Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.
İyulun 16-dan start verilən bu mərhələdə 19 fənn - Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib. Müəllim adı uğrunda mübarizəyə 39 min 163 namizəd qoşulub.
Avqust ayının 1-də test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Avqustun üçündən etibarən isə vakansiya seçimi mərhələsinə start verilib. Vakansiya seçimi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini yükləyərək, vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda göstərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcəkdir.
Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti dərs ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
MÜƏLLİMLƏR KOMPÜTER VASİTƏSİLƏ CAVABLANDIRDIQLARI SUALLARIN NƏTİCƏLƏRİNİ ÖZLƏRİ GÖRÜBLƏR
Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyevanın sözlərinə görə, iyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. Bu proses iyulun 8-dək davam edib. Elektron sənəd qəbulu zamanı 50 697 namizəd qeydiyyatdan keçib. Ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 46 757 namizədin ərizəsi qəbul olunub və onlar müsabiqədə iştirak etmək hüququ qazanıb: “Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. Müəllimlər komputer vasitəsilə cavablandırdıqları sualların nəticələrini 90 dəqiqənin tamamında özləri də görüb”.
İMTAHANDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRƏN MÜƏLLİMLƏR
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə imtahan verən namizədlərdən biri yüksək nəticə göstərib. Belə ki, imtahanda iştirak edən Göyçay rayonunun Cəyirli kənd sakini Fidan Hacıyeva ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb. F.Hacıyeva bildirib ki, diaqnostik qiymətləndirmədə də 54 bal toplayıb: “Müəllimlərin işə qəbulu imtahanlarında ondan daha yüksək olacağına şübhə etmirdim. Ancaq bu imtahanlarda ilk ən yüksək bal toplayan olacağım ağlıma gəlməzdi. Hazırlaşanda da yalnız məntiq və metodikaya vaxt ayırmışdım”.
Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə yüksək nəticə göstərənlərdən biri Nigar Məhərrəmova deyir ki, imtahan çox yaxşı, elektron sistemlə təşkil olunmuşdur: “İmtahanların təşkili səviyyəsi məni tam qane etdi”. N.Məhərrəmovanın sözlərinə görə, əsas hədəfi 60 bal toplamaq olub: “İmtahan öncəsi çox həyəcanlı idim. Amma imtahan başlayan kimi həyəcanı unudub bütün fikrimi sualları cavablandırmağa yönəltdim. 60 bal gözləyirdim, hələ də bilmirəm ki, 2 sualda nəyi səhv yazmışam. Mənə görə suallar çox asan və rahat idi. Amma əksəriyyət suallardan şikayətlənir, çətin olduğunu deyirlər. Məncə, buna haqları yoxdur. Çünki məktəb proqramından kənar heç bir sual yox idi”.
Digər yüksək nəticə göstərən Təhminə Ataşlı da sualların onun üçün normal olduğunu bildirib: “İmtahanda 56 bal topladım. Açığı, çox həyəcan keçirdim. Amma sualları gördükdən sonra bu, sona çatdı. Mən ixtisasa aid sualları maksimum cavablamaq istəyirdim, amma alınmadı. Bir az ona təəssüfləndim. İmtahanların təşkili və keçirilməsi səviyyəsi məni çox qane etdi. İmtahan sualları da normal idi”.
MÜƏLLİM ADI QAZANMAQ İSTƏYƏN NAMİZƏDLƏR ÜÇÜN UNİKAL ŞANS
Millət vəkili Elman Nəsirli deyir ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi yüksək səviyyədə təşkil olunmuşdu: “Fikrimcə, müəllim adı qazanmaq istəyən namizədlər üçün bu unikal bir şansdır. Müsabiqədə iştirak edib həm işə qəbul olunur, həm də yüksək maaş alanlar siyahısına daxil olursan. Bu gün həm də onun şahidi oldum ki, müəllimlik peşəsinin nüfuzu bərpa olunub. Hər gün hörmətdən düşmüş bir peşənin necə dirçəldiyinin şahidi oluruq. Bir vaxtlar müəlimliyi atanlar indi öz peşəsinə qayıtmaq üçün can atır, çaba göstərirlər. Bu da çox sevindirici bir haldır”.
