Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki hazırkı vəziyyətlə bağlı fikirlərini bildirib, bu kontekstdə Ermənistanın yeni rəhbərliyinin sərgilədiyi qeyri-konstruktiv mövqeyə görə iradlarını səsləndirib.
T.Qremingeri Bakıda qəbul edən dövlət başçısı Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi ilk günlərdən həm daxili və həm də xarici siyasətdə ortaya qoyduğu yarıtmaz fəaliyyətinin region üçün doğura biləcəyi acı nəticələrlə bağlı ətraflı şəkildə qonağa məlumat verib, işğalçı ölkə rəhbərliyi və münaqişə ilə məşğul olan dövlətlərə, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsdərlərinə xəbərdarlıq xarakterli mesajlarını çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur: "Xüsusilə, "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək".
Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
Daha sonra xarici işlər naziri Elmar Məmmədyarovla görüşən ATƏT-in baş katibinin diqqətinə çatdırılıb ki, Ermənistan Respublikası ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirir.
E.Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı təşkil etdiyini xatırladaraq Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu nəzərə çatdırıb.
Danışıqlar prosesini pozmaqla məşğul olan Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT Minsk qrupunun həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Azərbaycan bu kimi iddiaları qətiyyətlə rədd edir. ATƏT Ermənistan rəhbərlərinin bu təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir.
Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək. Lakin görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə, Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır.
İnsan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüdətli rəhbərliyi dövründə işğalçı ölkədə vəziyyət daha da gərginləşib, dipolmatik məğlubiyyətlərin sayı isə durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi Paşinyanın hakimiyyətdə olduğu qısa müddətdə əldə etdiyi "nəticələr"dir.
ATƏT bu kimi hallara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, ATƏT-in baş katibi ilə görüşdə prezidentin səsləndirdiyi bütün fikirlər tamamilə Azərbaycanın mövqeyini ifadə edir: "Bu, şübhəsiz ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlər səsləndirdiyi ziddiyyətli və təhlükəli bəyanatlara cavabdır. Yəni Paşinyanın beynəlxalq hüquq tərəfindən Azərbaycanın tanınan ərazilərinin bir hissəsini - Dağlıq Qarabağ torpaqlarını Ermənistana birləşdirmək haqda fikirlər səsəndirir ki, bu, həm də ATƏT-in Minsk qrupunun başlatdığı sülh prosesinin pozulmasıdır. Bu və eyni zamanda, Dağlıq Qarabağda yaradılmış qondarma rejimin danışıqlarda iştirakı ilə bağlı səsləndirilən fikirlər ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesinə ziddir. Heç bir danışıq prosesində, o cümlədən, Madrid prinsipləri və digərlərində Ermənistan tərəfindən bu cür iddialar irəli sürülməyib. Ona görə də, Paşinyanın son bəyanatları danışıqlar prosesini pozmağa hesablanmış cəhd kimi qiymətləndirilməlidir. Təsüdüfi deyil ki, ATƏT baş katibi ilə görüşdə Azərbaycan prezidenti də bu məsələni çıxışında vurğulayıb".
E.Mirzəbəyli hesab edir ki, belə olan halda bütün məsuliyyət Ermənistan rəhbərliyi, o cümlədən, baş nazir Nikol Paşinyanın üzərinə düşür: "Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün müvafqi addımlar atacaq. Şübhəsiz ki, beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri ona xatırlatmalı və işğalçının aqressiv mövqedən çəkilməsi üçün müvafiq addımlar atmalıdır".
Milli Məclisin deputatı Elman Nəsirov isə bildirib ki, ATƏT-in baş katibi Tomas Qremingerin Azərbaycana səfəri bizim üçün onunla əlamətdardır ki, üzləşdiyimiz ən ağır və mürəkkəb problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tənzimləmə prosesini ATƏT-in Minsk qrupu həyata keçirir: "Bu mənada, Prezident İlham Əliyev ATƏT-ə hələ 3 il rəhbərlik edəcək Tomas Qremingerlə görüşdə münaqişənin tənzimlənməsi prosesindəki hazırki vəziyyətlə tanış edib və xüsusilə, Ermənistanın yeni rəhbərliyinin problemin həllində tutduğu qeyri-konstruktiv mövqe ilə bağlı iradlarını bildirib. Ölkə başçısı qeyd edib ki, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi ilk gündən münaişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar verir və bu, bizdə ən azı təəssüf doğurur. Prezident ATƏT-in baş katibinin diqqətinə çatdırıb ki, Ermənistanın yeni rəhərliyi münaqişənin həlli ilə bağlı qəbuledilməz mövqe ortaya qoyub. Bu mövqe Ermənistanın qondarma Dağlıq Qarabağ rejimin münaqişənin tənzimlənməsində təfər kimi iştirak etməsi təklifindən ibarətdir. Bu, qətiyyən qəbul edilə bilməz. Münaiqşənin iki tərəfi var: işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan".
Deputatın sözlərinə görə, dövlət başçısı ATƏT-in baş katibi ilə görüşdə qeyd edib ki, Paşinyan ən son bəyanatında işğal altındakı digər ərazilərin də qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olduğunu deyib. Yəni, o, Ermənistanın baş naziri işğal edilən ətraf rayonları da Dağlıq Qarabağın bir hissəsi hesab edir. Biz bütün bu yanaşmaları rədd edirik. Ermənistanın baş naziri ona görə bu cür qeyri-konstruktiv mövqe ortaya qoyur ki, o, danışıqların davam etməsində yox, pozulmasında maraqlıdır".
Görüşdə Prezident İlham Əliyevin bu gün Ermənistanda müşahidə olunan antidemokratik mühit, insan haqların kütləvi şəkildə pozulması, hakimiyyətin siyasi rəqiblərə qarşı təzyiq və təqibləri, həyata keçirdiyi cəza tədbirləri barədə də danışdığını deyən E.Nəsirov əlavə edib ki, ATƏT baş katibinin Bakıda olduğu vaxtda Ermənistanin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan da Paşinyanın öz siyasi rəqbilərinə qarşı təzyiq, həbs dili ilə danışıdığını dilinə gətirib və eyni zamanda onu da qeyd edib ki, iş o yerə çatıb ki, Ermənistanın milli təhlükəsizlik sistemi də iflic vəziyyətə düşüb. Bu, ölkənin milli təhlükəsizlik xidmətinin rəhbəri ilə xüsusi istintaq xidmətinin rəbərinin telefon danışıqlarının internetdə yayılması bu, dediklərimizi bir daha təsdiq edir".
Deputat vurğulayıb ki, Ermənistanın yeni rəhbərliyinin həm daxili, həm də xarici siyasətinin fiaskoya uğradığı göz qabağındadır.
Ceyhun ABASOV