Ermənistanda 2008-ci ilin 1 mart hadisələrinə görə günahı tam sübuta yetirilən eks-prezident Robert Koçaryan hakimiyyətə qayıtmaq iddiasını ortaya qoyub.
Məlum terror aktı ilə bağlı açılmış cinayət işi üzrə onun təkcə azərbaycanlılara yox, həm də öz xalqına qarşı amansız, qəddar mövqedə dayandığı faktlarla isbat olunsa da, bu gün Ermənistan reallığında Koçaryan yenidən rəhbər seçilmək şansını yüksək qiymətləndirir. Bununla uzun illər işğalçı siyasət həyata keçirən "Qarabağ klanı"nı hakimiyyətə qaytarmaq istəyən sabiq prezident Ermənistanın hazırkı baş naziri, qərbpərəst Nikol Paşinyanın yarıtmaz siyasətindən, qeyri-peşəkarlığından faydalanmaq arzusundadır. Halbuki Koçaryan-Sarkisyan cütlüyünün rəhbərliyi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisində həyata keçirilən işğal prosesinə görə Azərbaycanın Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid etməsində həmin kəslər birbaşa məsuliyyət daşıyırlar. Onlar ermənilərin məruz qaldığı dərin sosial-iqtisadi fəlakətinin əsas səbəbkarlarıdır.
Məhz bu amil, üstəgəl, işğalçı ölkəni bürüyən korrupsiya və rüşvətxorluq "Qarabağ klanı"nın hakimiyyəti əlində saxlayaraq ölkədə quldurluq etməsinin qarşısının kəsilməsi, xəyalpərəst N.Paşinyanın baş nazir kreslosuna əyləşməsiylə nəticələnmişdi. O da öz növbəsində meydanlara çıxan kütləyə verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün inqilab ab-havasının ona qarşı çevriləcəyindən az ehtiyyat etmir. Ona görə də Paşinyan əsas rəqiblərindən canını qurtarmağa çalışıb, 1 mart hadisələri üzrə açdığı cinayət işi ilə "Qarabağ klanı"nın əsl mahiyyətini ortaya qoyub, bu cinayətkar qruplaşmaya rəhbərlik edənlərin simalarını ifşa edib. Ancaq Rusiya faktoru onu bu "uğurun" yarısından dönməyə, həbsə göndərdiyi R.Koçaryanı azadlığa buraxmağa məcbur edib. Kremlin müdaxiləsindən sonra planları pozulan Ermənistanın baş naziri eks-prezidentlə meydanlarda mübarizə aparmaq qərarına gəlib. Nəticədə "Qarabağ klanı"nın aparıcı simalarının, o cümlədən, R.Koçaryan və Serj Sarkisyanın hakimiyyəti dövründə ölkəni bürüyən korrupsiya, rüşvətxorluq, ağır kriminal vəziyyət, əhalinin sosial-iqtisadi problemləri Paşinyanın çıxışlarının əsas tezislərini təşkil edib. Bununla Ermənistanın baş naziri kütlə önünüdə özünə müəyyən üstünlük qazana bilsə də, Rusiyanın hələ də işğalçı ölkədə əsas amil, faktor, təsiredici qüvvə olması Paşinyanın rəhbərliyi altında atılacaq növbəti addımların da digərləri kimi effektsiz olacağına dair əhalinin şübhələrini artırıb.
Ölkəsində müstəqil siyasət yürüdə bilməyən Paşinyana növbəti zərbə Kreml sahibi Vladimir Putinin eks-prezidentə telefon zəngi olub. Beləcə intriqalar meydanına çevrilən Ermənistanda hakimiyyət qovğasının hələ uzun müddət davam edəcəyi şübhə doğurmur. Bu vəziyyətdə ən əsas əziyyəti isə sıravi ermənilərin çəkəcəyi heç kimə sirr deyil.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu R.Koçaryanın Ermənistanda hakimiyyətə qayıtmasını mümkünsüz görür: "Onu nə ermənilər, nə də Rusiya istəyir. Vladimir Putinin Koçaryana zəng etməsini o qədər də böyütmək lazım deyil. Bu, sadəcə Paşinyana bir mesaj idi. Sonra da məlum oldu ki, Putin Ermənistanın baş nazirindən istədiyini ala bilib. Bu zəngdən dərhal sonra rusiyalı mütəxəssisləri ABŞ-ın Ermənistanda olan laboratoriyasına buraxıb. Yəni Putin Koçaryana etdiyi zəngin effektini artıq görüb".
Politoloq hesab edir ki, Putinin Koçaryana qarşı ciddi münasibəti yoxdur: "Koçaryan 10 ilə yaxın siyasətdən kənarda olub. Bu dövr ərzində Rusiyadan nə prezident, nə də baş nazir səviyyəsində onunla əlaqə yaradan olmayıb. Eləcə də Koçaryan Rusiyada "Sistema" adlı təşkilatın rəhbərliyində olan adamdır. Hətta o, ildə 3-4 dəfə Moskvaya gedərək təşkilatın iclaslarında iştirak edir. Lakin Kremldən onunla heç kim bugünədək əlaqə saxlamamışdı".