HAMI ÜÇÜN BƏRABƏR İMKANLAR YARADILIR
Millət vəkili Tahir Mirkişili müəllimliyin artan nüfuzunda yaradılan ədalətli rəqabət mühitinin rolunu xüsusi qeyd edib: “İmtahanları çox yüksək qiymətləndirirəm. Xüsusən, təşkilati cəhətdən çox yüksək səviyyə müşahidə etdim. Müəllim olmaq istəyənlər üçün bərabər imkanların yaradılması, şəffaflıq şəraitində mübarizə mühiti formalaşdırılması, nəticədə ədalətli rəqabətin təmin edilməsi müəllimliyin nüfuzunun artmasında olduğu qədər, müəllimlərin peşəkar inkişafı üçün çox önəmlidir”.
TƏHSİL NAZİRLİYİNİN HƏYATA KEÇİRDİYİ İSLAHATLARIN BÖYÜK ROLU
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bu fikirdədir ki, bu proses ali təhsil pilləsində də tətbiq edilməlidir: “Təşkilatçılıqdan tutmuş bu istiqamətdə həyata keçirilən bütün proses marağıma səbəb oldu. İmtahanları bu səviyyədə təşkil etməyin çətin olduğunu bilirəm. Bu çətinliyin öhdəsindən gəlib təhsil sahəsində şəffaflığa nail olunması çox müsbət haldır. Bir vaxtlar təhsildən uzaqlaşan, indi isə bu sahəyə qayıtmaq istəyən və qayıdan yaxınlarım da var. Təhsilə bu münasibət artıq kütləviləşib və bunda, heç şübhə yoxdur ki, Təhsil Nazirliyinin həyata keçirdiyi islahatların çox böyük rolu var. Ümid edirəm bu proses gələcəkdə ali təhsil müəssisələrində də tətbiq ediləcək”.
XXI ƏSRİN MÜƏLLİMİNİN SEÇİLMƏSİNDƏ DOĞRU YOL
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev müəllimlərin işə qəbulunun imtahanla keçirilməsini yüksək qiymətləndirib, müəllim peşəsinin nüfuzunun artmasında müstəsna rol oynadığını bildirib. Xalq yazıçısı kompüter əsaslı imtahan prosesinin təşkilini XXI əsrin müəlliminin seçilməsində doğru yol olduğunu qeyd edib: “Fikrimcə, imtahanların bu cür şəffaf keçirilməsi gələcəkdə güclü təhsil sisteminin formalaşmasına xidmət edir”.
ŞƏFFAF KEÇİRİLƏN İMTAHANLAR
Təhsil eksperti Etibar Əliyev imtahanların nəticələrinin təhlilinə zərurət olduğunu vurğulayıb: “İmtahanlar çox şəffaf təşkil edilmişdi. Mən təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində imtahan prosesini izləyən zaman bunun şahidi oldum. Müəllimlərə biliklərini nümayiş etdirmələri üçün bütün imkanlar yaradılmışdı. Hesab edirəm ki, imtahanların nəticələrinin təhlilinə də önəm verilməli, hətta əvvəlki illərin nəticələri ilə müqayisəli təhlili aparılmalıdır. Əvvəlki illərlə müqayisədə müəllimliyə namizədlərin imtahanlarında hansı tendensiyanın müşahidə edildiyi müəyyənləşdirilməlidir”.
2 MİN NƏFƏRDƏN ÇOX MÜƏLLİM VAKANSİYA SEÇİMİ MƏRHƏLƏSİNƏ ÖTƏNİLKİ BALI İLƏ QATILACAQ
Müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən, vakansiya seçimi mərhələsində bu il imtahanda iştirak edənlərlə yanaşı ötən il keçid balını toplayanlar da iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.
Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadənin sözlərinə görə, bu il 2 min nəfərdən çox namizəd müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında iştirak etməyərək müsabiqəyə ötənilki imtahanda topladıqları balla qatılacaq: “Yəni həmin şəxslər könüllülük prinsipi əsasında test imtahanında iştirak etmədən ötən il topladıqları göstəricilərlə builki müsabiqədə iştirak edə biləcəklər. Məlumat üçün bildirim ki, bu ildən müəllimlərin işə qəbul imtahanında topladığı bal iki tədris ili ərzində nəzərə alınır. Yəni bu il imtahanda iştirak edən namizəd növbəti ildə də həmin göstərici ilə müsabiqədə iştirak edə bilər. Həmin namizədlər birbaşa müsabiqənin 3-cü mərhələsinə - vakant yerlər seçiminə qatıla bilərlər”.
S.QARAYEVA