Artıq 10 ilə yaxın idi ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı.
Ötən müddət ərzində isə bu sektorda çox müsbət dəyişikliklər baş verib. Nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb. Əvvəllər sərnişinlər avtobuslarda kondisionerlərin olmamasından daha çox şikəyətlənirdilər. Başqa sözlə, qışda marşurut avtobusları soyuq, yayda isə isti olurdu. Üstəgəl, köhnə, kiçik tutumlu avtobuslar həm insanların mənzil başına çatmasını gecikdirirdi, həm də narahatlıq yaradırdı. Bu gün isə sadalanan problemlər demək olar ki, aradan qaldırılıb. İri tutumlu, yeni, sərin avtobuslar sərnişinlərin ixtiyarına verilib. Dəyişən həm də sürücü-sərnişin münasibətləridir. Daha sərnişinlər ictimai nəqliyyatı idarə edərkən siqaret çəkən, telefonda danışan, müsiqiyə möhkəm səs verən, kobud hərəkətlərə yol verən, avtoşluq edən sürücülərlə qarşılaşmırlar. Eyni zamanda metro sistemində də yeniliklər tətbiq edilir. Yeni vaqonlar alınır ki, bunlar da yüksək standartlara cavab verir. Təbii ki, bu yeniliklər insanların rahatlığı üçündür. Və onlar bundan sonra da davam etdiriləcək. Amma həm də dövlət tərəfindən bunun üçün böyük məbləğdə büdcə ayrılır. On ilə yaxın müddət ərzində ictimai nəqliyyatda gediş haqqının müəyyən qədər artırılmasından sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.
Müqayisə üçün bildirək ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki marşrut avtobuslarında gediş haqqı tariflərinin artırılması sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə imkan verir ki, onlar istehsalat bazalarını, avtobus parklarını yeniləsinlər, daha keyfiyyətli və rahat sərnişindaşıma xidməti göstərsinlər. Bütün bunlar olacağı təqdirdə, sərnişindaşıma sektorunda vətəndaşlar daha keyfiyyətli xidmətlə təmin olunacaq. O, sözügedən sektorda fəliyyət göstərən hüquqi və fiziki şəxslərin təhlükəsizlik və keyfiyyətli sərnişindaşıma işinin təşkilinə daha ciddi və məsuliyyətlə yanaşmalı olduqlarını vurğulayıb: “Bütün müntəzəm marşrut xəttləri üzrə daşıyıcılar kartlı ödəniş sisteminə keçidi sürətləndirməlidirlər. Vətəndaşa rahat və təlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini hər zaman qarşımıza prioritet məqsəd olaraq qoymuşuq. Bunu nəzərə alaraq, BNA bir daha xəbərdalıq edir ki, işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut xəttlərindən kənarlaşıdırılacaq. Bütün müntəzəm marşrut xəttlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərarın qəbulu da bu məqsədə xidmət edir”.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da təsdiq edib ki, hazırda da MDB məkanında ən ucuz qiymət Azərbaycandadır: “Ümumiyyətlə "Bakı Metropoliteni" QSC-də sonuncu tarif dəyişikliyi (qiymət artımı) 2011-ci ilin dekabr ayının 1-də olub. Həmin ilin noyabr ayının 24-də Tarif Şurasının qərarı ilə qiymətlər 15 qəpikdən-20 qəpiyə qaldırılıb. O dövrdən bəri "Bakı Metropoliteni" QSC-də heç bir qiymət dəyişikliyi olmayıb. Mövcud qiymət dəyişikliyi ilə bağlı mən bəzi müqayisələri aparmaq istərdim ki, obyektiv mənzərəni təsəvvür etmək bir qədər asan olsun. Avqustun 1-də metroda qiymətlər 1 gediş üçün 30 qəpik olsa belə, yenə də "Bakı Metropoliteni" post-sovet məkanında və yaxın region ölkələri arasında ən ucuz tariflərə malikdir. Məsələn, Kiyevdə bu tarif 41-50, Minskdə 55, Daşkənddə 37 qəpikdir. Moskvada isə metronun qiyməti bizdən dəfələrlə bahadır. Hətta onu da nəzərə almalıyıq ki, Rusiya metro təchizatı ilə bağlı böyük istehsal gücünə malikdir. Onun sözlərinə görə, Bakı Metropoliteninin inkişafı ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək: “Bu yaxınlarda qatarların təmir edilərək modernləşdirilməsinə yerli şəraitdə nail olmuşuq. Əvvəllər isə bunu ölkə xaricində edirdik. Bu da vaqonqayırma sənayesinin yerli şəraitdə inkişafına təkan verir. Eyni zamanda yerli şəraitdə beton blokların, beton yarımşpalların istehsalına başlamışıq. Ehtiyac yaranarsa digər müəssisələri də beton şpallarla təmin edə bilərik”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək: “Nəzərə almaq lazımdır ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda metro və ictimai nəqliyyatda gediş haqqının qiyməti çox aşağıdır. Son olaraq 2007-ci ildə sərnişindaşımada, 2011-ci ildə isə metroda xidmətin tarifi təsdiq edilib. Ötən bu illər ərzində isə hər iki sahədə böyük yenidənqurma işləri aparılıb, xidmətin keyfiyyəti müasir standartlar səviyyəsinə qaldırılıb.” Baş redaktor metro və ictimai nəqliyyatda gediş haqqı ilə bağlı bəzi statistik rəqəmləri diqqətə çatdırıb: “Metro və sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat təşkil edir. Göründüyü kimi, yeni tarif dəyişikliyindən sonra da ölkəmizdəki tariflər əksər MDB ölkələri ilə müqayisədə az olacaq”.
SABİT