Sentyabrın 11-dən müsəlman dünyasında Məhərrəm ayı başlayıb. Hicri təqvimi ilə Aşura günü isə sentyabrın 20-nə təsadüf edir.
Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Məhərrəmliklə bağlı fətvasında qeyd olunur ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır. QMİ, həmçinin Aşura günü İmam Hüseyn (ə) əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edib.
Qeyd edilib ki, son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl - örnək aksiya din xadimləri tərəfindən təbliğ edilməlidir: "Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Bundan əlavə, din xadimlərimiz öz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri və Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin fədakarlıq nümunəsini də təbliğ etməlidirlər".
Din xadimlərimiz, ziyalılarımız da insanları Məhərrəm ayında, Aşura mərasimində radikal davranışlardan, xurafatdan uzaq durmağa çağırırlar.
"Məşhədi Dadaş" məscidinin imamı, tanınmış din xadimi Hacı Şahin Həsənli də bu məsələ ilə bağlı öz tövsiyələrini verib. O deyib ki, Azərbaycanda Aşura mərasimi sovet dönəmində də geniş şəkildə qeyd edilib. Hətta qadağalara, təpkilərə baxmayaraq, Aşura mərasimləri ölkəmizin bütün bölgələrində keçirilib. Bu günün belə geniş və dünyanın hər yerində qeyd edilməsinin müəyyən səbəbləri var:
"İlk növbədə bu, bizə Peyğəmbər (s) və onun Əhli-Beytinin tövsiyəsidir ki, bu mərasimləri qeyd edin. Niyə məhz Aşura günü? Deyirlər ki, övliyaların hamısı, Peyğəmbər özü, digər imamlar dünyadan köçüb. Çünki Aşura günü tarixdə misli görünməmiş bir faciə baş verib. Aşura günü bütün haqq tərəfdarları ilə nahaq tərəfdarlarının mahiyyəti üzə çıxdı. Haqq öz gözəlliyini, nahaq isə öz eybəcərliyini, çirkinliyini göstərdi. Din tarixinin haqq, nahaq savaşından danışsaq, Kərbəla bunun kulminasiya nöqtəsidir. Bu hadisələr hakimiyyət uğrunda mübarizə deyil. Mərasimlər özü bunu sübut edir. Tarixdə nə qədər hakimiyyət uğrunda mübarizələr olub, onların əksəriyyəti unudulub, amma Kərbəla hadisəsi yaşayır, anılır, çünki bu, bir islahatçı hərəkatdır".
Hacı Şahin Həsənli əlavə edib ki, insanlar öz borclarını sübut etmək üçün məscidlərdə əzadarlıq mərasimlərinə qatılırlar: "Tez-tez sual edilir ki, insan şəhid olursa, qəhrəmanlıq göstərib, həlak olursa, əzadarlıq mərasimlərinə nə ehtiyac var, onsuz da o, cənnətə gedib. Axı bu hadisənin mahiyyətində bir hüzn, qəm var. Bu məsələyə iki prizmadan baxmaq olar. Birincisi, şəhidliklə insan uca zirvəyə qalxır və qəm etməli nəsə yoxdur. Şəhidlik ancaq uğur və müvəffəqiyyətdir. Digər tərəfdən, şəhidlik həm də bir ictimai fenomendir. Toplumda şəhid varsa, deməli, orda zülm var. Azərbaycanda şəhid veririk, deməli, bizim torpağımız işğal edilib və insanlar öz torpaqlarını qorumaq üçün şəhid olurlar.
Şəhidlik zülmün, təcavüzün varlığından xəbər verir. Aşura günü nə baş verib? Haqqı təmsil edən kiçik bir dəstə batil təmsilçiləri tərəfindən zorakılıqla qətlə yetirilib və buna görə də haqq təmsilçiləri sevinə bilməz. Burda əzadarlıq hadisənin ictimai mahiyyəti ilə əlaqədardır. Biz ona görə qəmlənirik ki, bir cəmiyyət nə qədər tənəzzül edib ki, Peyğəmbərdən cəmi 50-60 il sonra onun nəvəsini amansızca qətlə yetirirlər, körpə, südəmər uşaqları öldürürlər, sudan məhrum edirlər, qadınları əsir aparırlar. Peyğəmbər ailəsidir və bunu unutmaq lazım deyil".
Din xadimi vurğulayıb ki, bu, konkret bir məzhəb mənsublarına aid məsələ deyil. Belə düşünənlər tamamilə yanılırlar. İmam Hüseyn bütün İslam dünyası üçün sevilən və hörmətli şəxsiyyətdir.
