|
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli fərmanının icrası və ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətlərində aparılan işlər müzakirə olunub.
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən nazir Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq: "Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək".
Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək və bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.
Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması uzun müddət Milli Məclisdə, Nazirlə Kabinetində müzakirə olunmuşdu: "Hər kəs bu məsələnin optimal həlli yollarını axtarırdı. Çünki 1997-ci ilə qədər bu barədə qanun yox idi. 1997-ci ildə hərbi qulluqçuların icbari şəxsi sığortası haqda qərar qəbul edildi. 2006-cı ilə qədər xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə əgər 1100 manat ödənilirdisə, həmin ildən başlayaraq bu məbləğ 11000 manata qaldırıldı. Xidməti vəzifəsini yerinə yetirərkən yaralanan, sağlamlığını bu və digər dərəcədə itirən hərbi qulluqçulara ödənilən sığortanın məbləği də paralel olaraq 2006-cı ildən artırılıb. Lakin 1997-ci ilə qədər şəhid olan hərbi qulluqçuların ailələri bu sosial müavinətdən yararlana bilməmişdi. Dövlət başçısı İlham Əliyev imzaladığı müvafiq fərmanla bu problemə son qoydu".
M.Quliyev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işin icrası istiqamətində lazımi tədbirləri görüb: "Artıq vətəndaşlara bu barədə məlumatlar verilib, zəruri sənədlərin siyashısı hazırlanıb, dəqiqləşmələr aparılıb. Bundan sonra növbəlilik qaydasında şəhid ailələrinə birdəfəlik ödəmələr veriləcək".
Deputatın sözlərinə görə, bütün bunlar Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü, dövlət quruluşunun müdafiəsi uğrunda həlak olmuş hərbi qulluqçularına böyük hörmətinin, onların ailələrinə dövlət qayğısının bir ifadəsidir: "Bu mənada, ölkə prezidentinin müvafiq fərmanı həm böyük sosial-ictimai, həm də mənəvi, vətənpərvərlik baxımından çox böyük əhəmiyyət daşıyır".
Qeyd edək ki, bu ilin aprelin 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmə hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.
Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.
Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edəcək və üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
Fərmanda deyilir ki, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir.
Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.
Ceyhun ABASOV