Azərbaycan Yazıçılar Birliyi Qarabağ Bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Ağcabədidə görkəmli yazıçı İsi Məlikzadənin anadan olmasının 90 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilib. Sözügedən tədbirlərdən biri də rayonun Pərioğlular kənd kitabxana filialı ilə birgə təşkil olunub. Tədbirə mədəniyyət, tibb işçiləri, müəllim və şagirdlər, ziyalılar, kənd sakinləri, yazarlar, media mənsubları qatılıblar.
Öncə, iştirakçılar kitabxanada İsi Məlikzadənin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Pərioğlular kənd kitabxana filialının müdiri, qabaqcıl mədəniyyət işçisi Nübar Qasımova İsi Məlikzadənin həyat və yaradıcılığı ilə əlaqədar məlumat verib.
Sonra yazıçının bacısı oğlu, araşdırmaçı-yazar Mahir Ağayev, rayon ziyalısı Cəbrayıl Cəbrayılov, Pərioğlular kənd tam orta məktəbinin direktor müavini Samirə Həsənova, ədəbiyyat müəllimi İradə Quliyeva, Hacıbədəlli kənd kitabxana filiallarının müdirləri Rəsmiyyə Zeynalova, Sevda Həsənova, AYB Qarabağ Bölməsinin sədr müavini Yəhya Paşazadə çıxış edərək İsi Məlikzadənin zəngin yaradıcılığı barədə fikir və mülahizələrini, təəssüratlarını bölüşüb, sənətkarın real həyat həqiqətlərini əks etdirən əsərlərinin bədii və tərbiyəvi əhəmiyyətindən söz açıblar.
Sonda tədbir iştirakçılarına AYB-nin Qarabağ Bölməsi adından kitablar hədiyyə olunub.