Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında builki “Jara” festivalının hazırlıq işlərinə təxminən bir il vaxt sərf olunduğunu deyib.
Bildirib ki, bu il festivalda 75 ifaçı çıxış edəcək, 1200-dən çox musiqiçi gəlib. Artıq “Odnajdı na Jare” filminin çəkilişlərinə başlanılıb. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb. Diqqətə çatdırıb ki, filmdə iştirak edəcək 58 artistdən biri də Stiven Siqaldır. O da ilk dəfə olaraq bu festivalda iştirak edir. Həmçinin, hər bir artist üçün “Jara” albomunun hazırlanması nəzərdə tutulur.
“Jara-2018” festivalının açılışı münasibətilə təşkil edilən mətbuat konfransında, həmçinin, festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov, dünya şöhrətli ifaçılar Filip Kirkorov, Lyubov Uspenskaya, habelə MOT jurnalistlərin suallarını cavablandırıblar.
“Jara” Beynəlxalq Musiqi Festivalı musiqi aləmində 2018-ci ilin ən vacib hadisələrindəndir. Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”, - deyə vurğulayan Filip Kirkorov qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
İyulun 26-da “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının iştirakçıları qırmızı xalı üzərindən keçiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018”in fəxri qonaqları arasında qırmızı xalıdan keçib. Aparıcı onu “Jara” festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.
Qırmızı xalıdan Qlyuk'oza, Qriqori Leps və Cosmos girlrs, Artik & Asti, Soqdiana, Ani Lorak, Sergey Lazarev, Qradusı qrupu, Emin Ağalarov, Sergey Kojevnikov, Lyubov Uspenskaya və başqaları keçiblər.
Azərbaycanın üçüncü ildir ev sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalı hər dəfə maraqlı təqdimatları ilə tamaşaçıları heyrətləndirir. Digər tərəfdən isə festival iştirakçıları da Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini dönə-dönə söyləyirlər.
Festivalın birinci günündə əvvəlcə Alekseev, Emil Qədirov, Saşa Orlov, Elina Çaqa və Andrey Qrizli dueti, Natan, Sofi Kalçeva, Ruslan Sultan və başqalarının ifaları təqdim edilib. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun qaldıqlarını bildiriblər.
Festivalın ilk günü tamaşaçılara xoş anlar yaşadıb. Azərbaycanın Xalq artisti Emin Ağalarovun “Neveroyatnaya”, “Azərbaycan” mahnılarını ifa etməsi, eləcə də onun Stiven Siqalla birgə “Boogie man” ifası alqışlarla qarşılanıb.
Alessandro Safina Müslüm Maqomayevin repertuarından “Əbədi mavilik” mahnısını ifa edib, eləcə də Mariya Novikova ilə duet oxuyub.
Sonra tanınmış ifaçılar Tomas Nevergreen, İn Grid, habelə MOZGİ qrupunun çıxışları olub.
Filip Kirkorovun onu müşayiət edən musiqiçilərlə birgə səhnəyə çıxışı “Jara-2018”in hərarətini daha da artırıb. Dünya şöhrətli ifaçı Bakıya yenidən gəlməkdən, buradakı dostlarını görməkdən çox şad olduğunu bildirib. Qeyd edib ki, “Jara” Beynəlxalq Musiqi Festivalının ömrü uzun olacaq və onun üçün “Jara”nın bir parçası olmaq şərəfdir.
Festivalın ilk günündə, həmçinin, MOT, Artik & Asti, A`Studio, Brandon Stone, DoReDos, LOBODA, Artyom Pivovarov, Yuliya Kovalçuk, Slava, Lyibov Uspenskayanın Nastya Kamenskix ilə dueti, Artur Pirojkov, Timati, Yeqor Krid, Valeriya, L`One, Maks Barskix, Anna Sedakova, Aleksandr Panoyotov, Sergey Lazarev, Nikolay Baskov, Monatik, habelə A`Studio qrupunun, Qriqori Leps və başqalarının çıxışları olub.
Festival çərçivəsində səslənən fikirlərdən biri də “Jara”nın miqyasına görə “Eurovision”dan heç də geri qalmadığı barədə olub. Hər bir tamaşaçı bu festivalda öz ifaçısını və mahnısını tapa bilər.
Festivalın birinci günündə Yana Çurikova və Nikolay Baskov aparıcılıq ediblər.
Festival çərçivəsində növbəti günlərdə yaradıcılıq gecələri də keçiriləcək.
İlk gün EMİN, Ani Lorak və Keyti Topuriyanın birlikdə “Bakıya qaçaq” mahnısının ifası və atəşfəşanlıqla bitib.
Festivalın ikinci günündə - iyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçirilib. Habelə EMİN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk'oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış ediblər.
Şahanə MÜŞFİQ