
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsini endirib. Belə ki, qurumun İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5 faizdən 7.25 faizə, faiz dəhlizinin yuxarı həddi 8.5 faizdən 8.25 faizə endirilib. Faiz dəhlizinin aşağı həddi isə dəyişməyərək 6,25 faiz saxlanılıb. Qeyd edilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.
Mərkəzi Bank uçot dərəcəsini endirməsi kredit faizlərinə necə təsir edəcək?
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyllərin hədəf diapazonu daxilində formalaşması ilə bağlıdır. Təbii ki, makro-iqtisadi stabilliyin qorunması da prioritetdir: "2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəzi Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ildə də eyni yanaşma davam etdirilir. Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi. Çünki makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. Bununla yanaşı, baş bank hələlik faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir. Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi də məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir".
Millət vəkilinin dediyinə görə, AMB faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır: "Bununla baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu, ondan xəbər verir ki, Mərkəzi Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir".
Kreditlərin ucuzlaşması məsələsinə gəldikdə isə V.Bayramov qeyd edib ki, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur: "Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı, kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir. Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar müşahidə olunur. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 9.0 faizlə qəbul edirlər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Depozit faizlərindəki artımlara "Blumberq" platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Amma bankların daha bahalı borclanmasının kredit faizlərini artıracağı istisna deyil. Bu baxımdan, uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsilə kredit faizlərində optimallığın qorunması çox vacibdir".
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bankın faizləri endirəcəyi gözlənilən idi. Ona görə ki, Azərbaycanda inflyasiyanın səngiməsi ilə bağlı rəsmi rəqəmlər açıqlanıb. Bir sözlə, bank faizinin aşağı çəkilməsi inflyasiya göstəricilərinin aşağı düşməsi ilə paralel baş verməliydi. Bank faizlərinin uçot dərəcələrinin bazarda ciddi rol almadığını hələ də müşahidə edirik. Hələ ki uçot dərəcəsinin təsiri aşağıdır.
İnkişaf etmiş ölkələrin mərkəzi bankları, Türkiyə Mərkəzi Bankı və s. qərar verərkən qiymətli kağızlar bazarını, məzənnə siyasətini nəzəra alır: "İnflyasiya basqılarını azaltmağa çalışır. Bizdə isə qiymətli kağızlar bazarı yoxdur, bazar iqtisadiyyatının institutları isə ya yoxdur, ya zəifdir, məzənnə inzibatidir. Ona görə də, Mərkəzi Bankın bütün istəklərinə, müasir iş prinsipləri üzrə fəaliyyət qurmaq cəhdlərinə baxmayaraq, iqtisadiyyatın özündən qaynaqlanan problemlərə görə qərarları ciddi effekt yarada bilmir. Yəni Mərkəzi Bank bu sistemdə nə qədər çalışsa da, təsir mexanizmləri yaratmaqda çətinlik çəkir. Deməli, iqtisadi sistem dəyişməlidir ki, Mərkəzi Bank da dövlət orqanı olaraq həm hökumətə, həm də iqtisadiyyata ciddi təsir mexanizmləri yarada bilsin".
Ekspert əlavə edib ki, ANB günlük, həftəlik kredit və maliyyə bazarlarının, qiymətli kağızlar institutunun yaradılmasına çalışır ki, Azərbaycan bazarında uçot dərəcəsinin daha effektiv təsiri olsun: "Uçot dərəcəsi kredit faizlərinin aşağı çəkilməsində istifadə olunan alətlərdən biridir. Lakin bizdə uçot dərəcəsi aşağı da, yuxarı da olanda kredit faizlərinə o qədər də təsir etmir. Mərkəzi Bankın da yəqin ki, hədəfi uçot dərəcəsi ilə ölkədəki kredit faizləri arasında bağı və təsirləri bərpa etməkdir. Bu baş verərsə, uçot dərəcəsinin, Mərkəzi Bankın atdığı addımların makroiqtisadi göstəricilərə daha çox müsbət təsirlərini görə bilərik".
İqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, bankların aktivlərinin formalaşmasında Mərkəzi Bankın iştirakı zəif olduğu üçün faktiki olaraq uçot dərəcəsinin dəyişməsi kredit faizlərinə təsir göstərmir. Uçot dərəcəsinin 3 faizə qədər düşdüyü və 15 faizə qalxdığı zamanlar olub. Amma bu, kredit faizlərinə ciddi şəkildə təsir etməyib. Mərkəzi Bank uçot dərəcəsi alətini kredit faizlərinə təsir aləti olaraq istifadə etməkdə çətinlik çəkir.
Ekspertin söylədiyinə görə, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması banklar arası bazarda faiz dərəcəsinin qismən aşağı düşməsinə gətirib çıxaracaq: "Qeyd edim ki, kredit faiz dərəcələri hər bir ölkənin iqtisadiyyatının strukturundan və bazarda tələbdən asılı olaraq dəyişə bilir. Uçot dərəcəsi, inflyasiya və bankın mənfəət norması kredit faizlərinə təsir edən məqamlardır. Bankın mənfəət norması da müxtəlif ölkələrdə təxminən 3-5 faiz arasında dəyişir. Buna görə də, inflyasiya göstəricilərindən asılı olaraq kredit faizləri 30 faiz də, 12-13 faiz də ola bilər. Yaxud kredit tələbi məsələsi önəmlidir. Hətta bəzən banklar bazarda tələbin aşağı olmasından dolayı uçot dərəcəsinə çox yaxın şərtlərlə vəsait təklif etmək məcburiyyətində qalır".
Uçot dərəcəsi təbii ki, xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsisilə də qlobal ərzaq bahalaşması gözlənilmir.
Hökumət inflyasiya ilə mübarizə tədbirlərini 2024-cü ildə də prioritet kimi diqqətdə saxlayacağını bəyan edib və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumların bu prosesə cəlb edilib. Beləliklə, ssenariyə uyğun olaraq Mərkəzi Bank 2024-cü ildə antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirəcək. Hazırkı tədqiqlər onu deməyə əsas verir ki, növbəti aylarda inflyasiyanın artma deyil, azalma meylləri baş verəcək, eyni zamanda geosiyasi risklər istisna olmaqla, beynəlxalq mühitdə əmtəə və xidmətlərin sabitliyi fonunda xarici və daxili amillər qiymət bazarındakı tarazlığı saxlayacaq. Məlumdur ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq verilir. Qərarlar qəbul edilərkən ölkədə pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri, maliyyə bazarlarında, o cümlədən, valyuta bazarında gedən proseslər də nəzərə alınır. Bu çərçivəyə əsaslanaraq MB pul siyasətinin qarşıdakı aylarda yumşaldılması üzrə siyasəti davam etdirərək faiz dəhlizinin parametrlərinə yenidən dəyişiklər edə, yəni uçot dərəcəsini bir qədər də aşağı sala bilər.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, uçot dərəcəsinin kredit faizlərinə bir o qədər də təsiri yoxdur. Uçot dərəcəsinin endirilməsi Mərkəzi Bankın inflyasiya təhlükəsi görmədiyindən və əksinə, ölkədə iqtisadi aktivliyi canlandırmaq istədiyindən xəbər verir: "Banklar Mərkəzi Bankdan ucuz kredit götürür və vətəndaşlara kreditlər verirlər. Ona görə də faiz endiriləndə uyğun olaraq kredit faizləri də düşməlidir. Çünki bu halda pul həcmi arta bilir və Mərkəzi Bank inflyasiyanın olmasından qorxmur. Yəni nəzəriyyədə bu, belədir. Lakin təcrübədə belə olmur. Bizdə Mərkəzi Bankdan kredit götürmək elə də asan deyil. Əksər banklar, ümumiyyətlə, MB-dən kredit götürə bilmir. Bu səbəbdən də faizin enib-qalxması onlar üçün heç nəyi dəyişmir". Ə.Həsənov əlavə edib ki, Azərbaycanda qiymətlər daha çox idxal malları ilə həll olunur: "Biz malların çoxunu xaricdən gətirdiyimiz üçün Mərkəzi Bankın uçot dərəcəsi qiymətlərə təsir etmir".
Sevinc QARAYEVA



