Soltanbud təpəsi...Hamımızın az qala gündə yüzdə dəfə yanından keçdiyi, bəlkə də diqqət yetirmədiyi 90 metrlik yüksəklik o gün möhtəşəm görünürdü. Son illər köksündə Azərbaycan bayrağını daşıyan meydana çevrilmiş, ətrafı xeyli dəyişmişdi Soltanbudun. Gözəl park və xiyaban salınmış, əhalinin mədəni istirahəti üçün lazım olan nə varsa artıq burda tapmaq olar. Üzərində gəzdirdiyi 45 metrlik bayrağın səsi, soragı, həm də görüntüsü işğal altında olan torpaqlarımızdan da aydın görünür...
O gün daha əzəmətliydi Soltanbud. Sanki düşmənə qıcıq verib öz varlığını bir daha sübut etməyə çalışırdı...
Ağdam RİH baçşısı Nizami Sadıqovun dəvəti ilə ilk dəfəydi ki, doğma Quzanlı qəsəbəsində keçiriləcək yürüşə məndə qatılacaqdım...
8:30
Hamı, əli, ayağı yer tutan hər bir ağdamlı, təhsil şöbəsinin inzibati binasının yanına yığışırdı. İyirmi dəqiqə ərzində uzun illər görmədiyim sinif yoldaşlarımla, dərs dediyim şagirdlərlə və digər həmyerlilərimlə görüşdüm...
Bir anlıq xatirələrim məni 80-ci illərə Ağdamın qızıl dövrünə apardı. Hörmətli ziyalımız Sadıq Murtuzayevin rəhbərlik etdiyi dövrə. Şəhər sanki qaynar qazana bənzəyirdi o illər. Yerindən duran ya oxumağa, ya da alverə qaçardı. Ərzağın Bakıda talonla satıldığı bir vaxtda, şəhər heç nədən korluq çəkmirdi. Bu gün villa və “osobnyak” dediyimiz nəhəng qəsrlər-evlər Ağdamda o vaxtı artıq tikilmişdi. Hamıda bir fikir var idi. Əla yaşamaq, əla oxumaq, əla geyinmək və əla istirahət etmək. Kiməsə “quyu qazmaq” heç bir ağdamlının ağlına belə gəlməzdi. Əgər belə hal olardısa, demək o şəxs köklü ağdamlı deyildi. Söz deyilməliydisə, o məqamında deyilərdi..
Dünyanın bütün yaxşıları yox, ancaq əlaları şəhərdə ya olmalı, ya da satılmalı idi...
Hər görüşdüyüm şəxslə Ağdama gedəsi oldum. Şəhərin qızıl dövrünü sanki bir göz qırpımında yaşadım...
9:00
Çullu kəndinə dönən yerdə yenicə istifadəyə verilmiş Ağdam təhsil şöbəsinin inzibati binasının yanında addım atmağa yer yox idi. İynə atsan bəlkə də yerə düşməzdi. Gələnlərin ardı-arası kəsilmirdi. Hamı elə bil əmr gözləyirdi. Sıravisi, vəzifəsi olmayan, ahıl yaşında olandan tutmuş vəzifəli şəxslərə kimi, hamı yaranmış fasilədə Ağdamdan danışır, ağdamlı günlərə qayıdır və həyata ümidlə baxmağa çalışırdılar. Toplaşanlar iyirmi il ərzində ilk dəfə idi ki, ağdamlıları bir araya toplamağı bacaran icra başçısı Nizami Sadıqovun rayonda gördüyü işlərdən də danışırdı. Həm- söhbət olduğum şəxslər iyirmi ilin yalnız son iki ilini Ağdamın dirçəliş dövrü hesab etdiklərini dilə gətirdilər. Ziyalılar bu yürüşün gənc nəslin təlim-tərbiyəsinə verəcəyi faydadan danışır. Bəziləri yürüşdə az adam ola biləcəyindən ehtiyatlanır. Hətta üç kilometrlik yolu necə qət edə biləcəklərindən danışanlar da tapılırdı. Amma ağdamlı olmaq sonda yenə özünü göstərdi. Hər şey anındaca dəyişdi. Bir saat ərzində on mindən artıq adam toplaşdı magistral yola. İki saat ərzində yol bağlanası oldu. Quzanlıya toplaşan ağdamlılar hərəkətə keçdilər. Bu dəfə Soltanbuda doğru...
10:00
Yürüşə start verilir. Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov və rayon rəsmiləri, o cümlədən qonaqlar və ağdamlılar hərəkətə gəlir. Qonaqlar arasında Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynov diqqətimi çəkir. Bayaqdan on min nəfərin iştirak etdiyini düşündüyüm halda iyirmi mindən artıq adamın yürüşdə iştirak etdiyinin şahidi oluram. Üç kilometrlik yol adamla dolu idi. Hamı qürurla, şəstlə addımlayır. Elə bil Ağdama qayıdacağımız gün üçün hazırlıq keçirdi. Otuz beş dəqiqəyə Soltanbuda çatırıq. Amma bu otuz beş dəqiqənin necə keçdiyini belə heç kim hiss etmir.
10:35
Ağdam RİH başçısı Nizami Sadıqov çıxış edir: “Öz yaşadığı rayonun, uşaqlıq xatirələri ilə dolu olan doğma kəndinin, şəhərinin işğal gününü yad etmək, xatırlamaq Vətənini sevən hər bir insan üçün olduqca ağırdır. Bugünkü gün bizim həyatımızda həmişə acı bir xatirə kimi qalacaqdır”...
İcra başçısının kövrək notlara köklənmiş çıxışı hamının diqqətini çəkir..
Mən isə artıq Ağdamda idim. Quzanlıdan saat 8-də yola düzələn avtobusla bir saata şəhərdə idim. Bir nomrəlinin yanından keçib iti addımlarla “Tagı”nın kitab mağazasına daxil oluram. Ensiklopediyanın növbəti nəşrini soruşuram. Bir neçə yeni kitabı vərəqləyib “Lenin bagı” ilə “Ziya” kitab mağazasına, ordan da “Lenin yolu” qəzetinin redaksiyasına dəyirəm...
12:00
1964-cü ildə istifadəyə verilmiş və yalnız 2010-cu ildə əsaslı şəkildə təmir edilmiş, hazırda Ağdam Dram Teatrının ixtiyarında olan, Mədəniyyət evinin qarşısında keçirilən kitab və rəsm sərgisindəyik. Sərgidən sonra Mədəniyyət evində “Ağdam-Qafqaz Xirosimasi” fiminə və musiqi kollektivlərinin iştirakı ilə yüksək peşəkarlıqla hazırlanan “Salamat qal ana” və “ O gürünən bizim kəndimizdir” musiqi nömrəsi nümayiş olunur...
Tədbirin sonunda söz alan icra başçısı Nizami Sadıqovun “Böyük Ağdamın bizə əmanəti olan AGDAMLILIQ ilk növbədə hər birimizin çalışdığı sahədə Vətəninə vicdanla xidmət etmək, dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirmək və BÖYÜK AĞDAMI sonsuz məhəbbətlə sevməkdir” deməsi isə günün zirvə nöqtəsi olur...
O gün, hamı kimi məndə də Ağdama qayıdacağımız günün heç də uzaqda olmadığına inamımı bir xeyli artırdı...
Beləliklə, Böyük Ağdama yol Soltanbuddan başlandı...