Hacının sözlərinə görə, Azərbaycanda tarixən məzhəb məsələsi, ixtilaf olmayıb: "Bütün məzhəb təmsilçiləri İmam Hüseyni, Aşuranı yad edirlər. Bu, doğurdan da bizim tarixi nailiyyətimizdir. Burda xurafat yoxdur. İmam Hüseyinə əza saxlamaq Quranın mahiyyətinə zidd deyil. Ağlamağın bütün növləri insanları bədbinliyə aparmır. Qəhrəmanlara saxlanılan yas insanları acizliyə sövq etmir. Bu, insanı eqoizmdə azad edir. Biz o qəmi qınayırıq ki, o, bizim eqomuzdan, mərifətimizdən qaynaqlanır. Məsələn, kiminsə uğuruna qəmlənirsənsə, bu, mənfi qəmdir. Qəm və sevinc başqalarına faydadan qaynaqlanırsa, bu, özü insanı təmizləyir. Əzadarlıq mərasimlərinin gözəlliyi bundadır ki, bütün xalq, çoxsaylı insanlar bir nəfərə öz məhəbbətini ifadə edir. Burda zərrə qədər şəxsi mənafe yoxdur".
Din xadimi Azərbaycanda bu günlər təşkil edilən qanvermə aksiyalarından da danışıb və deyib ki, bu aksiyalar tamamilə Kərbəlanın mahiyyətinə uyğundur: "Qan verməklə digər insanlara həyat bəxş edirsən. Çünki İmam Hüseyn də öz qanını bəşəriyyətə hədiyyə etdi və bu gün İmam Hüseynin qırx mərasimində milyonlarla insan bir manat xərcləmədən Nəcəfdən Kərbalaya yol gedirlər. Həmin insanları yol boyu orda yaşayanlar yeməklə təmin edir, hətta yalvarırlar ki, gəlib bir gün evlərində qonaq qalsınlar. Doğurdan da bu, müasir dünya üçün fenomenal bir hadisədir, yenilikdir. Bu gün dünyada mənfəətə söykənən bir sistem formalaşıb. Amma "başqaları uğrunda fədakarlıq et, başqalarının qəmini öz qəmin say" kimi bütün bu məsələlər çox təqdirəlayiqdir. Burda xurafat yoxdur, lakin əzadarlıq mərasimlərində bəzən xurafata, xoşagəlməz hadisələrə, əməllərə yol verilir .
Bildiyiniz kimi, Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib, orda tövsiyələr irəli sürülüb. Tövsiyələr bundan ibarətdir ki, insanlar İmam Hüseynə əzadarlıq edərkən ifrata yol verməsinlər. Qan çıxarma, baş yarma dinimizə də ziddir. Bəzən İmam Hüseynin şəninə yaraşmayan hərəkətər edilir, soyunub öz bədənini nümayiş etdirmək kimi hallar Kərbəla hadisəsinin mahiyyətinə kölgə salır. Bunlardan uzaq durmaq tövsiyə edilir".
O əlavə edib ki, Azərbaycanda artıq belə hallar demək olar ki, baş vermir: "Bakı şəhərində kiminsə baş yarmasınn şahidi olmamışam. Klassik əzadarlıq forması var, bu, sinə vurmaqla keçirilir. Bu da cəmiyyət tərəfindən normal qəbul edilir.
Ümumiyyətlə, dinimiz əzadarlığın forması haqqında göstəriş vermir, sadəcə bildirilir ki, hər bir xalq öz mədəniyyətinə uyğun şəkildə əzadarlıq, matəm mərasimi keçirir.Bəzən yad, bizə məxsus olmayan əzadarlıq mərasimlərini bura gətirməyə cəhd göstərənlər olur. Bu, Azərbaycan mədəniyyəti, mentaleti ilə uyğunlaşmır. Bizim ənənəvi azadlıq formamız var, ifrata yol verməmək şərtilə bunları davam etdirmək lazımdır.
Mən insanları qanvermə aksiyalarında fəal iştirak etməyə çağırıram. Bu aksiyanın böyük faydası var. Həm Allah yanında savab əməldir, həm də Aşuranın mahiyyəti ilə uyğunluq təşkil edir".
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Hacı Valeh Nəsirov isə hesab edir ki, Aşura insanlığın dirçəlməsi və insanlığın qeyri-insanlıq üzərində qələbəsi, eləcə də təfəkkürün, cahiliyyətin üzərində hakimiyyətidir
Onun sözlərinə görə, qanvermə aksiyalarının keçirilməsi zamanı bir insan qan verərək digərini dirildir: "Qurani-Kərimdə də deyilir ki, kimsə bir nəfəri diriltsə, elə bil bütün dünya aləmi dirildib. Ona görə də bu qanvermə aksiyasında bir insan əgər Kərbəlada, İmam Hüseyn (ə) Aşurasında ola bilmirsə, burada bir müsəlmana, xəstəyə, ehtiyacı olana qan verməklə onun diriltməyində insanlığı diriltmiş olur".
O bildirib ki, ümumiyyətlə qanvermə zamanı insanların öz bədənlərinə xələl yetirməsinə yol vermək olmaz: "Bir insanın ki, bədəni var, əslində, o, bədən onun deyil. O Allahındır. Allahın mülkündə onun icazəsi olmadan bədənə xələl yetirmək o mülkə təcavüz etməkdir. Təbii ki, ağıl da bunu qəbul etmir".
PƏRVANƏ