Oktyabrın 16-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyində Bakının 15 sentyabr 1918-ci ildə daşnak-bolşevik işğalından qurtuluşunun 100 illiyinə həsr olunmuş “Vətənpərvərlik etüdləri” rəsm sərgisi keçirilib.
Sərgi gənc rəssamların iki dövlətin dostluq və qardaşlıq tarixinin ən parlaq məqamlarına, iki ölkənin ortaq tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, qəhrəmanlarına həsr edilmiş əsərlərindən təşkil olunub. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMB) və Azərbaycan Rəssamlar İttifaqının sıx əməkdaşlığının nəticəsi olan sərgidə sözgedən mövzuda yaradılmış onlarla maraqlı rəsm əsəri nümayiş etdirilib.
Səfirliyin rəmzi "Nuru Paşa" salonunda keçirilən açılış mərasimində Türkiyə səfiri Erkan Özoral, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, TOHGMB sədri Emin Həsənli, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov çıxış edərək sərginin, burada nümayiş olunan əsərlərin önəmindən danışıblar.
Çıxışlarda yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusunun dəstəyilə azad edilməsinin tarixi əhəmiyyəti vurğulanıb. Natiqlər Azərbaycan-Türkiyə dostluq və qardaşlıq tarixini əks etdirən rəsmlərin bu mövzunun yaddaşlara köçməsində, xüsusən gənc nəsilə aşılanmasında dəyərli rol oynadığı qeyd edilib.
Çıxışlardan sonra sərgiylə tanışlıq başlanıb. Mərasimə qatılan ziyalılar, sənət adamları, ehtiyatda olan hərbçilər, media nümayəndələri sərgidəki əsərlərə baxıb, fikirlərini bölüşüblər.
Sonda əsərlərin seçimində və sərginin təşkilində xüsusi əməyi olan Aytən və Elnurə İsgəndərovalara, həmçinin, sərgi iştirakçılarından bir qrupuna fəxri fərmanlar, xatirə hədiyyələri təqdim edilib.