Ümumiyyətlə, Putinin Koçaryana qarşı simpatiyasının olmadığını deyən M.Əhmədoğlunun sözlərinə görə, sadəcə, Rusiya prezidenti Paşinyandan ona lazım olanı almaq üçün Ermənistanın eks-prezidentinə zəng edib: "Rusiya Ermənistanda qarşıdakı seçkilərdə Koçaryandan yalnız provokator, siyasi prosesləri qarışdıran katalizator kimi istifadə edə bilər".
Mərkəz sədri bildirib ki, Rusiyanın hazırda işğalçı ölkədə planlaşdırılan seçkilərdə öna çıxaracağı adam yoxdur: "İlkin mərhələdə Koçaryan vasitəsilə proses qarışdırılacaq, daha sonra seçkilərin içindən lazım olan adamlar seçiləcək".
Politoloq Fikrət Sadıxov isə qeyd edib ki, Putinlə şəxsi münasibətlərinin yaxşı olması R.Koçaryanın həbsinə əngəl deyil. O, "Aznews"a bildirib ki, Moskvaya getməmişdən əvvəl Koçaryan həbs olunub və daha sonra azadlığa buraxılıb: "Onun azadlığa çıxması təsadüfi deyil. Aydın məsələdir ki, Koçaryanın azadlığa buraxılmasının arxasında Moskva dayanıb. Koçaryan vaxtilə Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlib və neçə il dövlət başçısı olub. Onun hakimiyyətə gəlməsi 10 nəfərin öldürülməsi kimi qalmaqallı məsələlərlə bağlıdır. Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl meydanlarda bəyan etmişdi ki, bu cinayətdə bir nömrəli iştirakçı olan adamları cəzalandıracaq. Koçaryan da bu siyahıda yer alırdı. Putin Koçaryana zəng vurub, ad gününü təbrik edib. Putin Paşinyanla görüşəndə Koçaryanın həbs məsələsi müzakirə olunub. Putin işarə edib ki, o, bizim adamdır. Təbii ki, Putin bütün məsələləri həll edə bilməz. Çünki bu, Ermənistanın daxili işləridir. Paşinyan indi rəqiblərini aradan götürür. R.Koçaryan, Y.Xaçaturov onun keçmiş və indiki rəqibləridir. Mitinqdəki adamlara xoş gəlmək üçün əksini desə də, digər tərəfdən rəqiblərini aradan götürür ki, maneçilik etməsinlər".
F.Sadıxov baş nazirin eks-prezidenti həbs etdirmək iddiasında kimə arxalandığına aydınlıq gətirərkən vurğulayıb ki, bu mövzuda Paşinyanın kimə güvəndiyi hələ onun özünə də məlum deyil: "Paşinyan çabalayır və heç özü də bilmir ki, kimə arxalanır. O, meydanda bəyanatlarla çıxış edirdi ki, münasibətlərə düzəlişlər etməliyik, bu cür inkişaf edə bilmərik. Putinlə görüşündən sonra deyir ki, bizim münasibətlərimiz əladır, dinamikdir. Bu, özü-özlüyündə o deməkdir ki, onun siyasi kursu dəqiq cızılmayıb, gələcəkdə hansı addımlar atacaq - bunu özü də bilmir. Ona görə də belə bir şəraitdə həm Qərbə üz tutur, həm də Rusiyaya loyallığını sübut etməyə çalışır. O, tam mənada Rusiyadan asılı bir ölkəyə rəhbərlik edir. Bütün hərbi-texniki, iqtisadi, enerji və s. məsələlərdə Rusiyanın arxasında dayanır. Mən bundan sonra onların Rusiyanın əhatə dairəsindən çıxa biləcəyini düşünmürəm".
Qeyd edək ki, Ermənistanın xüsusi istintaq xidməti R.Koçaryan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hazırkı sədri Yuri Xaçaturov və digərlərini 2008-ci ilin mart ayında İrəvanda baş vermiş kütləvi qırğın, terror hadisəsinin törədilməsində təqsirli bilir.
R.Koçaryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Ermənistan Xüsusi İstintaq Xidmətinin iyulun 26-da yaydığı məlumatda bildirilib ki, bu maddə üzrə onu 10 ildən 15 ilədək həbs cəzası gözləyir. Şahid qismində Ermənistanın Xüsusi İstintaq Xidmətində ifadə verdikdən sonra R.Koçaryana qarşı ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Rusiyanın məsələyə qarışması ilə şərti azadlığa buraxılıb. R.Koçaryan cinayət işi üzrə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bunu "yeni hakimiyyət tərəfindən təqib" kimi qiymətləndirir.
2008-ci il 1 mart cinayət işi üzrə həmin dövrdə İrəvan hərbi qarnizonuna rəhbərlik etmiş Y.Xaçaturov da iyulun 26-da şahid qismində ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə baş çəkib, oradan müttəhim qismində çıxıb. R.Koçaryan kimi, Y.Xaçaturov da üzərində ittiham qalmaqla şərti azadlıqdadır. Ancaq Koçaryandan fərqli olaraq, Y.Xaçaturovun ölkədən kənara çıxmasına, Moskvaya qayıtmasına icazə verilib. Ermənistan rəhbərliyi Y.Xaçaturovla bağlı bu qərarını Moskvanın iradlarından sonra qəbul edib.
Ceyhun ABASOV