aman,
axtarıb tapa bilmirəm.
dönüb özüm də oluram yalan.
Günün günorta çağı
gözlər görə-görə
qazıyırlar kökümü,
içimə düşür talan.
Allaha da
nə səsim çatır,
nə də əlim.
Durub indi söz danışır
Heyrət içində
ağzına su alan dilim.
Arzularımın gül açan vaxtı
Kim yazıb mənə
Bu taleni, bu baxtı?
Günün günorta çağı-
arzularımın gül açan vaxtı.
Səbrimlə dözümüm
Nə ağlıma baxdılar, nə yaşa.
Mumlayıb ağzımı, dilimi,
Bağlayıb əlimi
atdılar
qorxuyla
ümidin mühasirəsinə,
Di get, xoşbəxt yaşa.
Ümid ayağımdan dartır geri,
Qorxunun dilini öyrənə bilmirəm, Allah,
Qorxuyla ümidin mühasirəsi
arzularımın qürbətidi vallah.
Qürbətdə yaşayanım yox,
mən necə yaşayım?
Nə qədər Vətən! Vətən! - deyim,
nə qədər gözümü döyüm,
nə qədər başımı qaşıyım?
Nə qədər çətinmiş
Vətəndə Vətən həsrətiylə yaşamaq,
qorxuyla ümidin məngənəsində
özünü alıb çiyninə
olumundan ölümünə daşımaq!..
Kim yazıb mənə
bu taleni, bu baxtı,
Günün günorta çağı-
Arzularımın gül açan vaxtı...
Dad bilən
Həsrətimin gözünü
sənin kimi silən yox.
Adımın dadını
sənin kimi bilən yox!
Vətən
Bir ürəkdə döyünən,
Arazla ikiyə bölünən,
o taylı, bu taylı Vətən!
Bir ürəyə sığınar,
Sevilər iki gözlə.
İki əllə bağra basılar,
yenə öyülər bir sözlə:
Vətən, Vətən, Vətən!
Bir ikiyə sığışar,
İki birə yığışar,
Vətən, Vətən, Vətən!
Bu gecə də
Bu gecə də qayğılı gecədi,
Üzü boz,
ancaq sayğılı gecədi.
Bu gecə də
azadlıq
qərib qonaq kimidi
mənim içimdə.
İçim qalsın bir yana,
görən yox,
Pakhapakla qaynayan samovar tək
qorxusundan fit çalır çölüm də.
Yaralı əskər misralarım,
misgər misralarım
durub gözünü döyür
nahaqqın önündə,
Mən boyda, mən biçimdə.
Bu gecə də
qaçıb ulduzların dodağı,
Göz də vurub bir-birinə
Gecənin üzünə gülümsəyirlər.
Gündüzlər günümü
düyüb göy əskiyə.
Ehtiyacla ağrılarım
verib əl-ələ
dözümü yuxularımla mənimsəyirlər.
Bu gecə də
dedi-qoduların toyudu,
Ciblərimdən utanan əllərim
Elə ciblərimdəcə uyudu.
Hərdən ağzıma təpsəm də əllərimi,
barmaqlarımın ucu üşüyür.
Qayğılı-qayğısız getdiyim yerlərdə
Arxamca bir nakam ölüm tövşüyür.
Bu gecə də qayğılı gecədi,
Üzü boz,
ancaq sayğılı gecədi.
Məni məndə əridən həsrətim,
Daha soruşmuram,
halın, əhvalın necədi?
Ramiz ORSƏR



